ABDAL QASIM: MƏNİM BU TƏLƏBƏLƏRƏ YAZIĞIM GƏLİR

Maraqli 09:31 / 24.11.2022 Baxış sayı: 1722

Oturmuşam taksiyə, işə gedirəm. Bütün taksi sürücüləri kimi taksiçi də hər şeydən danışır. Bazarda soğanın qiymətindən də, müxalifət və iqtidardan da, Ukrayna müharibəsindən də, İrandakı hadisələrdən də. Mən də sakitcə oturub qulaq asıram. Hər gün eşitdiyim söhbətlərdi.

Bir universitetin yanından keçirik. Söhbəti dəyişir, tələbələrə baxıb deyir:

- Mənim bu tələbələrə yazığım gəlir, qurtarıb harda işləyəcəklər? Tutalım, qızlar cehizlərinin üstünə diplom qoyacaqlar, bəs, oğlanlar? Özüm bu universiteti qurtarmışam, ayda qırx manat stipendiya alırdım. Yuxarıda da yataqxanalar vardı, mən də orda qalırdım, dörd nəfər bir otaqda. Pulumuzu bir yerə qoyurduq eləyirdi yüz altmış manat. O vaxt üçün böyük pul idi. Hətta araq içməyə də pul qalırdı. Yataqxananın həyətində tələbə yeməkxanası da vardı. Bir manata qarnını möhkəm doyura bilirdin. Hələ bir istəsən üstündən ya kisel, ya da kampot içirdin.

Yenə söhbətə qarışmaq istəmirəm. Deyirəm qoy danışsın, ürəyini boşaltsın.

Taksiçi baxır görür danışmıram, söhbətin arxasını gətirir:

- İki əmoğlum da bu universiteti qurtarıb, müəllimliyi. Dedim, a bala, müəllimlikdə nə var? Yaxşı olsa özüm işləyərdim də, taksi niyə sürürəm?! Boylu-buxunlu, sağlam oğlanlar idi, dedim, gəl gedək sizi orduya yazdırım. Apardım Sərhəd Qoşunlarına. Savadlı uşaqlardı, imtahan verdilər, yüz baldan səksən doqquz bal toplaya bildilər ikisi də. İndi ikisi də zabitdi Sərhəd Qoşunlarında. Qırx dörd günlük müharibədə də iştirak ediblər, yenə də Qarabağ bölgəsində sərhəddədirlər. Birinə dedim ki, gənc mütəxəssissən, ev üçün ərizə yaz. Yazdı, inanmazsız, gənc zabit kimi ona ev verdilər. Dövlətə də cəmi altı min manat pul keçirtdilər. İndi ayda deyəsən yüz əlli manat verirlər. Mən özüm də kvartirant yaşayıram, ayda iki yüz əlli manat pul verirəm. Qardaş, sən niyə danışmırsan?

- Mən çox danışıb yorulmuşam.

- Elə bil səni hardansa tanıyıram.

- Ola bilər. Adamlar bir-birinə oxşayır.

- Yox, sən bir-birinə oxşayanlardan deyilsən. Həə, televizorda görmüşəm. Ağdamda oynayan deputat deyilsən?

Güldüm:

- Qardaş, saxla, çatdıq.

Pul vermək istəyirəm, götürmür.

- Qonağım ol.

- Qonaqlıq evdə olur, pulunu götür.

- Qardaş, sən Allah, bağışla, bir az ağzıma gələni danışdım.

- Yaxşı elədin, ağız danışmaq üçündü də.

- Bəs, onda siz niyə danışmırsız?