Adilə Nəzərdən ÜÇ ŞEİR
jpg-1742631615.jpg)
ABAYA TÜRKÜ
Kazak şairi, mütəfəkkiri və bəstəkarı, türk dünyasının
ən böyük ədəbi simalarından biri Abay Kunanbayoğluna
-----‐-------
Nə qədər ki, dünya var, türk də var olacaqdır,
Nə qədər ki, türk vardır, var olacaqdır Abay.
Böyük türk dünyasında sönməyən bir ocaqdır,
Şöləsindən ruhlanır səmalarda günəş, ay.
Bir əsrdən çoxdu ki, milyonların könlündə,
Şair, bəstəkar, ozan – qoca bir səyyah gəzir.
Sözlərin ən cəsuru muma dönüb əlində,
Bu ustadın önündə durub əmrə müntəzir.
Dildən-dilə dolaşır Abay adı.. – ölümsüz,
Bu gün həyata keçir ən şirin diləkləri.
Onun nəğmələrini oxuyur gecə-gündüz
Çənbərlənən dağların dəlisov küləkləri.
Çox şükür ki tarixin durulubdu suları,
Dur, ey könül həmdəmim, səfərə çıx – yola çıx.
İyirmi birinci əsr Turanın yolçuları
Bu gün Abay dilində “Birlik!” deyir, ap-açıq.
22.03.2025
***
Belə soyuq olma bu bahar çağı,
Qar kimi başıma çox ələnibsən.
Özgəyə açılmaz qəlbimin bağı,
Gözümə, könlümə ilmələnibsən.
Əgər üzük yoxsa nə lazım qaşı...
Həsrət ağrı kimi gəzir canında.
Əzəldən belədir dünyanın işi,
Kimin qəlbindəsən, kimin yanında...
Qaldım çox üz-üzə daş inadınla,
Eh mən də sonunda dəyişkən oldum.
Özümü sevirəm sənin adınla,
Düşünə-düşünə eyni sən oldum.
Keçir günlər, aylar, illər beləcə,
Razıyam dərya ol, say damla məni.
Gəl mənim ömrümə bir aylı gecə,
Gəl başına dönüm, tamamla məni.
Gəl, ömrün payızı, qışı gəlmədən,
Beş-on gün qalıbdı yazdan, yaşayaq,
Heç bir ayrılığa olmasın nədən,
Bu eşqə təzədən - başdan başlayaq.
22.03.2025
AD GÜNÜNƏ HƏDİYYƏM
Həyatın yolları düz, dolanbacı,
Kiminə şirindir, kiminə acı,
Kökdən gəlir gücün, çinar ağacı,
Bir məktub asıram budaqlarına,
Çatsın, ad gününə hədiyyəm olsun.
Köksün bu dünyanın rahat yerimi?!
Orda unuduram dərdi-sərimi,
Bir quşa öyrədim sevgi şeirimi
Göndərim, qonaraq ayaqlarına
Ötsün, ad gününə hədiyyəm olsun.
O bir eşq quşudur, sevgi quşudur,
Dünyada ən dadlı tamın nuşudur,
Səadət quşudur, sevinc quşudur,
Uçub dodağımdan dodaqlarına
Öpsün, ad gününə hədiyyəm olsun.
22.03.2025