Adilə Səfərova : - Payız ayrılıq qoxusu...
Dəyişər görkəmi yalın -yamacın,
Sovuşar bəhrəsi -- barı torpağın.
Hicran küləkləri tüğyan eyləyər,
Çırpılıb tökərlər sarı yarpağın.
Üryan ağacların gələr yuxusu--
Payız ayrılıq qoxusu...
******
Köç başlar, boş qalar quş yuvaları,
Çövğunlar " toy tutar" yaraşığına.
Yağışlı gecələr qaçsa yuxusu,
Gileylər edərlər Ay isıgına.
Dağılar, viranə qalar çoxusu--
Payız ayrılıq qoxusu ...
*****
Bəh- bəhlə " Vağzalı" sədası altda,
Sevənlər vüsala qovuşsalar da,
Çırpınıb titrəyər qız ürəkləri,
Bir özgə ocağa yovuşsalar da
Kövrəlib yaşarlar hicran qorxusu--
Payız ayrılıq qoxusu ...