Təranə Məmməd : -İnciçiçəyi

Açırsan çəməndə yaz müjdəsitək,
İncəlikdə, zəriflikdə tək çiçək.
Toxunsalar əzilərsən ipəktək,
İnci boyda, inci adlı ağ çiçək.
Əlim gəlmir əl uzadıb mən dərəm,
Özün gəlsən ürəyimdə bəslərəm.
Yaşıl yarpaq arasından çıx görək,
İnci boyda, inci adlı ağ çiçək.
Sayın azdır, ömrün qısa, bilirəm,
Həsrətinə bir il dözə bilmirəm.
Görünməsən, səndən inciyər ürək,
İnci boyda, inci adlı ağ çiçək.
Səhər -səhər yuyunursan şeh ilə,
Gəl aparım, verim səni yargilə.
Çiçəklərə yar əlində yer gərək,
İnci boyda, inci adlı ağ çiçək.