Akif Şahverdiyev : - Həyat
Bu gün, yəni 13 iyun - jurnalist-pedaqoq Akif Bəşir oğlu Şahverdiyevin anım günüdür. Həmkarları və saytımızın kollektivi tərəfindın ruhunu hörmətlə yad edir, Allahdan ona rəhmət diləyirik.
(hekayə)
Qarşılaşdıq. Səmimiyyətlə görüşdük:
-Necəsiniz?
-Çox sağ olun, ay usta,-deyə razılıqla cavab verdin.- Şahmat taxtasında piyada kimiyəm. Yolum düz, sözüm düz. Gördüyümü deyirəm, Allah verəndən yeyirəm. Həyatdır də...
... Qarşılaşdıq. Üzr istəyib tələsdiyini bildirdin. Əlində xeyli kağız-kuğuz vardı. Bir ayağın qaçaraq dedin:
-Hər şey yaxşı olacaq, inşallah!- Bic-bic göz vurdun, -şahmat taxtasında piyada vəzirə çevrilir deyəsən. Söz aramızda qalsın sən Allah! Filin, atın qulağına çatar, heç nədən məni vurarlar. Həyatdır də...
... Qarşılaşdıq. Birinci dəfə idi ki, səni təzə kostyumda, qalstukda görürdüm. Sanki belinin donqarı əriyib boynun uzanmışdı. Əllərinin qabarı, kobudluğu içlərinə keçmişdi. Hər halda tanışlıq xatirinə salam verib, əhvalını xəbər almağı özümə borc bildim.
-Nə var, nə yox! Necəsən!
-A... Sənsən? Xeyir ola bu yanlarda?
-Heç, vəzifəyə keçdiyini eşidib, səni təbrik etməyə gəlmişəm.
-Ayə, yaxşı sən Allah, mənə gəlmə də. De görüm nəyə gəlmisən? Mən ölüm nə kombinasiya qurmusan?
-Vallah, heç bir işim yoxdur, - dedim.- Elə belə...
-Hə? Onda incimə, qardaş, bu balaca vəzifə deyil. Bütün fiqurlar hər gedişimə nəzarət edir. Söz-söhbət ola bilər. Mümkünsə bir də buralarda görünmə. İncimə, sən Allah! Həyatdır də...
... Qarşılaşdıq. Özümü saxlaya bilmədim. Salam verib keçmək istəyərkən amiranə səsini eşitdim.
-A gədə, dayan görüm. Tanımadım axı səni?
Özümü nişan verib kinayə ilə soruşdum:
-Bağışlayın, siz filankəs deyilsiniz ki?
-Bəli, oyam. Şahmat taxtasında şah kimiyəm. Amma hər kimsən bilmirəm, məsləhətim budur ki, başının salamat olmasını istiyirsənsə, şahlarla salamlaşmağı yığışdır.
-Məgər şaha salam vermək cinayətdir? Axı, camaat sizi “şah” seçib ki, onları qoruyasınız, qayğılarına qalasınız.
Sözümü kəsdin:
-A kişi, şahmat taxtasında şah fiqurları qoruyur, yoxsa fiqurlar şahı? Hə? Ay qanmaz, şahmat da həyatdır də...
... Qarşılaşdıq. Əlində bir varaq kağız vardı. Ayağa durub yer göstərdim:
-Buyurun, oturun! Necəsiniz? Xeyir ola?
-Sənə qurban olum, ay usta, bu ərizəyə qol çək! İşləməsəm uşaqlar ac qalarlar,- deyə yalvardın.
Soruşdum:
-Siz ki, şah idiniz. Nə tez düşdünüz taxtdan?
-Demə, usta, qurban olum, demə! Şahmatda piyadanın yüksək rütbəli fiqurlara çevrilməsi nə qədər fərəhlidirsə, onların piyadaya çevrilməsi o qədər dəhşətlidir. Yenidənqurma mənim də belimi qırdı. Şah mat oldu. Ayağının altında ölüm, keçənləri unut, qol çək kağızıma, gedib fəhləliyimi eliyim.
-Neynək,-dedim,-gətir imzalıyım. Həyatdır də...
Müəllif: Akif Şahverdiyev