Arzu Hüseyn : - Bu gecə mənim…
Axır bədənindən tər narın-narın,
Xumar gözlərində hələ duman var,
Məni dəli edən bal dodaqları,
Neçə xəyal edən, neçə uman var,
Amma sən mənimsən, eləcə mənim,
Bu gecə mənim.
Rəqs edir kölgəmiz divarda həzin,
Əllərim saçında ilişən daraq.
Səsimlə unison gəlir nəfəsin,
Səni sevənlərin gözündən iraq,
Nə yaxşı mənimsən, eləcə mənim,
Bu gecə mənim.
Yumulub gözləri pəncərələrin,
Küçənin üzünə çəkib pərdəsin.
Sən məndə dərinsən,mən səndə dərin,
Suss kimsə duymasın, kimsə bilməsin,
Ki, təkcə mənimsən, eləcə mənim,
Bu gecə mənim.
Öpüşlər vəhşidir canavar kimi,
Yanıb, alışırıq ömrün bu çağı,
Üzadır üzümə “ağac əlini”-
Saçların ağlayan söyüd budağı,
Mənimsən, mənimsən, eləcə mənim,
Bu gecə mənim…