Ağaevli Əli Hacıdan ÜÇ ŞEİR
"Mühacir-Vətən" silsiləsindən,Dəyərli dostum Samir bəy Adgözəlliyə !
Düşüb dalınca dünyanın,
Əyri,düzüylə yeridim !
Başqa yol tapa bilmədim,
Yolun özüylə yeridim !
Baş saxlamaq zor çiyində,
Yedim bəxtimin çiyin də !
Üstümə qəm çiləyəndə,
Odu,közüylə yeridim !
Danışıb öz içim ilə,
Barışdım bu biçim ilə !
Bir karvanın köçü ilə,
Üzlər üzüylə yeridim !
Öz yarama təkliyimi,
Çarə etdim təbib kimi !
Qayıtmağa səbəb kimi,
Yarın gözüylə yeridim !
Bu yolda köç əzizlədim,
Sən də gəl,keç,mən gözlədim !
Çox yolu heç yeriməzdim,
Dilin sözüylə yeridim !
***/
Kim örtəcək üstümə
Qışın soyuq qarını ?!
Bir hava çal,oynayım
Unutmaçün ağrımı !
Boran gəlir,qar gəlir
İçimə bu istidə !
Dədəm gedib dərd qoyub,
Anam yoxdu isidə !
Soyuq düşdü gecəmə,
Sabahım qar içində !
Nəfəsi al,səs salma
Tanrı yatır içimdə !
***
Ölüm düşərgəsindəyik,
yaxını,yadı da bir !
Ağacları kötüyüdən əvvəl,
budaqlarından ölür!
Çör-çöpü küləklər qabağında
yurd-yuvasız dolaşır.
Şoranlığı yaranışdan
su aclığı kürsüsündən danışır !
Qaşla-göz arasındakı məsafədən doğur,
yaxınlıq və uzaqlıq !
Ağrısız ağırlığı daşımaq olmur,
ağrılardan doğulur Azadlıq !
Yeri göy arzusu tapdayır,
olanları olmayacaq !
Yaxın gəl,bir təsəlli verim
dünya,bizə qalmayacaq !