"ALLAHIN BİR  SÖZÜ  İTİB ,   ŞAİR O SÖZÜ AXTARIR"

MÜSAHİBƏ 10:48 / 30.11.2023 Baxış sayı: 2251

 

Gözlənilən müsahibə... "Ulduz"un noyabr-dekabr üçün ustad Barat Vüsalla söhbətləşdik... Vallah, belə müsahibələr sözdən qənimətdi, zamanında oxuyun... 

“Bu müsahibə illər öncə baş tutmalıydı, indiyə qismətmiş...” – deyə sözə başlamaq istəyirəm, fəqət ani və insani bir düşüncə fik­rimdən döndərir məni. Gözlə görünən gerçəkdən, gözlə görünməyən həqiqətə doğru dönürəm. Əslində, onunla bizim söhbətimiz ustad-şagird qismində iyirmi ildən çoxdur davam edir. Bu, sadəcə, illərin ruh və könül söhbətinin müxtəsər yazı həllidi. Bəli, həmsöhbətim şair, publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Bir­liyinin Qazax zona filialının sədri, ustadım Barat Vüsaldır.

Barat müəllim haqqında onun öz sözləri ilə yazıram, daha doğrusu, ustadın öz şagirdinə əmanət etdiyi halal və həqiqi sözlərlə. O üzdən, əminəm ki, bu sətirlər ustada da doğmadı, mənə də. Həqiqi söz demişkən, ustad üçün bu dünyada hər şey nisbi və fanidi. Onunçün gerçək Tanrıdı, qələmdi və sözdü. Tanrıya da sadiqdi, qələmə də, sözə də. Yaxşı tanıyıram onu, bircə kəlmə də yanılmaram... Axı qələmi tanıyan gündən tanıyıram Barat müəllimi. Ürəyimin şeirdən nəm çəkdiyi dönəmlərdən, sözə göz açdığım zamanlardan danışıram sizə. Yeri gəlmişkən, sözümün Tanrı lütfüylə cücərən qanadlarını də o kəşf edib. İlk başda qanadlarıma gü­vənib sözün əngin səmalarında qanad gər­məmişəm, ustadın inamına tutunub pərvazlanmışam. Bir də baxmışam ki, bu inam qanadlarımqarışıq məni ucalara daşıyır. Bu inam bu gün də qütb ulduzuna, mayaka çevrilib şair ruhumu könül çəkən ünvanlara doğru aparmaqdadır. Elə qələmim də ustad sözünün simurq qanadlarından miras qalıb mənə. Hər çətinliyə düşəndə bu lələk misalı qələmə sarılıram. Köməyimə yenə də ustad sözünün simurq qanadları çatır. Qələmi həm də buna görə gözlərimin, başımın, qanad­larımın üstə tutmuşam hər zaman. Tək ustad deyil mənimçün, həm də ustad şairdi. Onun şeir düşüncəsinin ən dərin qatlarını seyr etmək göz qaraltmır, üz ağardır. Baş döndərən, ruh dindirən şeirləri düşüncənin ucu-bucağı görünməyən sərhədlərini aşır, dünyaları dolaşdırıb özünə qaytarır adamı. Eynən mənim ustad sözünə dönüşüm kimi.

Müsahibə üçün Bakıdan Qazaxa gedərkən düşüncəliydim. Düşünürdüm ki, illər öncə Bakıya Barat müəllimdən əxz elədiklərimlə gəlmişdim, suallarıma cavab tapıb gəlmişdim. İndi nə ilə qayıdıram onun yanına? Suallamı, sevgiyləmi, sayğıylamı?.. Sevgi və sayğı öz yerində, ürəkdədi, ürək də öz yerindədi. Deyəsən, yenə suallarla qayıdıram, ustaddan cavab almağa gedirəm. Müsahibə bir bəhanədi...

– Salam, Barat müəllim, salam, ustad... Bir şeirinizdə “Salam sözü nələr çəkir, mən bilirəm” – demisiniz. Salam sözü, ümumiyyətlə, söz nələr çəkir?

– Əslində, bu sualı bu cür də vermək olar, şair nələr çəkir? Şair nələr çəkirsə, hansı yükü öz çiyinlərində daşıyırsa, söz də o yükü daşıyır. Salam sözünə gəlincə, bilməmiş olmazsan, cənnətlik adamlar bir-birinə salamla müraciət edirlər. Nə gözəldi, deyilmi, cənnətlə müjdələnənləri həm də salam sözü gözləyir. Salam sözünün məzmununda sağlıq, sağlamlıq, əbədiyyət sözü ehtiva edilməmiş deyil. O üzdən salam bu dünyada da yaşayır, o biri dünyada da. Bu dünyada hansı missiyanı daışıyırsa, o biri dünyada da eyni məqama qulluq edir. Bu dünyada nə çəkirsə, o biri dünyada da onu çəkir. Bəlkə də, bir şairin bütün yaradıcılığını bir sözlə ifadə eləsək, “Salam” sözü kifayət edər. Hamımız bu dünyaya salam verməyə gəlmişik. Bir şeirimdə dediyim kimi:

“Yer üzünə haqqın, göylərin üzündən

Salamımı yetirməyə gəlmişəm.

Bölüşdürüb günahını Adəmin

İlim-ilim itirməyə gəlmişəm.

Torpağına, havasına vurulub,

Torpağıyla, havasıyla bir olub,

Bir kasıbın komasına burulub

Öz köksümü ötürməyə gəlmişəm.

Adam bilib adamlara qarışdım,

Adamlarla mən də küsdüm, barışdım.

Yollar çoxdu, yol hardandı?-soruşdum,

Bu sualı bitirməyə gəlmişəm.

Adam var ki, bayaq gəlib dünyaya,

Adam deyil, ayaq gəlib dünyaya,

Qəlbim məndən qabaq gəlib dünyaya,

Ayaq altdan götürməyə gəlmişəm.

Son misradakı fikrə özüm qədər ina­nıram. Həqiqətən, şair dünyaya gələndə görür ki, qəlbi özündən qabaq gəlib dünyaya və ayaqlar altında çabalayır. Şairin missiyası qəlb, könül deyilən bir məfhumu ayaqlar altından götürüb öz yerinə, köksünə qaldırmaqdan ibarətdi.

– Bütün çıxış və müsahibələrinizdə dönə-dönə vurğulamısınız ki, qarşıma Hüseyn Arif, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, İsa Muğanna, Məmməd İsmayıl və adını çəkmədiyim neçə-neçə uğurlu adamlar çıxıb. Bu uğurlu adamların qayğısından pərvazlanıb söz dün­yasının ən­gin səmalarına ucaldınız. Özünüzün də dediyiniz kimi, göy adamına çevrildiniz. Şair dünyaya göylərdən baxanda əzəmətli olur, ya yerdən göylərin Tanrı ucalığına könül verəndə?

– Yerlərdən Tanrı ucalığına könül verəndə əzmətli olur şair. Həzrət Əlidən soruşurlar ki, niyə görünmürsən? Deyir, mən yerlərdən çox göylərdə oluram. Göylərə çəkilmək cismani deyil, ruhani məqamdı. Şair göylərdə olmursa, yer üzündə gəzməyi də haqq etmir. Demək, o şair dünyaya nahaqdan gəlib. Əslində, yer üzü də göylərin torpağın üzərinə düşən kölgəsidi.

Yerdən göylərin Tanrı ucalığına könül vermək, Tanrı dərgahını ruhən, xəyalən seyrə çıxmaq də ali məqamdı. Bu məqama çatmaq üçün əvvəlcə gərək sözün halallığını alasan. Fikrimi belə izah edim da, deyirlər, dibindən çay axan bir ağac varmış. Dibindən sular axsa da, ağac susuzluqdan ölürmüş. Biz şairlər də beləyik. Ayaqlarımızın altından sular axa-axa, gözlərimiz axar sulara baxa-baxa azmı susuzluqdan ölmüşük?

İnsanlar hər zaman dirilik suyunu axtarıblar. Hansı ki, Makdeoniyalı İsgəndər onu tapa bilməyib, Səməd Vurğun “Bulaq əfsanəsi” poemasında bu sudan bəhs edib. Ancaq o suyun yeri hələ də heç kimə bəlli deyil. Hətta bir meksikalı səyyah 600 nəfərlik bir heyətlə onun axtarışına çıxıb. Axırda heyət üzvləri tamah ucbatından bir-birini qırıb-çatıb. Və həmin heyətdən cəmi beş nəfər geriyə sağ qayıda bilib. Əfsanəyə görə, o suyu təkcə Xızır peyğəmbər tapıb içib. Deyirlər, bu suyu bir də şairlər tapırlar. Ancaq şairlər dirilik suyunu içmirlər, onu sözə çevirirlər. İndi həmin dirilik suyundan törəyən sözü, məncə, hər adam deyə bilmir. “Başqa cürə olammaram, sözlə düz-çörək kəsmişəm...” – demişdim şeirlərimin birində. Bəli, sözlə köhnə dost-tanış kimi halal çörək kəsməyi bacaranlar deyə bilirlər onu. Sözlə kəsilmiş çörək, böyük dostla – Yaradanla əbədi dostluq naminə kəsilmiş çörəkdi. Ona olan inama, imana, sevgiyə xatir kəsilmiş düz-çörəkdi. Mən sözlə kəsilmiş çörəyin dadını, tamını hər şeir yazanda hiss edirəm. İstəyirəm ki, bu dadı, tamı şeirlərimi oxuyanlar da duysunlar.

– Allaha qəribə bir inam və bağlılığınız var. Hətta bu fərqli inam və bağlılıq mənə də sirayət edib. Yaradanı özünüzə məxsus sevirsiniz, onu heç kimin zikr etmədiyi kimi zikr edirsiniz. Abidliyiniz və ibadətiniz belə fərqlidi. Məhəmməd peyğəmbər düşünməyi ən ali ibadət hesab edirdi. Fərqli inam və sevgi düşüncədən, daha doğrusu, şair düşüncəsindənmi irəli gəlir? Bəlkə, şairin abidlik və ibadətinin fərqli olması belə qanunauyğunluqdu?

– Allaha ibadət eləmək, Yaradana könül vermək təkcə dini qayda-qanunlar üzərində qurulmayıb ki. Elmli olmaq da, elmlə məşğul olmaq da ibadət sayılır. Hətta bir alimin üzünə baxmaq belə Tanrını zikr etməkdi. Amma burda incə bir məqam var, ibadət yalnız Allaha, səcdə isə həm Allaha, həm də insana yönəlikdi.

“Eşq əlində deyilsə, Əllərdədir yaxam, bil. Harda könül yoxdusa, Həmin yerdə yoxam, bil” yazmışam şeirlərimin birində. Mən könül olan yerdəyəm, mən Allah olan könüllərdəyəm.

Hərdən nə üçün şeir yazıram deyə, özümü sorğu-sual edirəm. Cavabı ilahi misralarda tapıram. Deyirəm ki:

Bir müqəddəs yazı itib,

Tapan gərək, izi itib,

Allahın bir sözü itib,

Şair o sözü axtarır.

Şair ömür boyu ürəyi istəyənləri, ürəyindən keçənləri yazır. Fəqət şairin əsas missiyası özünün demək istədiyi sözü yox, məhz Tanrının istədiyi bircə sözü tapıb yazmaqdı. Tanrı da şairdən köhnə söz istəmir, təzə söz istəyir. Təzə söz uğrunda şairin düşüncə mücadiləsi də ibadət sayıl­malıdı. Təzə söz demiş şair də mömin he­sab edilməlidi.

Oljas Süleymenovun “Min bir söz” əsərində maraqlı bir fikir var, deyir, şair min bir söz deyir, fəqət təzə söz min birinci sözdür. Bəli, həmin min birinci sözü tapmaq üçün min söz deməlisən, min sözlük ilahi sınaqdan keçməlisən.

Şairin yeni söz demək istəyi ən ali məqama çatmaq, dirilik suyu arzulamaq ki­mi bir şeydi. Təsəvvür elə, “Xəmsə”ni ya­ratmış Nizami Gəncəvi “Nizami, bir-iki bakir söz yarat” – deyirdi. Paralel olaraq deyilmiş sözü “dul” adlandırırdı.

Bu yaşımda bu kimi şeylər haqda çox düşünürəm. Belə düşüncələrin nəhayətində yenə şeir nəticəyə gəlirəm, anlayıram ki: “Bu qoca Baratla şeir yazıram O uşaq Baratı qorumaq üçün”. Misal üçün, mən bu misraları özüm üçün ən təzə hesab edirəm. Çünki bu misralar təkcə oxucularımı deyil, özümü də düşündürüb qayğılandırır. Mənə doğma biri kimi deyir ki, qocaldığın qədər də uşaqlaşmısan. Ona görə də qətiyyətlə deyirəm ki, mən sözün uşağıyam, mən uşağın sözüyəm. Yəqin, heç kim buna etiraz eləməz. Öz içindəki uşağı qorumadan böyük sənətkar olmağın mümkünsüzlüyünü Tolstoydan bəri bütün dahilər də təsdiqləyib.

Və unutmaq lazım deyil ki, təkcə özü­müzü deyil, sözümüzü də böyüklərimiz, valideynlərimiz böyüdüb. “Niyə mail olmayım, Sözə dair olmayım, Necə şair olmayım, Sözü nənəm böyüdüb”. Heç yadım­dan çıxmaz, uşaq vaxtı birnəfəsə xeyli yer bel­ləmişdim. İşi qurtaranda nənəm dedi: “Sən mənim qara kotanımsan”. Sonralar özümçün yəqin etdim ki, mən təkcə şair deyiləm, elə nənəmin qara kotanıyam.

– Az öncə xatırlatdığınız o misra diqqətimi çəkdi: “Bir müqəddəs yazı itib,Tapan gərək, izi itib. Allahın bir sözü itib, Şair o sözü axtarır...” Və düşüncəmdə belə bir sual doğuldu, şair o itən sözü tapıb Tanrıya qaytara bildimi? Bəlkə, həmin söz şairin özüdü? Bəlkə, o söz kamilliyə ucalan şairin Tanrıya düşüncə dönüşü, ruhani qayıdışıdı?

– Şairə elə gəlir ki, onun bütün yazdıqları Tanrının axtardığı, ona xoş gələn sözlərdi. Elə düşünənlər özlərini aldadırlar. Gərək şair ilk öncə bu obrazlı suala cavab tapsın, nə gizlənib yazdığı şeirdə? Şair Tanrının itirdiyi sözü axtarır ki, ilahi kəlam kimi yaşamaq şərəfinə nail olsun. İlahi kəlamın müqəddəs enerjisini özündə ehtiva edə bilsin. Şair həmin sözü tapıb ilahi enerjini kəşf edə bilirsə, Allahın itirdiyi sözü tapmış olur.

Mən sözə onlarla şeir həsr etmişəm. Sözlə bağlı düşüncələrimlə çox adam razılaşıb. Allah bəndəsi razı qalıbsa, demək, söz də razı qalıb. Yəqin, elə Tanrının özü də. Misal üçün:

Barat, Allah nə var, bizə veribdi,

Ürəyə veribdi, gözə veribdi.

Qalxıb öz yerini sözə veribdi,

Özü oturmağa yer yoxdu, gördüm.

Sonralar bu misranın məntiqi davamını yazdım. Dedim ki:

Gördüm, qalxıb taxtından,

verib yerini sözə,

Mən də qalxdım yerimdən,

Allah gəlib otursun.

Bəlkə də, kimlərsə bu fikri qəbul etməyəcək ki, Allahın bəndənin yerinə ehtiyacı yoxdu. Quranda “Allah bir taxt üstündə otu­rub...” – deyilir. Məncə, o taxt insanın qəl­bindədi. Hər fikir müzakirəyə açıqdı, fəqət müzakirə predmeti şair sözüdürsə, məqama daha həs­sas yanaşılmalıdı.

– Çoxları Barat Vüsalı şair kimi tanıyır, amma təkcə “Napoleonluq" essenizi oxumaq kifayət edər ki, sizinlə həm də nasir kimi hesablaşmalı olasan. Doğ­malarınıza və dostlarınıza olduğu kimi, şeirə də sonsuz etibarınız, bağlılığınız var. Sanki nəsrə doğru bir addım atanda şeirə doğru iki addım atırsınız. Adama elə gəlir ki, şeirsiz özünüzü tənha hiss edirsiniz. Şeirdən uzaq düşməkdən qorxursunuz?

– Mən əlimə qələm götürən gündən şeir yazmışam. Mən şeirə borcluyam, sözün bütün mənalarında. Ümumiyyətlə, hər zaman yazmaq istəmişəm, fərqi yoxdu, bu, şeirlə olsun, ya nəsrlə. Qarşıma məqsəd qoymuşam ki, söz mənim sözümün timsalında bir az da dəyər qazansın, təzələnsin, paralel olaraq insanları, düşüncələrini təzələsin. Bəli, təzə söz insanı bütövlükdə təzələyir, saflaşdırır. Sokrat ölümündən qabaq şeir yazmağa başlamışdı. Bilirsən niyə? Çünki ölümqabağı saflaşmaq istəyirdi. Hegel isə deyirdi ki, poeziya bəşəriyyətin müəllimidir. Şair də bəşərin bir parçasıdı və Hegel demişkən, poeziya elə onun da ən sevimli müəllimidir.

Deyirlər, kim dəlidirsə, şair, kim səbirlidirsə, yazıçı olur. Məndə daha çox dəliqanlılıq var. Bir dəfə Həmid Abbas məndən soruşdu ki, Barat, sən Baratsanmı, barıtsanmi? İndi mən barıt olanda şair oluram, Barat olanda da yazıçı.

1997-ci ildə Saday Budaqlıyla Azərbaycan radiosunda Qulu Ağsəsin qonağıydıq. Mövlud Süleymanlı içəri girdi, əlində “Yo­lumuz eşqə bağlıdı” kitabımı tutmuşdu. Kitaba özümün yazdığım ön sözü oxumuşdu. Təəssüf hissi ilə qayıtdı ki, kitabına yazdığın ön sözü oxudum, sən hazır nasirsən. Nədən nəsrə keçmirsən? Cavab tapa bilmədim. Bilmirəm şeirə vurğunluqdandımı, şeirlə kifayətlənməkdəndimi, nədir, nəsrə keçməyə can atmamışam, poeziyanın sərhədlərini aşmaq istəməmişəm.

– Yeri gəlmişkən, illər öncə "Təpəgöz" adlı bir hekayə yazmışdınız. Hekayənin qəhrəmanı Elbabanı narahat edən, ağrıdan bir məqam var idi: vətən təəssübü çəkən oğullar həlak olandan sonra Mürdəşir kimi vətəni, torpağı satanların nəvələri doğulurlar. İndi biz qalib ölkədə yaşayırıq, məğlub məmləkətdən fərqli olaraq, bizdə “təpəgözlər” daha doğulmurlar. Doğulsalar da, azdılar, həlak olan qəhrəmanların qanları tökülən torpaqdan qoşun-qoşun qəhrəmanlar pöhrələnirlər. Məşhur şeirinizdə bəhs etdiyiniz Şuşanı alan oğullar kimi. Ali baş komandan və qüdrətli ordu öz yerində, məğlub, ruhdan düşmüş xalqı zəfərə kökləyən, inandıran nə oldu, ədəbiyyatmı, tarixi dərsmi, ya bütün bunların hamısı?

– “Təpəgöz” hekayəsində keçən fikirlər zamanında müəyyən qədər öz rolunu oynadı. Sözsüz, yeni nəslin tərbiyəsində bu cür əsərlərin rolu danılmazdı. Demirəm ki, hamı bu kimi hekayələri oxuyub qəhrəman oldu, yox, elə deyil. Biz zaman-zaman ədəbiyyatın rolunu lazımınca dərk etmirdik. Ulu öndər Heydər Əliyevin bir fikri var, deyir, mənəviyyatı, milli dəyəri olmayan xalq xalq, millət millət deyil. Bu mənada, Azərbaycanın gücü mənəvi dəyərlərindədi. Bu mənəvi dəyərlərin yaranmasında ədəbiyyat həmişə müstəsna rol oynayıb. Gəlin etiraf edək ki, xalq olaraq bəzən ədəbiyyatın rolunu dərk etməkdə çətinlik çəkirdik. Ən nikbin qələm dostlarımız belə ümidsizliyə qapılırdı. Amma ruhun ehtiyacından yazdıq və gördük ki, torpaqlarımızı şeirlə tərbiyələnən, milli dəyərlərlə yetişən ruh sahibləri azad etdilər. Qarabağ zəfərindən sora məmləkətin, millətin gələcəyinə bağlı ümidlərimiz daha nikbindi. Bax elə bu misra kimi:

Hələ canavarı canavar doğur,

Məna var, doğulur, məna var, doğur.

Ən böyük Vətəni analar doğur,

Ən böyük adamı şair doğacaq.

– Barat müəllim, sizi qələmdaşlarınızdan fərqləndirən həm də təkcə fərqli xarakteriniz, şairliyiniz deyil, aşırı ədəbiyyat sevdalısı, söz divanəsi olmağınızdı. Hərçənd mən də elə düşünürəm ki, bir qələm adamının divanələyi istedadından da ötə olmalıdı. Və bu yerdə Bernard Şounun bir fikrini xatırlayıram. O deyirdi: “Mütaliə Don Kixotu centlmen eləmişdi, amma oxuduqlarına inanmağı onu divanəyə çevirdi”. İndi bilmək istərdim, Barat Vüsal daha çox oxuduqlarına inanır, ya öz divanəliyinə?

– Mən məni divanə eləyən sözə inanıram. Söz adamı divanə eləmirsə, günah sözdə yox, insandadı. Bilirsən, şair, yazıçı, aşıq olmaq nisbidi. Əsas olan aşiq olmaqdı. Mövlanə “Hamı elə bilir, mən şairəm, xeyr, mən şair deyiləm, mən daha haqq aşiqiyəm” – deyirdi. Haqqa aşiqlik də divanəliyin ən ali məqamıdı. Bəzi qələm adamlarında divanəlik çatışmır. Onların faciəsi aşiqlik məqamına çata bil­mə­məkləridi. Şeyx Nizami, Nəsimi kimi şəxsiyyətlər özlərini dəli, divanə adlandırırdılar. Bu sıraya “Həm aşığam, həm abdalam, həm dəliyəm” deyən Aşıq Ələsgəri, gəncliyində “Dəli Səməd” deyilən Səməd Vurğunu da daxil eləmək olar.

Allahın əmriylə Nuh çöldə gəmisini düzəldəndə onu dəli sanıb gülürmüşlər. Şair də Nuh kimi çöldə gəmi düzəldənə bənzəyir, illərlə ona baxıb gülürlər, elə ki tufan başlayır, onda hər şeyi dərk edirlər. Divanələr də, şairlər də belədir, onları yalnız ağıllı adamlar başa düşürlər.

– Allah ömür versin, yaşınız yetmişi keçib, yetmişdən o yanı da görə bilirsiniz, bu yanı da. Remark deyirdi ki, çətini yetmişi yaşamaqdı, yetmişdən sonra hər şey yoluna düşür. Ömrün yetmişə qədərini yaşamaq asandı, ya yetmişdən son­rasını?

– Yetmişdən əvvəl də, sonra da mən bir yolu tutmuşam, sözə, ürəyə doğru uzanan yolu. Ürəyə tərəf gedə bilməyən heç yana gedə bilmir. “Heç yana gedə bilmir Eşqə tərəf getməyən” – bu da mənim misralarımdı. Mənim gedəcəyim ünvan eşqdi, ürəkdi, eşqli ürəkdi, ürəkli eşqdi. Eşqə, ürəyə gedən yol Kəbəyə gedən yoldu. Eşq sorağına çıxanlar axırda gedib Kəbəyə çıxırlar.

Yetmişdən əvvəlki və sonrakı ömrümə gəlincə, hansı dönəmin asan, hansı dönəmin çətin olduğunu dəqiqliklə deyə bilmərəm. Dəqiq bildiyim odur ki, yetmişdən əvvəl də, sonra da həyat kredom həqiqət olub. Həyat kredosu həqiqət olanların ömürlərinin bütün dönəmləri çətin olur, bu da bir həqiqətdir. Soruşa bilərsən, mənim üçün həqiqət nədir? Kim mənim asan şeir yazdığımı düşünüb şeir yazırsa, mən şair deyiləm. Kim mənə baxıb şeir yazmaqdan əl çəkirsə və hiss edirsə, şeir yazmaq nə qədər çətindi, onda mən şairəm. Füzulini oxuyandan sonra adam şeir yazmağa ürək eləmir. Bilirsən, şeir yazanlar niyə çoxalıb? Çünki meydan sulayanlar həvəskarlardı. Hardadı o Rüstəm Zal ki, dizi aynalı pəhləvanlar meydan sulayırlar. Vallah, bilsəm ki, mən də o dizi aynalı pəhləvanlardanam, bircə kəlmə də yazmaram. Mən özümü də yaxşı tanıyıram, məni yazdıran hissi, qüvvəni də.

Mən ədəbiyyatda, poeziyada elmiliyin tərəfdarıyam. Mənə görə, şeir elmdi, elm şeir deyil. Şair alimdi, alim şair deyil. İndi bəziləri alimliklərini buraxıb şeir yazırlar. Olmaz, alınmaz. Axı hər yerindən duran Füzuli ola bilməz. Füzuli ona görə alim idi ki, şair idi, ona görə şair idi ki, alim idi. Bütün bu məqamlar unudulduğundan, az mütaliə edildiyindən, klassikanı bilməməkdən ədəbiyyatımız bu hala düşüb.

Mən Nəsimi yaradıcılığını oxuyan, duyan, anlayan adam axtarıram ki, oturub onunla könül dünyasından, ilahi eşqdən danışaq. Nə yazıq, belə adamları nadir hallarda tapıram. Belə olanda məcbur qalıb öz-özümlə, ürəyimlə danışıram. Ümumiyyətlə, mən özüm­dən da­nışmağı sevmirəm, özümlə danışmağı daha üstün tuturam.

Bəzən mənə deyirlər ki, sənin yazdıqlarını oxumaq, anlamaq çətindi. Xətrimə dəyəcəklərini düşünürlər, mən isə əksinə, deyirəm ki, səni də təbrik edirəm, özümü də. Nazim Hikmət belə adamlara “sorun məndə deyil, sorun sizin qafanızdadı, gərək çiyinlərinizin üstündəki qafanızı dəyişəsiniz” – deyərmiş.

Deyirlər, bəs Səməd Vurğun sadə dildə yazır. Xeyr, qətiyyən elə deyil, Səməd Vurğun sadə yazdığı qədər də mürəkkəbdi, dərinlərdədi. O dərinliklərə enmək üçün gərək sözə vaqif olasan, divanə olasan. Sözə aşiq olmadan sözün Məcnunu ola bilməzsən. Söz səni dəli eləmədən ağıllana bilməzsən. Mən yazmaqdan çox oxuyuram. Sözün qapıları çox oxuyanların üzünə açılır.

Amma heç də çətin anlaşılmaq həmişə şairə xoş gəlmir. Bəzən asan anlaşılmaq is­təyirsən. Özünə sual verirsən ki, axı burda anlaşılmayan nədir? Məsələn:

Çox olsa da günahım,

Gəl özün ol pənahım.

Öldür məni, Allahım,

Qələmi diri saxla.

Burda şairin prinsipi, qələmin missiyası açıq-aşkar ortaya qoyulub. Doğrudanmı Baratın şeiri olduğuna görə buna ağız büzülməlidi? Nəriman müəllim deyir, bir dəfə bir məclsidə şeir oxudum, dedilər, zəifdi. Başqa bir yerdə həmin şeiri Puşkinin şeiri kimi qələmə verdim, hamı təriflədi. Dərketmə çatmır bəzi oxucularda. Dərketmə məsələsi də artıq şairin yox, oxucunun faciəsidir.

Çağdaş ədəbiyyatımızda doqqaz ədəbiyyatı baş alıb gedir. Hər doqqazda olan şeir yazır. Doqqaz ədəbiyyatı alçaq təfəkkürün məhsuludur. Sözü o qədər aşağı endiriblər ki, hamının əli sözə çatır. Mənə görə, hamının əli çatan söz söz deyil. Belə bir mühitdə adamın şeirə tövbə eləməyi, qələmi qırmağı gəlir. Nəcib Fazil Qısakürək demişkən, mən artıq bu gündən şairliyi cücələrə verdim, məni düşündürən sənətkarlıqdı. Hərdən deyirəm ki, sənət “sən et” deməkdir, edəmmirsənsə, “sən get” deməkdir. Bir də hər zaman məni bir sual düşündürüb: görəsən, Nəsimi bildimi ki, onun timsalında bəşər övladı, tarixində ilk dəfə özünə çatdı və özünü dərk eləməyib öz yanından ötüb keçdi? Çexov deyirdi: “Qoqolu xalqın səviyyəsinə endirmək olmaz, xalqı Qoqolun səviyyəsinə qaldırmaq lazımdır”. Bəli, şairi, yazıçını ayağa vermək olmaz, başa çəkib xalqın zəkasına, mənəviyyatına çevirmək lazımdı. Uzun sözün qısası, məni yetmişdən əvvəl də, sonra da düşündürən, qayğılandıran sözdü, sözün ağrılarıdı, sözü ağrıdanlardı.

– Haqqınızda fərqli ədiblərin fərqli deyimləri, fikirləri var. Misal üçün, Nüsrət Kəsəmənli sizi “İsmayıl Şıxlının kəşfi” adlandırır, böyük tənqidçimiz Vaqif Yusifli döyüşən şair kimi xarakterizə edirdi, Vaqif Səmədoğlu “Hərbçi şair”, Nəriman Həsənzadə “Mən Baratı nəfəsindən tanıyıram...”, İsa Muğanna “Barat Qazaxda oturub Saf Ağ elmiylə məşğul olur, özünün xəbəri yoxdu” – deyirdi. Sizcə, haqqınızda deyilmiş hansı söz şəxsiyyətiniz və yaradıcılığınızı bütövlükdə, olduğu kimi xarakterizə edir?

– Qeyd etdiyin sənətkarların hamısı məni yaxından tanıyaraq, hiss edərək, duyaraq haqlı fikir söyləyiblər. Ancaq nə danım, məni ən çox heyrətə salan Aşıq Kamandarın fikirləri, daha doğrusu, misrası olub. 1989-cu ildə Aşıq Kamandarın “Yazıçı” nəşriyyatında kitabı çıxmışdı, onunla da elə nəşriyyatda tanış olmuşduq. Kitabı oxuyub Borçalıda yaşayan aşığa bir məktub göndərmişdim. Məktuba ona həsr elədiyim şeiri də əlavə eləmişdim. O, mənim bir şeirimə iki şeirlə cavab verdi. İkinci şeirində isə “Bir meyarsan əsl İslam dinində” misrası varıydı ki, bu söz hər zaman məni heyrət dolu düşüncələrə qərq edib. Məni az tanıdığı halda, ustad sənətkar dinə, eşqə bağlılığımı hardan duymuşdu? Üstəlik, 1989-cu ildə Quran heç dilimizə tərcümə də edilməmişdi. Hətta o misraya görə xəcalət çəkmişdim ki, ustad mə­ni hansı gözlə görüb? Amma zaman keçdikcə ustad sənətkarın öncəgörənliyi mə­nim taleyimdə öz təsdiqini tapmağa başladı.

Əli bəy Hüseynzadə bir əlində türklüyü, bir əlində İslamı bayraq kimi tutanlara heç kimin qalib gələ bilməyəcəyini deyirdi. Türkiyə Respublikasının beynəlxalq arena­dakı nüfu­zu Əli bəy Hüseynzadə fikrinin mən­­tiqi təsdiqidi.

Pakistanlı şair Məhəmməd İqbal dinə bağlılığı ilə seçilirdi. Hələ Mehmet Akif Ərsoyu, Aşıq Ələsgəri demirəm. Xaqani böyük şair olmaq istəyənləri Quranı yaxşı-yaxşı oxumağa, mənimsəməyə dəvət edirdi.

...Söhbətin bu yerində Qazax Cümə məscidindən azan səsi ucalır. Sanki Allah evindən ucalan azan səsi Barat müəllimin dediklərini təsdiqləyir. Salavat çevirib söhbətə davam edirik.

Söz yox ki, ilk dəfə İsmayıl Şıxlıya oxşamaq istəmişəm. Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl kimi sənətkarlar həyatımda misilsiz rol oynayıblar. Mən qarşıma çıxan bütün sənətkarları daim minnətdarlıqla xatırlayıram. Ölənlərə rəhmət, qalanlara can sağlığı diləyirəm.

Ədəbiyyatımızın nəfəs alması naminə şairliyi həyat missiyasına çevirmiş hər sənətkarın yetirmələri, ardıcılları olmalıdır. Biz ardıcıllarımıza nəfəs miras qoymalıyıq. Çünki indi ədəbiyyatımız boğulur. Həyəcan təbili çalınmalıdı, ədəbiyyatımıza nəfəs vermək laz­ımdı, ədəbiyyatın nəfəsini kəsirlər.

Bu yola çıxan bu yolda başını qurban verməyi belə gözə almalıdı. Qara başını qurban verməlisən ki, söz ağ günə çıxsın. Bəziləri o qara başı qaravaş kimi başa düşürlər. Elə ona görə də öz məqsədləri naminə qaravaşlıq eləyənlər çoxalıb. Zənnimcə, bu, pis tendensiyadır və insan artıq bunun qarşısını almaq qüdrətində deyil. Alsa, bu axının qarşısını yenə də – həmişə olduğu kimi – zaman alacaq.

Yenə də Səməd Vurğunun misralarını xatırlmalı olacam: “Nə üçün qəhrəman yaranmadım, ah, Sadə şeir yazmaq gəlir əlimdən”. Şair bu misraları özünün timsalında bütün şairlərə ünvanlayıb. Səməd Vurğun şair yox, qəhrəman olmaq istəyirdi. Məmləkəti bəlalardan xilas etmək üçün bu gün də millətə qəhrəman lazımdı. Bu gün əsgər də qəhrəman olmalıdı, şair də... Necə ki orqanlarının hamısı yerində olanda insan sağlam və gümrah olur, məmləkət də bütöv olanda millət firavan yaşayır.

– Həm şair kimi sözün qayğısını çəkirsiniz, həm də Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri kimi söz adamlarının. Hansı çətindi, sözün qayğısını çəkmək, ya söz adamlarının?

– Filialın qayğısını çəkmək daha çətindi. Rəhmətlik İsmayıl Şıxlı Yazıçılar Birliyinə rəhbərlik etdiyi dönəmdə neçə əsərini itir­diyini deyirdi. Osman Sarıvəlli yanına şeir oxuyub məsləhət almağa gələnlərdən biri­nə yarızarafat, yarıciddi “Bir də yanıma gəlmə, ən gözəl misralarımı sənə verdim, özümə heç nə qalmadı” demişdi. Mən də müəyyən mənada Sarıvəlli taleyi yaşamaqdayam. Amma nə şair kimi, nə də filial sədri kimi heyifslənmirəm. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyirdi: “Barat üçbucaq şəkilli bir yerdə – Gürcüstan Azərbaycan sərhədinin qovşa­ğın­da yerləşən filiala rəhbərlik edir. Ora qədim bir mədəniyyət mərkəzidi. Belə bir mədəniyyət mərkəzində filiala rəhbərlik etmək şərəfdi. Və bu şərəfli və məsuliyyətli işi Barat bizim istədiyimiz şəkildə yerinə yetirir”. Təvazökarlıqdan uzaq da olsa, bu kimi qiymətləndirmələr də adama stimul verir. Sevinirəm ki, məni hiss edən, duyan, qiymət verənlər var. Nə bilim, öz güşəmə çəkilmişəm, bir şeirimdə deyildiyi kimi, “Ürəyimə dırmanmışam, burdan yer üzü görünür”. Burdan yer üzü də görünür, adam­ların iç üzü də. Əzəl də sözdü, əcəl də. Məni söz yaşadır, məni söz yaşadacaq. Bax bu misra kimi:

Ağlamasın Vətən, ölsəm,

Ruh sağ olsun, bədən, ölsəm,

And içirəm, nədən ölsəm,

Mən şeirdən ölməyəcəm,

Bir şeir de, ölməyəcəm..."

                                                                                                                                                      Söhbətləşdi: Taleh Mansur