Agamir Cavad : - SEVİNC

Ədəbiyyat 13:43 / 29.11.2024 Baxış sayı: 1302

 

Bu dünya bir eşq ocağı,

Bu ocağın közü sevinc.

Göyə açıb oz qucağın,

Duasının sözü sevinc.

 

Üzündəki nur gözəldir,

Qəlbindəki sirr gözəldir.

Dilə gəlməz bir gözəldir,

Ədası od, nazı sevinc.

 

Gah enişdir, gah da yoxuş.

Zirvəsinə yoxdur çıxış.

Taleyimə salıb naxış,

Yazısı yol, özü sevinc.

 

Həm yaxın, həm uzaqdadır,

Könlü, gözü duzaqdadır.

Zəhəri də şəkər dadır,

Yarasının duzu sevinc.

 

Hər anı bir yel atıdır,

Sözün ilki, boyatıdır.

Hər günü bir bayatıdır,

Kamanı qəm, sazı sevinc.

 

Qəlb oxşayır könül simi,

Bilinməyir zili, bəmi.

Bir silahdır təbəssümü,

İçi qəmdir, üzü sevinc.

 

Ağamir, eşq Allahındır,

Çox sevməyin günahındır.

Nə söz desən, sabahındır,

Hər naxışın izi sevinc.

26. 11. 2024