Vasif Süleyman : - BİR GÖZƏL NƏĞMƏSƏN ÜRƏYİM ÜÇÜN
Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan mənə.
Bilmirəm qalmışam əlində nəyin,
Belə hər nədisə, hissim dərindi.
Qara gözlərində qara eynəyin,
Bizim aramızda Xudafərindi.
Sənnən elə belə danışam gərək,
Özgə cür dinməyə fələk qoymayır.
Elə danışmağa bir arzu, istək,
Belə danışmağa ürək qoymayır.
Bir gün ağlamadım diləyim üçün,
Dərdim ulduzların göydəki sanda.
Bir gözəl nəğməsən ürəyim üçün,
Mən səni bircə yol oxumasam da.
Dünyaya ağ gəlir birinci günü,
Özünə min rəngi toxuyur insan.
Bəlkə doğmalığın ölüm hökmünü,
Sevgi başlayanda oxuyur insan.
Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan mənə.