Adilə Nəzər : - VƏTƏN

Ədəbiyyat 08:12 / 29.05.2025 Baxış sayı: 1024

 

Sən mənim təzə-tər arzumsan,

solmayan gəncliyim,

...gecələr, gündüzlər xəyalən gəzdiyim,

bir ucu zalımın əlində

zəncirim...

Göyçədən, Borçalıdan, Dərbənddən,

əsən həsrət küləyim,

Bütöv Azərbaycan diləyim.

Təbrizim, Urmiyam, Zəncanım,

Azərbaycanım!

Sən mənim qüdrətim,

gücümsən.

Sən mənim zəiflik

ölçümsən...

O əlim çatmayan,

o ünüm yetməyən ellərim

daima xəyallı, soraqlı.

Mən əli çıraqlı...

"Azadlıq! Azadlıq! Azadlıq!"

Bu şüar yüz ildir

Məhəmməd Əmindən

yoluma aydınlıq

bir mayak.

Nə böyük qürurdur

uğrunda vuruşmaq...

Sən varsan, ey Vətən,

nə qədər gözəldir

yaşamaq.