Təranə Məmməd - Heyif...

-
Heyif gözlərimdən, baxışlarımdan,
Ona baxmayaydım əzəldən gərək.
Heyif puca çıxan arzularımdan,
İndi o arzular nəyimə gərək?!
İlk gündən mənimlə oyun oynadı,
Gah sakit dayandı, gah da çağladı.
Hərdən gülümsədi, hərdən ağladı,
Məni varlığına çəkdi, bağladı.
Gecələr ay seli altında durdum,
Neçə sevda dolu xəyallar qurdum.
Onda yaşayırkən elə onsuzdum,
Sonda bu oyunda ona uduzdum...
Getdiyim yolumdan dönə biləydim,
Ölümə olumla qalib gələydim,
Bu yalan dünyanı ya sevməyəydim,
Ya da bu dünyaya heç gəlməyəydim...