Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəb şəcərəsi)

Ədəbiyyat 08:18 / 22.03.2025 Baxış sayı: 716

 

Məf'Ulü məfA'İlün məf'Ulü fə'Ul

 

Xoşbəxt olaram hər gün Yar verməsə dərd,

Qəlbimdə şəkər tutmaz, qan görməsə dərd.

Bir ev tikərəm hündür, yerdən çox uca,

Kərpicləri sındırmaz, can hörməsə dərd.

 

Nur ver, Yaradan, çoxdan zülmətdir o kənd,

Aləmdə bilir hər kəs, sərvətdir o kənd.

Tikmir daha insanlar qəlbində yuva,

Bir xanəyə çoxdandır həsrətdir o kənd.

 

Bərk olsa, çözülməz Allah vurduğu bənd,

Tə'mir edilibdir heç can yorduğu bənd?

Dünyayə fələk neyçün göndərdi bəla?

Bir gün sökülər insanlar qurduğu bənd.

 

Bir can gedəcək yerdən, gülmür niyə bəxt?

Qəm çəkdi ömür hər gün, bilmir niyə bəxt?

Yol saldı qaranlıqdan, bir nurlu səma,

Aşiqlər edir xiffət, gəlmir niyə bəxt?

 

Ömrün sonu heç kim bilməz çalmasa zəng,

Doymaz dəxi bir candan can almasa zəng?

Həvva ilə Adəm görmüş Cənnətdə səfa,

Bir qəlbdə ruh oynar, yol salmasa zəng.