Arzu Əsəd : - Tarix oyanır

Ədəbiyyat 09:53 / 08.12.2022 Baxış sayı: 1254

 

 

Açır gözlərini div yuxusundan,

Qorxu, ümid yağır hər toxusundan,

Varlığını saran qan qoxusundan

Diksinir, çırpınır, həyəcanlanır,

Tarix oyanır.

 

Dirçəlir, doğrulur yıxıla-qalxa,

Çırpılır bu günə dalğa və dalğa,

İçində boğduğu keçmiş - qasırğa

Köpürür, daşırır, qalxır, şahlanır,

Tarix oyanır.

 

Qopur fırtınalar, qopur dərindən,

Oynayır minillik dağlar yerindən,

Prometey dartınır zəncirlərindən -

Vulkanlar, atəşlər sarır dünyanı,

Tarix oyanır.

 

Sarsılır varlığın özü, təməli,

Yüksələn alçalır, enən yüksəlir,

Zaman səhnəsinə Postinsan gəlir,

Bitdi, bitir derkən, yenə uzanır,

Tarix oyanır.

 

Ruhun boşluğunda ölüm zəfəri -

Əzan sədaları, kilsə zəngləri,

Qovulmuş şeytanın qəhqəhələri

Qəlblərdən qəlblərə dəyir, çınlanır,

Tarix oyanır.

 

Kabuslar sıxlaşır həmin o fonda,

Son döyüş - son lənət Armaqedonda.

Onda bilinəcək, sonda, ən sonda

Kİm qalır, kim batır, kim havalanır,

Tarix oyanır.

Hələ söz onların, hökm onların -

Dünyaya kin qusub, zor yayanların...

Tanrını məhşərə zorlayanların

Özləri məhşərdə bir-bir zorlanır,

Tarix oyanır.

 

Tutulur nəfəsi göyün-yerin də,

Gərilmiş sinirlər - son hədlərində,

Allaha tuşlanan raketlərin də

Detonatorları qızarır-yanır,

Tarix oyanır.

Arınır, durulur fetrət çağından,

Bu məchul gedişdən, kirli axından,

Hiperreallığın qaranlığından

İşarır, bir tutqun nura boyanır,

Tarix oyanır.

 

Qayıdır özünə türk oğulları,

Uçurur sədləri, açır yolları.

Bəşərin minillik idealları

Yenidən qəlblərdə doğur, canlanır,

Tarix oyanır.

 

Çatır bir düzənin, bir əhdin sonu,

Dəyişir şərtləri böyük oyunun,

Çıxır zülmətindən Ərgənəkonun

Saçılır, üfüqdən Turan boylanır,

Tarix oyanır.

 

İndi doğ, indi saç, ey parlaq xəyal,

Çırpın, Haqqa tapın, Tanrıya ucal!

Yenə bu millətin ürəyinə sal

Əsrlərə daşan o həyəcanı,

Tarix oyanır!