Ayaz Arabaçı : - Sən hardan biləsən

Ədəbiyyat 09:53 / 14.03.2025 Baxış sayı: 444

Sən hardan biləsən nə yazıb yazan,

Çox şeylər ağlınla-başınla gəlmir..

Vaxtını bilmirsən,qarşılayasan-

Məhəbbət,qatarla-maşınla gəlmir..

 

Gəlir-gəlməyinə,nə zaman,haçan,

Yaramır yarana köhnə bayatın..

Dilindən bir kəlmə qopardanacan,

Burnundan tökülür bütün həyatın.

 

Başını götürüb çıxırsan evdən,

Hara gedəcəkdin yol yaddan çıxır..

Səpilib gedirsən quşlara dən-dən,

Ayaq yaddan çıxır,qol yaddan çıxır.

 

Gəzirsən küləktək sərgərdan səfil..

İşləyir xəncəri hər dəm,dərinə..

Şaha əymədiyin başını qəfil,

Əyir öz mübarək qədəmlərinə.

 

Yazıq görkəmindi halından bəyan,

Önündə eləcə susub qalırsan.

Çiçəkdə olmayan,güldə olmayan,

Başqa bir ətirlə nəfəs alırsan.

 

Ovcunda billurtək muncuqlanır tər,

Bir ağrı doğulur sinəndən basan..

Elə bilirsən ki, o ana qədər,

Bir tikə ömür də yaşaşamamısan..

 

Adi bir kəlməyə yetməyir gücün,

Sənin əvəzinə qanın qışqırır.

Sən xəyal qurursan bir görüş üçün,

O mesaj yazır ki,ev yığışdırır..