Fərhad Tapdıqoğlu : - Keçdi .
( hekayə)
Kəndin mamaçası Lətif gilin darvazasından içəri keçdi. Lətifin arvadının sancısı başlamışdı.
Mamaça onun üçün adi olan işə başladı...Bir oğlan uşağı dünyaya göz açdı. Lətifin arvadı oğul doğduğunu biləndən sonra bütün ağrıları keçdi.Uşağın adını Şərif qoydular.
....Qış keçdi,yaz gəldi..Yaz keçdi ,yay gəldi ..yay keçdi ,payız gəldi...İllər keçdi..Şərif birinci sinfə getdi .Atasına,anasına söydü Şərif...hər ikisi söyüşə görə dinmədi,üstündən keçdi...Uşaqlarınan dalaşdı,atası yenə də keçdi ...Müəllimlərin sözünü eşitmədi, atası ona heç nə demədi,danlamadı..bütün pis hərəkətlərinə görə oğluna bir kəlmə də olsa ağır söz demədi,qulağını belə çəkmədi..Bütün pis iştəklərinin üstündən keçdi.
Şərif sinifdən sinfə sürünə- sürünə keçdi.
Lətif kişi mal - qoyunlardan müəyyən sayda satdı.Əlinə bir az pul keçdi. Pulun gücünə briqadirlikdən kolxoz sədri vəzifəsinə keçdi....
Orta məktəbi birtəhər bitirən Şərif kolxoz sədri olan atasının hesabına qəbul imtahanlarının hamısından keçdi...müsabiqədən keçdi...
İnstitutda da kursdan kursa keçdi,bitirdi Ali təhsillilərin sırasına keçdi...
Atası Lətifin hesabına Şərif "levi "qazancı olan bir işə keçdi..Vəzifədən vəzifəyə keçdi,işdən işə keçdi..Vəzifəsinə,puluna görə onu saydılar, həmişə yuxarı başa keçdi Şərif.
Şərif də evləndi,bir imkanlı "zavmağın "( mağaza müdiri) qızı ilə ailə qurdu.Bir uşaqları oldu,oğlan uşağı.Uşağın adını Maarif qoydular .Şərif istəyirdi ki,oğlu heç bir çətinlik görməsin.Necə deyərlər Şərifin "xoruzu da yumurtlayırdı" .El arasında deyildiyi kimi " bir donuzu çatmırdı"...
Amma neyləyəsən atası Lətif də "işə keçdi" ....Şikayətlər əsasında gedən yoxlama zamanı Lətifin ürəyi partladı...keç(in) dı...
...Şərifin oğlu Maarif bahalı maşınlar sürdü,"Cip"lər oynatdı, " heç kimi saya salmadı," avtoşduq" elədi.. QAİ( DAM) işçiləri atasına görə Maarifin bütün " naruşeniyalarından" ( qayda pozuntularından) keçdi...
Maarif içkiyə,ardınca narkotikaya qurşandı. Sonra isə...sonra isə iynəyə keçdi...
... Nəhayət ,günlərin birində Şərifin bahalı maşınının qabağından " qara pişik keçdi"..Şərif də " ilişdi" , korrupsiyaya qarşı mübarizə aparan xüsusi orqanların əlinə keçdi.Dövlətdən taladıqlarının müəyyən hissəsini könüllü surətdə geri qaytardığından hakim " srokundan"(həbs cəzasından) iki il keçdi...
Məhbusdur Şərif, yatır...
....Maarif isə qəbul etdiyi iynədə doza artıq olduğundan dünyasını dəyişdi...keç(in)dı...Şərifin ocağı söndü,çırağı keçdi...
" Burdan bir oğul keçdi.."Cipin " oynatdı keçdi... neçə- neçə maşınları ötüb keçdi..." Bəs sonra?...
... Şərif həbsxanada hələ uzun illər məhkum həyatı yaşayacaq...Bu həyat ona dərs keçdi..O ,hərdən düşünür: " Allah böyükdür, bəlkə günahlarımdan,buraxdığım səhvlərimdən, keçdi..Həbsxanadan çıxandan sonra yeni həyata başlaram.Tamamilə yeni..."
Başlarsan Şərif ,başlarsan..Bəs oğlun Maarifi qaytara biləcəksənmi?
Çox gecdi,çox....Gecdi, keçdi...