SÜLEYMAN   ABDULLA.: - YUXULU ŞEİR

Ədəbiyyat 07:54 / 30.12.2024 Baxış sayı: 684

 

Bəlkə də görməyə dəyər bir anlıq,

Son ümid adına qaldısa yuxu.

Yorğun gözlərimi döyəcər etdi,

Ən uzun gecədə ən qısa yuxu...

 

Nahaq səbəb çoxdu əhval pozmağa,

Geniş meydan hanı gəzib tozmağa?

Axar su axtaraq gərək yozmağa,

Gecəyə qarğaşa saldısa yuxu.

 

Şam kimi əriyir gözümün yağı,

Sevdim daşımağı arana dağı.

Əlbət ağ işığa çıxar sübh çağı,

Zülmətdən bir çimir aldısa yuxu.

 

BİR QIŞ GÜNÜNÜN ŞEİRİ

 

Payız kövrək olur kövşənlik seyri,

Yazda su üzünə çıxır samanı.

Hər cürə adamla doludur yan-baş,

Çoxdu bu dünyanın yaxşı-yamanı.

 

Üzü aydınlığa süzüləndə nur,

Öz könül evini günçıxana qur.

Adam var gözləri yaz bulududur,

Yağır bir qış günü qəlbə damanı.

 

Dəymir dolu ömrü boş yaşamağa,

Yüyür, üzü yaza qoş, yaşamağa.

Bircə səbəb ara xoş yaşamağa,

Və bir də ölməyə də axtar amanı...