Xatirələrin- yazdı Vahid Aslan
Qocalan zamanın daş yaddaşında,
Duyğusu, istəyi uşaq yaşında,
Bir dərə qaşında, bulaq başında
Oxuyan səsimdi xatirələrin.
Bir kədərli gözü, qaynar baxışı,
Küləkli payızı, boranlı qışı,
Bir tənha söyüdü, dəli yağışı
Sevmək həvəsimdi xatirələrin.
Hər gecə özümə danışmaq üçün,
Hərdən küsmək üçün, barışmaq üçün,
Hey səni düşünüb darıxmaq üçün,
Bir ömür bəsimdi xatirələrin.
15.08.2025