KÜR YOLU, ARAZ YOLU - yazdı Əşrəf Veysəlli

Axşam üstü , birdən- birə
İşıq yağdı Kürdən Kürə.
Sanki səma endi yerə,
sanki yerlər səmalandı.
Dodağımda neçə bəstə,
durib çıxdım yolıar üstə.
Naz yeridi dəstə- dəstə,
ana torpaq xınalandı.
Qıvrım tellər çadır- çadır,
kölgəsində maral yatır.
Qara qaşlar ayparadır,
Qara gözlər can alandı.
Gəzmədiyim hara qaldı?!
Sükutumda haray qaldı-
Bəsdi qızlar subay qaldı,
bəsdi qızlar sonalandı.
Üzündə qəm vardı yarın,
içindəydim odun, qarın.
Bir meh əsdi narın- narın,
şəvə tellər şanalandı.
Qəmli gördüm mən eşqimi,
donub qaldım bihuş kimi.
Məcnun könlüm bir quş kimi
hardan hara havalandı.
Bir də gördüm Arazdayam,
o kədərli avazdayam.
Ha yalvardım bir az dayan,
Ulduz- ulduz o da yandı.
Nə axtarır gözüm orda,
haçan gedim, gəzim orda?!
Təb- im orda, riz- im orda,
TƏBRİZ dedim, hecalandı.
Görüşümüz yalan oldu,
o “ qal oğlu qalan” oldu.
Yollar dönüb ilan oldu,
ilan dili haçalandı.
Gözlərimdə Vətən dərdi,
Fatma nənəm sezib gördü.
Hicran üstə körpü hördü,
o tay, bu tay hanalandı.
A vüqarlı, mətiın dağlar,
A yolları çətin dağlar,
Başı qarlı bütün dağlar
Elə bildim SAVAlANDI .