AŞIQ SƏNƏTİ QAYĞI TƏLƏB EDİR

MƏDƏNİYYƏT 19:07 / 26.05.2025 Baxış sayı: 2391

 

 

Aşıqlar Birliyinin özünün ayrıca ofisi hələ də yoxdur

 

Aşıq sənəti Azərbaycan xalq ədəbiy­ya­tının, bütövlükdə mə­dəniy­yə­ti­mizin qədim ta­ri­xə və zəngin ənənələrə malik qol­­la­rından biridir. Min illərdir xalqı sevgiyə, mübarizəyə səsləyən ozan-aşıq sənəti sadə, xəlqi olduğu qədər də  zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. 

Bu sənət elə bir ecazkar dünyadır ki, onu qoruyub  inkişaf etdirərək dünya miqyasında Azərbycanın milli varlığının bir parçası kimi təqdim etmək bu gün təkcə bir yaradıcılıq təşkilatının, müvafiq nazirliyin deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün qarşısında duran mühüm vəzifədir.

Son illərdə mədəniyyətimizin inkişafı, milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini tutması sahəsində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. Xüsusilə də 2009-cu ilin oktyabrında aşıq sənətinin də xal­qı­mı­zın milli mədəni sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil  edilməsi  təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də bu sənətin təbliğinə geniş imkanlar açdı.

 Azərbaycan aşıqlarının ilk Qurultayı 1928-ci ildə (II qurultay 1938, III Qurultay isə 1961-ci ildə keçirilib) keçirilsə də, Azərbaycan Aşıqlar Birliyi 1984-cü ildə aşıqların IV Qurultayında yaradılıb və mərhum Xalq şairi Hüseyn Arif Birliyin ilk sədri seçilib. 1992-ci ildə Hüseyn Arif rəhmətə getdikdən sonra isə Birliyin normal fəaliyyət ahəngi bir qədər pozulub, yalnız 2008-ci ildə keçirilən V Qurultaydan sonra (Xalq şairi Zəlimxan Yaqub Birliyin sədri seçilib) xalqımızın milli sərvəti olan ozan-aşıq sənətinə dövlət səviyyəsində qayğı daha da artıb ki, bu da həm bu sənətin daşıyıcıları, həm də bütövlükdə xalqımız tərəfindən çox böyük minnətdarlıqla qarşılanıb, bu sənətin daşıyıcılarına yeni stimul verib. 

V Qurultaydan sonra Aşıqlar Birliyi həm də aşıq sənəti ilə bağlı bir növ tədqiqat mərkəzinə çevrilib. Birliyin əməkdaşları tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilir. İndiyədək “Ustad aşıqlarımız” və “Günümüzün ustad aşıqları” seiyasından kitablar, eləcə də “Ozan-aşıq dünyası”, üçcildlik “Aşıq dastanıları”, “Qərbi Azərbaycan aşıqları (poeziya antologiyası)”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, “Aşıq, bağrına bas sədəfli sazı”, “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq deyişmələri”, “Aşıq təcnisləri”, Seçmə aşıq şeirləri antologiyası” və s. toplular nəşr olunub.

“Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir”, “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı”, eləcə də ayrı-ayrı ustad aşıqların ifalarından ibarət video-audiodisklər hazırlanıb, hər il ustad aşıqların yubileyləri tənətənəli şəkildə qeyd olunur ki, bütün bunlar təşkilatın daxili imkanları hesabına həyata keçirilir. Bu layihələr klassiklərə və günümüzün ustad aşıqlarının yaradıcılığına diqqət və sayğı olmaqla yanaşı, həm də sənətə yeni gələn gənclər üçün qiymətli bir mənbədir.

Ozan-aşıq sənətinin dünəni və bu günü, təkcə Azərbaycanda deyil, eyni zamanda İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada (Dağıstanda) və digər ölkələrdə yaşayıb fəaliyyət göstərmiş ustad aşıqlar, onların həyat və yaradıcılığı, aşıq sənətinin bu günkü uğurları və problemləri və s. məsələlərlə bağlı tanınmış folkorşünas alimlərin, saz-söz ustalarının, məşhur şair və yazıçıların, ictimai xadimlərin elmi məqalələrinin yer aldığı toplu nəşr olunur.

Musiqi mədəniyyətimizin bünövrəsini təşkil edən aşıq sənətinin daha da inkişaf etdirilməsi, onun beynəlxalq aləmdə təbliği, ustad sənətkarlarımızın yaradıcılıq yolunun öyrənilməsi, yeniyetmə və gənclərdə bu sənətə meylin gücləndirilməsi istiqamətində həyata keçirmək  istədiyimiz tədbirlər planı isə daha genişdir. Ancaq təəssüf ki, bəzi səbəblərdən bu işlərin hamısını həyata keçirə bilmirik.

Bu gün Aşıqlar Birliyinin ən böyük problemi özünün ayrıca ofisinin olmaması, digər yaradıcılıq təşkilatları ilə müqayisədə bu sahədə bir növ ögey münasibətlə qarşılaşmasıdır. Belə ki, bütün yaradıcılıq təşkilatlarının Bakıda (hamısı da şəhərin mərkəzində, bir-birindən bir neçə addımlıq məsafədə) möhtəşəm iqamətgahları olduğu halda, yaradılmasından qırx ildən artıq vaxt keçməsinə baxmayaraq, 500 nəfərədək üzvü olan Azərbaycan Aşıqlar Birliyinin hələ də özünün ayrıca ofisi yoxdur, digər yaradıcılıq təşkilatları ilə müqayisədə mərkəzdən bir qədər aralıda kirayə olunmuş darısqal bir mənzildə yerləşir. O qədər darısqal ki, nəinki əməkdaşların normal fəaliyyət göstərmələri, hətta heç olmasa 30 nəfərlə bir iclas keçirmək üçün belə burada normal şərait yoxdur. Bununla bağlı hələ illər öncə dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, təəssüf ki, heç bir nəticəsi olmayıb. Belə bir şəraitdə genişmiqyaslı fəaliyyət göstərmək isə, təbii ki, işimizdə əlavə çətinliklər törədir. Üstəlik maddi durumumuzun da o qədər də qənaətbəxş olmaması üzündən hər hansı bir kiçik tədbir keçirəndə belə, yer problemi ilə üzləşir, ayrı-ayrı mədəniyyət ocaqlarına ağız açır, yaxud da kömək üçün Mədəniyyət nazirliyinə üz tutmalı oluruq.

Birliyin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda və digər ölkələrdə yaşayan aşıqlar da bizə üz tutur, bizimlə əlaqə saxlayır, tez-tez qonağımız olur, bizdən elmi-metodiki, mənəvi kömək umurlar və biz onları qarşılayıb-yola salmaqda, görüşlər keçirməkdə bir sıra çətinliklərlə üzləşirik. Nəzərə alsaq ki, ölkəmizə tez-tez xaricdən qonaqlar gəlir və onlar xalqımızın qədim sənəti olan ozan-aşıq sənəti ilə də maraqlanır, bu sənətlə daha yaxından tanış olmaq, aşıqlarımızla canlı ünsiyyət qurmaq istəyirlər, o zaman üzləşdiyimiz çətinlikləri daha aydın təsəvvür etmək olar. 

2008-ci ilin avqustunda Azərbaycan aşıqlarının V Qurultayında səsləndirilmiş aşıqlar üçün şəhərin mərkəzində “Ozan evi” tikilməsi bu gün də elə arzu olaraq qalmaqdadır. On il bundan əvvəl paytaxda “Beynəlxalq Muğam Mərkəzi” kimi, ayrıca bir möhtəşəm “Aşıq Mərkəzi”nin tikilməsindən söhbət getsə də, hətta tikiləcək binanın layihələndirmə işləri görülsə də, nədənsə, sonradan unuduldu.  Halbuki aşıqlar üçün belə bir şəraitin yaradılması burada geniş tədbirlər keçirməklə yanaşı, həm də aşıq muzeyinin, aşıqlar üçün səsyazma studiyasının təşkil olunmasına, məşhur usatd aşıqlarla bağlı ayrıca guşələrin yaradılmasına, onların heç olmasa bu binada barelyeflərinin qoyulmasına imkan verərdi. Axı, sirr deyil ki, bu gün Bakıda ayrıca Ozan-aşıq muzeyi də yoxdur. 

Aşıqlar Birliyinə Bakıda yer ayrılmaması bir yana, Şabranda yaradıcılıq təşkilatları (bəstəkar, rəssam və yazıçılar) üçün şəhərcik salınarkən də xalqımızın ən qiymətli milli-mənəvi sərvəti kimi tarixi minilliklərin o üzündən gələn ozan-aşıq sənətinin daşıyıcıları olan aşıqlar niyəsə yada düşməyib, burada da onlara yer ayrılmayıb.

Vacib məsələlərdən biri də aşıqların yaradıcılığının stimullaşdırılması, onların sosial müdafiəsi ilə bağlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün aşıqların sosial müdafiəsi ilə bağlı, demək olar ki, heç bir iş görülmür. Digər yaradıcılıq təşkilatları ilə müqayisədə, Aşıqlar Birliyinin üzvləri bu sahədə də niyəsə unudulub. Baxın, Azərbaycan Yazıçılar Birliyinin möhtəşəm iqamətgahı, ayrıca polklinikası, yaradıcılıq evi var,  hər il Birliyin üzvlərinindən 50 nəfərdən çoxuna birillik Prezident təqaüdü proqramı mövcuddur, son illərdə bir neçə dəfə bu təşkilatdan mənzil alanlar da olub. Əlbəttə, bu, yaxşı haldır və təqdir edirik, yaradıcı insanlara qayğı göstərilməlidir. Bəs, eyni münasibət aşıqlara niyə göstərilmir? Aşıqlara mənzil vermək bir yana, niyə bu gün Aşıqlar Birliyinin özü kirayələrdə qalıb?

Doğrudanmı, ildə heç olmasa 15-20 nəfər aşığa da eyni qaydada təqaüd ayırmaq çətindir?  Axı, şair və yazıçıların əksəriyyətinin daimi iş yerləri olsa da, aşıqlardan  daimi iş yeri olanı olduqca azdır və bu səbəbdən də qocalanda pensiya almaqda da çətinliklə üzləşirlər.

Fəxri adlar və Prezident təqaüdünə layiq görülmə məsələsində də aşıqların bəxti gətirməyib. Bu gün fəxri adı (“Əməkdar mədəniyyət işçisi”) olan aşıqların sayı olduqca azdır, son beş ildə isə bu ada layiq görülən aşıq olmayıb. Bu gün Prezident təqaüdü alan aşıq isə bircə nəfərdir.

Aşıq sənətinin beşiyi sayılan Azərbaycanda niyə dövlət musiqi qurumlarından birini nəzdində (məsələn, Dövlət Filarmoniyasında) ayrıca aşıqlar ansamblı və yaradılmayıb bu günədək? Belə bir ansamblın yaradılması təkcə bir neçə aşığın işlə təmin olunması yox, həm də sənətin incəliklərinin dövlət səviyyəsində qorunub saxlanılması, sənət ənənələrinin etibarlı şəkildə gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. “Dastan teatrı”nın yaradılması isə dastanlarımızın yaşadılması üçün yeni imkanlar açmış olardı.

Diqqət yetirilməsi vacib olan başqa bir məsələ isə, Bakının mərkəzi hissəsində, yaxşı olar ki, xarici qonaqların daha çox ziyarət etdiyi İçərişəhərdə “Ozan-aşıq” muzeyinin yaradılmasıdır. 

Bu gün diqqətdən kənarda qalan həm də aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik sənəti və bu sənəti fərdi qaydada yaşadan sazbəndlərdir. Sazbəndlik aşıq sənəti ilə qoşa addımlayıb həmişə. Aşıq varsa, deməli, sazbənd də var. Daha doğrusu, sazbəndsiz aşıq sənətini təsəvvür etmək olmaz. Sazbəndlik bir sənət sahəsi kimi, ayrı-ayrı sənətkarlar tərəfindən bu gün də qorunub yaşadılmaqdadır. Hazırda Bakıda və respublikamızın digər rayonlarında, eləcə də soydaş­la­rı­mı­zın kompakt halda yaşadıqları digər ölkələrdə pe­şəkar el sənətkarları bu sənət ənənəsini uğurla davam davam etdirirlər. Sazbəndlik nəsildən-nəsilə yalnız fərdi qaydada, əsasən atadan oğula ötürülməklə günümüzə gəlib çatıb. Bu səbəbdəndir ki, bu gün usta sazbəndləri barmaqla saymaq olar. Onların heç birinin normal emalatxanası yoxdur, bu sazbəndlərin hamısı özlərinə birtəhər iş şəraiti  yardıblar. Halbuki rəssamlara olduğu kimi, sazbəndlərə də emalatxana üçün yer ayırmaq olar və lazımdır. Onların sayı elə də çox deyil və şərait yaradılması da çətin olmaz. Bu, həm də sənətin qorunub saxlanılması, yaşadılması üçün vacibdir.

Sazbəndliklə bağlı bu gün vacib olan bir məsələ də usta sazbəndlərin potensialından istifadə etməklə, heç olmasa bir peşə liseyində bu sənətin tədris olunması, gənclərə öyrədilməsidir ki, bu sənət gələcək nəsillərə daha etibarlı şəkildə ötürülsün.

 

 

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar Birliyinin katibi,

Əməkdar mədəniyyət işçisi