Ağamir Cavad : - SIRĞAYI GÜLÜM

Ədəbiyyat 10:52 / 29.05.2025 Baxış sayı: 1171

 

Eşqinlə məni məndən

Alan, sırğayı gülüm.

Şümşadınam, boynuma

Dolan, sırğayı gülüm.

 

Gəlinsən toy-düyündə,

Yuyun səhər şehində.

Dağların saf mehində

Daran, sırğayı gülüm.

 

Dağa çəkdim ahımı,

Əfv elə günahımı.

Ətrin edib ruhumu

Talan, sırğayı gülüm.

 

Sevginlə gülə-gülə

İşıq yayırsan elə.

Gözləri şəbnəm ilə

Dolan sırğayı gülüm.

 

Min arzusan, min dilək,

Ətrindən doymur ürək.

Qəlblərdə eşq odutək

Qalan sırğayı gülüm.