Aida Adıgözəl : - - illərin əzizim, illərin...

Qəfil gələn əcəl kimi
ayrılıq sarılaraq öpdü məni.
Heç bilmədim hansı zaman sevdi bizi.
Hələ yollar,
hələ yollar,
bir tərəfə çaydaşı tək tolazlayıb,
çay aşağı axıtmışdı ikimizi.
Özümüzə açammazkən sirrimizi,
heç bilmədim,
heç bilmədim ki,
Tanrıya kim satmışdı
Tanrıdan da gizli qalan yerimizi.
Nə xoşbəxtdik,
nə xoşbəxtdik bir zamanlar.
Bir mən idim,
bir sən idin,
biz bir idik.
Əl-ələ,
göz-gözə,
diz-dizə
sevişirkən həyəcandan təngənəfəs,
deyilməyən,
yazılmayan şeir idik.
Ta ki,
bir gün qəfil gələn xəyanətkar
bir ayrılıq öpdü məni,
öpdü məni,
öpdü məni...
⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️
Bir musiqi yarışması xatırlatdı
aradan xeyli zaman keçdiyini.
Nə qədər xoşbəxt günlərin itdiyini...
2009 idi,
Rıbak qalib gəlmişdi,
o şən "Fairytale" və
skripkanın ciyiltisi hələ qulağımda...
Sonra baxdım əllərimə,
boşdu,
nə çatmır dedim öz-özümə,
hə, əllərin çatmır, əllərin...
İstər-istəməz barmaqlarım
dodağımda gəzişir.
Gözlərimi yumuram,
bilməzsən,
bu anda nələri xatırlamıram ki...
Sanki tragedik ömür dizisi,
Santa-Barbara kimi uzun...
Ürəyimdən ağrı qopur,
sual versən mənə,
- "bu əzilmiş, yıpranmış görkəmində,
kölgələnmiş gözlərində
qalan o qara izlər nəyin? - desən,
gözümdən keçən qara buludum
iki damcı yağış ilə cavab verər sənə:
- illərin əzizim, illərin...