Saqif Qaratorpaq : - Xəyalpərəstlik

Ədəbiyyat 10:10 / 02.01.2025 Baxış sayı: 790

 

Axı, nə yazım bu yaşda,

Bax, saçlarım qardan betər.

Ürəyim budaqda qalan

Şaxta vurmuş nardan betər.

 

Nə yazım,gəlsin xoşuna

Ürəyinə səp su kimi.

Son nəğməmi oxuyuram,

Tənha qalan bir qu kimi.

 

Bəlkə ömrün son qışıdı,

Bir də çatmadım bahara.

Mən gedən izi tutub gəl,

Zalım, məni hərdən ara.

 

Unudur verdiyi sözü,

Heyif, unudur adamlar.

Son dəfə gəl, döy qapımı,

Kəndimizə yağanda qar.

 

Qorxma, donan əllərini

Nəfəsimlə isidərəm.

Tut əlimdən bircə dəfə,

Ölümə desən, gedərəm!

 

Çoxdan çıxıb gedəsiydim,

Qalmışam sənin xətrinə.

Qoy uzansın qış gecəsi,

Batım saçının ətrinə!

 

 

19Aida Adıgözəl və başqa 18 nəfər