Xatirə Fərəcli : - BAHAR GƏLİR

Ədəbiyyat 17:10 / 20.03.2025 Baxış sayı: 569

 

Təbiət

qonaq gözləyən ev sahibi kimi

tədarükdə,

var-gəldədir

ağacların qarasını çırpıb tökən külək də,

qar yükünü atmış göy üzü bəyaz tül,

buludlar

ağlayıb ürəyini boşaldan adam kimi

yüpyüngül,

oturub elçi daşı üstündə günəş

açılıb eyni,

gözləri yanır bulaqların

eşqə düşən gənc kimi,

qucağı dolu dərələr

qayaların təbəssümünə əzilib-büzülməkdə,

ağaclar düyün–düyün,

qoca ağacların

quruyan budaqları

yaşlanan gözəlin

üzündəki qırış kimi sezilməkdə,

qış uzunu

lüt budaqları dayanacaq yeri seçən

sərçələr

sevincək.

... Demək,

bahar gəlir,

bahar gəlir, demək!