Yorğunluq - Əlizadə NURİ

Ədəbiyyat 10:00 / 22.03.2025 Baxış sayı: 721

 

Allah göydə deyilsə,

O göy kimin göyüdü?

Harda yetim dərd qalıb

Verin mənə böyüdüm...

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

Bu yağışdı, yoxsa ki,

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

 

Dünyadı da sevdiyim,

Rəngli işıqlar kimi

Yanırıq-sönürük biz.

Bir dəfə doğuluruq

Min dəfə ölürük biz...

 

Hər yanımı qan tutub-

Mən də belə adayam.

Get, o bayquşdan soruş,

Hansı xarabadayam?

 

Yuxumda açan çiçək,

Heyif,oyatdım səni.

...Ölüm, məni bağışla

Bir az yubatdım səni.

 

Qəmlə oynayıram mən,

Bəs hanı tay-tuşlarım?

Bu gün süfrə açmışam:-

Çağırın ac quşları...

 

...Ölü balıqlar düşür,

Atdığım hər qırmağa.

Çox soyuqdu...gedirəm

Allaha sarılmağa...