Arzu Əsəd : -  DÜŞÜNDÜRÜCÜ  TƏKLİF

YAZARLAR 19:59 / 16.03.2023 Baxış sayı: 1525

Hələ universitetdə oxuduğum illərdə müasir poeziyamızda dünya ədəbiyyatından bəhrələnmələr, mənimsəmələr və plagiat mövzusunda bir əsər yazmaq istəyirdim.Bu istiqamətdə bir çox nümunələr toplamışdım. İndiyə qədər bu işlə ara-sıra məşğul oluram, çap olunsa qalın bir kitab alınar.60-90-cı illərdə bu mənimsəmə və plagiat daha çox rus ədəbiyyatından idisə, müstəqillik illərimizdə türk və dünya ədəbiyyatı üstünlük təşkil edir.İndiyə qədər bu əsəri çap etdirməkdə mənə mane olan bir gün Nizaminin əsərlərində sətri tərcümədən oxuduğum bir misra oldu; "Başqalarının eybinə güzgülük etmə"

.Mən bunu bir əxlaq məsələsi hesab edirdim və indi də o düşüncədəyəm. Lakin bu son onilliklərdə ədəbiyyatımızda elə proseslər gedir ki, artıq buna qarşı durmamaq özü bir mənəviyyatsızlıq olar.Gənc nəslin içində istedadlı insanlar çoxdur və onlar namusla ədəbiyyata xidmət edirlər.Lakin oğurluq tendensiyası da çox güclənib.Hər bir milli ədəbiyyatın inkişafı üçün dilin sərhədləri zorlanmalı,genişlənməlidir.Bunun bir yolu da çağdaş xarici ədəbiyyatdan bəhrələnmə,yaradıcı mənimsəmədir.Postmodernizmin küçə qolu plagiatı da legitim sayır, lakin bu ciddi ədəbiyyat tərəfindən qəbul edilmir.

Ciddi təhlil yaradıcı mənimsəmə ilə plagiat arasında fərq qoyur. Qeyd etdiyim kimi son onilliklərdə ədəbiyyatımızda pıtraq kimi, alaq otu kimi yayılmış plagiat ədəbi zəmini nəfəs almağa qoymur.Bu yabanı "dahi" istedadların bir özəlliyi də odur ki,onlar da təbiətdə olduğu kimi parazit bitkilər sayağı sarmaşmağa, toplaşmağa, qruplaşmağa meyllidirlər.Onlar kökləri dərin olmadıqlarına görə belə birgə şəkildə başqa orqanizmlərə sarılaraq qidalanmalı və bir-birlərini tutmalıdırlar.Onlar aqressiv olurlar, başqa fərdlərə və qruplara qarşı qısqanc olurlar, ifadə və ibarələri tikanlı, zəhərli olur.

Əslində bu onların özlərini müdafiə vasitələridir. Xain xoflu olur. Hücum ən yaxşı müdafiədir prinsipi ilə klassiklərimizə, müasir görkəmli sənətkarlarımıza hücum edirlər. Sosial şəbəkə bu baxımdan əlverişli vasitəyə çevrilir. Mən yuxarıda haqqında danışdığım plagiat barəsindəki kitabı çap etdirəcəm. Eyni zamanda hesab edirəm ki, bir güllə bahar olmaz.Bu gün AYB-də, AMEA-nın ədəbiyyat institutunda, eləcə də sərbəst şəkildə bu istiqamətdə yaradıcı elmi -təhqiqat istiqamətləri təşkil edilməlidir.Mən bəzən ədəbiyyat aləmindəki dostlarla (onların arasında gənclər də çoxdur) söhbət edəndə belə plagiat nümunələr haqqında danışdıqda onların hər biri də başqa nümunələr misal gətirirlər.

Niyə bu işə ədəbi kollektiv olaraq qoşulmayaq?

Niyə bu barədə elmi mübahisələr getməsin?

Nəticədə heç kim heç kimə nəyisə yazmaq qadağası qoymayacaq və qoya da bilməz.Lakin ədəbiyyat durulacaq, meyarlar aydınlaşacaq, bu mənfur qrupbazlıqdan azad olacaq, yalançı peyğəmbərlər əriyib yoxa çıxacaq, istedadlı yazıçı və alimlərimiz xoca, mürşid, şeyx, quru olmaq kimi düşük görkəmlər almayacaq, ədəbi sektantizm aradan qalxacaq, nəsillər arasındakı rabitə bağları bərpa olunacaq. Ən başlıcası isə dünyanın bəlkə də ən məhrəm, ən müqəddəs işi olan, insanın, insanlığın mahiyyəti, mənəviyyatı, fərdiyyəti ilə kökündən bağlı olan obraz yaradıcılığı işi plagiat vasitəsilə bu qədər adiləşdirilib, mexanikiləşdirilməməli, sənətin meyarları kirləndirilməməlidir.