Arzu Asad : -Azərbaycan dəyişir!

Ədəbiyyat 10:01 / 29.05.2025 Baxış sayı: 1451

Bayramınız mübarək! Arzularımız gerçəyə dönsün.

Zaman axır, durulur, hər şey əslinə varır,

Varlığından süstlüyü, ətaləti qoparır,

Qəlbləri, beyinləri bir istək, bir hiss sarır,

Ruhunda bir çırpınış, bir həyəcan, dəyişir,

Azərbaycan dəyişir!

 

Cəsarəti, idrakı nəsillərdən irs alıb,

Səadəti əlində bir götürüb, bir salıb,

Yıxılıb, qalxıb, durub, dünənindən dərs alıb,

Addım-addım dəyişir, insan-insan dəyişir,

Azərbaycan dəyişir!

 

Kim qıracaq bu əzmi, kim yenəcək bu ruhu,

Bir ruh ki, sevdasından nə dönür, nə yorulur,

Gözlərimiz önündə yeni dünya qurulur,

Tarix soyulur, çıxır qabığından, dəyişir,

Azərbaycan dəyişir!

Qırılır, parçalanır modernizmin bütləri,

Sıyrılır buxovundan bəşərin ümidləri.

Qurulur, əllərində əsrin dinamitləri,

Üzdən, qabıqdan deyil, ruhdan, candan dəyişir,

Azərbaycan dəyişir!

 

Bu dövlət bu vətənin, bu xalqın varlığıdır,

O mənim göz bəbəyim, düşmənə göz dağıdır.

İndi qeyrət dəmidir, indi hünər çağıdır -

Dərk edir bu tələbi qoca, cavan dəyişir,

Azərbaycan dəyişir!

 

Məscidi, minarəsi, kilsəsi, sineqoqu -

Hərəsində bir tarix, hərəsində bir toxu.

Hanı o peyğəmbərə ilk səda gəldi: "Oxu!"

Oxuduq, biz anladıq, insan, zaman dəyişir,

Azərbaycan dəyişir!

 

Dünya bir bilinməzə, məchula sürüklənir,

Yenidən toparlanır, yenidən şəkillənir,

Bu millət tapmalıdır bu düzəndə yerini;

Kökü üstdə dəyişir, kökü olan dəyişir,

Azərbaycan dəyişir!

 

Xocalıda təkləyib düşmən bizi qıranda,

Tarixin bir küncünə sıxılıb hıçqıranda,

Çağırıb yerə-göyə "haqq hardadır" soranda,

Elə o vaxt, o zaman bildik, dövran dəyişir,

Azərbaycan dəyişir!

 

O daha tək deyildir meydanların içində,

Torpağına göz dikən şeytanların içində.

Bir inam, bir yüksəliş insanların içində,

Qoca tarix oyanır, bütün Turan dəyişir,

Azərbaycan dəyişir!

 

Sönməz, haqdan yanırsa, o işıq bir də sönməz,

Dönməz, qəlbdən gəlirsə, qəlb o sevdadan dönməz,

Bir kərə yüksəlirsə, o bayraq bir də enməz,

Nə o sevda dəyişir, nə o peyman dəyişir,

Azərbaycan dəyişir!