Aqil Abbas şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı spikerə müraciət etdi

Gündəm 13:45 / 30.09.2022 Baxış sayı: 1759

Deputat Aqil Abbas Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər barədə danışarkən şəhid Səbuhi Əhmədovdan, onun qardaşından danışdı. “Səbuhinin tək qardaşı qalıb, nə ata var. Qardaşına deyirlər ki, sənə şəhid ailəsi statusu düşmür. Bunun var-yox bir qardaşı var. Nə qanundur bu? Necə yəni şəhid statusu düşmür? Deyirlər ki, qanun yol vermir. Qanunun böyründən keçmək də olar, bir nəfər üçün. Səbuhinin qardaşına bir otaqlı ev təklif ediblər, deyirlər qanun sənə iki otaq verməyə imkan vermir. Bu, şəhidin yeganə varisidir. Ona iki otaq vermək böyük bir işdirmi? Hansısa mətbuat çıxarıb ki, guya mən demişəm, dövlətin birotaqlıya gücü çatıb, onu verib. Deputatları söydürmək üçün trol sürüsü bunu ortaya atıb”.

A.Abbas spikerə müraciət etdi: “Sizdən xahiş edirəm, parlament sədri kimi müraciət edin, diqqəti artırsınlar, qardaşına şəhid ailəsi statusu versinlər, ikiotaqlı ev versinlər”.

Deputat qazi adı altında spekulyasiyalara yol verilməsi barədə səslənən fikrə də reaksiya verdi: “Bir qazi iki ildən sonra gedib qapı sındırdı, dərhal onun şikayətinə baxıldı. Ola bilməzdimi ki, o qapı qırmadan həll olunaydı və başqası da düşünməzdi ki, mən də gedim qapı qırım, ya intihara əl atım, mənim də məsələmi həll etsinlər?”

A.Abbas dedi ki, adətən, icra başçılarına müraciət edilir, amma başçıların maliyyə imkanları yoxdur hər kəsə kömək etsin: “Deputatlardan da çox icra başçıları söyülür”.

Deputat şəhid adlarının əbədiləşdirilməsinə də toxundu: “Gəncədən gəlirəm, iki km şəhidlər xiyabanıdır. Tovuzda da elədir, Qazaxda da. Hindarxda 44 şəhid, iki məktəb var. Bu məsələlərə də həssas yanaşılmalıdır”. /Musavat.com/