İSMAYIL MƏRCANLI İMANZADƏ : - İLLƏR NƏ TEZ KEÇDİ...

(Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan keçmiş şagirdim, qədim-köhnə dostum Əsədov Fəxrəddin İbadulla oğluna)
İllər nə tez keçdi... əlli il qabaq,
Bala Bəhmənlidə müəllim idim.
Üzümə gülürdü hər gələn sabah,
Çoxları bilmirdi hələ kim idim.
Elə bil atdığım addımlarımı,
Günlər hesablayıb, aylar sayırdı.
Axtarıb tapmışdım söz baharımı,
Təbim misra-misra damcılayırdı...
O vaxtlar könlmə yol tapdın erkən,
Əlimdən düşməyən qələmim kimi.
Məktəbli olsan da, dövrəmdəydin sən
Ən yaxın sirdaşım, həmdəmim kimi.
Nazını çəkirdin gülün, yarpağın,
İlahi bir sevda vardı canında.
Dolaşıb gəzirdin gələn hər anın,
Əllərin çatmayan asimanında...
Qaynayıb daşırdı təbin, savadın,
Şair də, alim də ola bilərdin.
Ancaq şan-şöhrətin yanından keçib,
Sevdiyin bir elmə könlünü verdin.
Üç il dönə-dönə görüşdük hər gün,
Bilirdim, daldada məni öyürdün.
Niyə gizlədim ki... o vaxt sən özün
Sevdalı könlümü sehirləyirdin...
Ata ocağıma qayıdanda mən
Yollar haçalandı... aralı düşdük.
Məni soraqlayıb tapdın təzədən,
Bir də əlli ildən sonra görüşdük.
Oturduq üz-üzə... Kür qırağında,
Eynimiz açıldı, üzümüz güldü.
Duruldu su kimi ürəkdə qan da,
Yenə dilimizdən şeir süzüldü.
Kövrək xatirələr dil açdı, dindi,
Birgə varaqladıq yaddaşımızı.
Sevdalı o günlər geriyə döndü,
Çırpdıq şirin sözlə üst-başımızı...
Demə dost sevinci məlhəmmiş dərdə,
Gəlib təzlədin köhnəlmiş izi.
Ayrılıq girməsin araya bir də,
Ayırsa... qoy ölüm ayırsın bizi...
Gedəndə boynuna sarılıb dedim,
Halal zəhmətinlə bəhrə-barlısan.
Qardaşım Fəxrədin, niyə gizlədim,
Heç demə sən məndən etibarlısan...
27.02.2025