Şeyx Sənan - Sona Vəliyeva yazır
Şeyx Sənan və Xumarın simasında
multikultural dəyərlərin qorunması
Humanist ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixi bir çox keyfiyyət göstəriciləri ilə yanaşı, multikultural dəyərlərlə də zəngindir. Bu dəyərlər N.Gəncəvi, M.Füzuli kimi dahi şəxsiyyətlərin yaradıcılığı ilə bərabər, XX əsrin və gələcək dövrlərin görkəmli söz ustası olan H.Cavid yaradıcılığında da aydınca görünməkdədir. Şübhə yoxdur ki, bunlar bəşəri dəyərlərdir və həmişə insanlığın mənəvi zənginliyinə xidmət etmişdir.
H.Cavid yaradıcılığında multikulturalizm daha geniş formada onun “Şeyx Sənan” faciəsində ifadə edilmişdir. Ayrı-ayrı dini görüşlərə malik müsəlman Şeyx Sənan və xristian Xumarın taleyi, onların dünyaya baxışları, bir də ümumidən fərqli düşüncə sistemləri, mühafizəkar sərhədləri keçmək imkanları yüksək bədii formada öz inikasını tapmışdır. Bu inikasda eşqin hər şeydən üstünlüyü H.Cavid sənətinin dayaq nöqtəsinə çevrilmişdir.
Şeyx Sənan müəyyən dini düşüncənin daşıyıcısı baxımından kimdir? Bu suala H.Cavidin “Şeyx Sənan” faciəsində çox asanlıqla cavab tapmaq olur. Dramaturq pyesdəki iştirakçıların təqdimatında yazır: “Şeyx Sənan – otuz yaşında, xoşsima bir tələbə” (29, 121). Ola bilsin ki, bu bir cümlə Şeyx Sənan haqqında o qədər də geniş təsəvvür yaratmır, amma pyesin elə ilk səhifələrində Şeyx Sənanın “laübalı” bir vəziyyətdə olduğu aşkarlanır, hətta Mədinə əhli onu gördükdə düşkün bir hal yaşayır. Əslində, altı il Şeyx Sənana nişanlı olan Şeyx Kəbirin qızı Zəhranın da əhvalı tamamilə dəyişmişdir və bunu Zəhranın Şeyx Sənana dediyi aşağıdakı sözlər də təsdiq edir:
Qalmamış bəndə zərrə tabü təvan,
Bəni qəhr et də, lakin atma, aman!.. (29, 127)
Şeyx Əbuzər isə burada bir sirrin olduğunu söyləyir:
Bunda bir sirr var, edilməz faş,
Nə için, anlamam, əcəb bu təlaş!? (29, 124)
Deməli, Şeyx Sənanın adı ilə bağlı ənənəvi dəyər təhlükə qarşısındadır, yəni onun pəjmürdə halını fizioloji baxımdan xəstəlik kimi mənalandırmaq doğru olmazdı. Bəs ənənəvi dəyər nədir? Şübhəsiz, burada islamdan gələn dini dəyərdən söhbət gedir. Belə ki, Şeyx Sənan Şeyx Kəbirin mürididir və dramaturqun təqdimatına görə, “Şeyx Kəbir fəzilət və irfanilə, irşad və istihadilə məşhur, ağsaqqal və nurani bir mürşiddir” (29, 121). Məsələ burasındadır ki, Şeyx Kəbir Şeyx Sənana çox inanır və islami dəyərlərin gələcəkdə daha geniş şəkildə yayılmasına səbəbkar olacaq şəxs kimi də məhz Şeyx Sənanı görür. Azər Turan Şeyx Sənana xas olan ülvi xüsusiyyətləri qabarıq şəkildə təqdim edir: “Cavidə görə, Şeyx Sənan xaliqi-fəzilətdir, bəhri-hikmətdir, əfəndi babadır, çoban şeyxdir, sanki övliyadır, mürşidi-binəzirdir, şəmsi-aləmtabdır, Kəbeyi-imandır, nuri-irfandır, rəhnümayi-irfandır, mənbeyi-nurdur, rəhbəri-vicdandır, qibleyi-imandır, şöleyi-hikmətdir, əsiri-məhəbbətdir, şeyxi-sahib kəramətdir və Arifdir” (175, 116).
Amma Şeyx Sənanın düşdüyü yeni vəziyyət Şeyx Kəbir üçün də heç ürəkaçan deyil. Şeyx Sənanın vəziyyətindən hali olandan sonra bir qədər sükut içərisində qalan Şeyx Kəbir artıq özünü günahkar, haqsızlığa uğrayan və nifrət edilən bir şəkildə görür və hətta Şeyx Sənandan üzr istəyir:
Bəni, şeyxim, bağışla, məzurim;
Çünki məğdur, həm də mənfurim (29, 141).
Onda belə bir sual yaranır: islam mühitində ən yüksək rütbəyə qalxmaq şansı olan Şeyx Sənanın islami dəyərlərdən uzaqlaşmasına səbəb nədir? Bunun da cavabı aydındır: Şeyx Sənanın röyada gördüyü Xumar. Bəs Xumar kimdir? Dramaturq pyesdəki iştirakçıların təqdimatında yazır: “Xumar (Tamara) – olduqca gözəl və məsum ruhlu bir gürcü qızı” (29, 122). Mələk qiyafətli və xristian düşüncəli Xumar Şeyx Sənanın gözünə görünən ilk andan onu yüksəkliyə, göylərə dəvət edir.
Əsl mətləb də buradadır. Professor Kamran Əliyev yazır: “Şeyx Sənanın Xumara münasibətini Xumara qovuşmaqdan çox, yüksəlmək eşqi, ucalmaq məsləki təyin edir. Elə məhz Xumar da əngin səmalarda dayanıb Şeyx Sənanı məhz yüksəlişə çağırırdı” (72, 174).
Xumarın bu ilkin çağırışı və Şeyx Sənanın onunla ilkin razılaşması onların istəklərinin ortaqlığından xəbər verir. Amma bu ortaqlığın reallaşması çətin mərhələlərdən keçir və iki müxtəlif dini dünyagörüşünə malik bu obrazların – müsəlman Şeyx Sənanın və xristian Xumarın ətrafı onlar üçün müqavimət istehkamlarını xatırladır. Şeyx Mərvan Şeyx Sənana söyləyir:
Sən ki əvvəl qadından ürkərdin,
Şimdi fikrin niçin dəyişdi, niçin? (29, 192)
Şeyx Mərvanın bu sözlərində Şeyx Sənanı ayıltmaq istəyi var. O, Şeyx Sənanın qadına münasibətini xatırlatmaq yolu ilə onun yaddaşını təzələmək, onun hafizəsindəki qadına olan ilkin düşüncələri oyatmaq və nəhayət, onu Xumardan uzaqlaşdırmaq niyyətini ifadə edir. Yəni bu, Şeyx Mərvanın Şeyx Sənana mane olmaq üsullarından biridir.
Şeyx Nəim də Şeyx Sənanı tutduğu yoldan qaytarmaq üçün bunları deyir:
Möhtərəm şeyx, unutma niyyətini,
Bir düşün illəti-əzimətini!
Eylədin Kəbə qarşısında yəmin,
O, bu gün məhv olurmu bir qız için? (29, 192)
O niyyət nədir? Şübhəsiz, islamın yayılması! Şeyx Nəim onun səfərə çıxmazdan əvvəl qarşısına qoyduğu məqsədi xatırlatmaqla, əslində, Şeyx Sənanı tutduğu yoldan çəkindirmək istəyir.
Şeyx Sənanla Xumarın qovuşmasının ən böyük əngəllərini isə keşiş – Papas düşünmüşdür. O, əvvəlcə belə bir yaxınlığın heç vaxt mümkün olmayacağını dilə gətirir:
Hiç bu mümkünmü: isəvi bir qız
Bir müsəlmanə varsın? Anlatınız? (29, 194)
Sonra isə bir-birinin ardınca şərab içmək, xaç asmaq, Qurani-Kərimi yandırmaq, nəhayət, donuz otarmaq təklifləri irəli sürülür. Şeyx Sənan öz istəyinə çatmaq naminə bütün bu maneələri aşır. Şeyx Sənan artıq burada həm də multikultural dəyərlərin daşıyıcısına çevrilir. Əslində, Şeyx Sənanın ayrı-ayrı millətlərdən olan insanlara multikultural münasibəti birinci pərdənin sonunda tam ortaya çıxmışdı. O, şeyxlərin qarşısında dayanaraq günəşi göstərir və deyir:
Arqadaşlar! Şu parlayan günəşin
Feyzi birdir cihanda hər kəs için.
Türk, hindu, ərəb, əcəm bilməz,
Nuru hər yerdə artar, əksilməz (29, 158).
Şeyx Sənanın söylədiyi bu dəyərlər Şeyx Sənana aid olsa belə, görkəmli romantik sənətkarın öz fikir və düşüncələridir. H.Cavid bütün xalqlara və millətlərə eyni gözlə baxan şair-dramaturqdur. Bu fikrin ən parlaq sübutu onun əsərlərindəki müxtəlif xalqlardan olan obrazlarıdır. H.Cavidin pyeslərində türk, ərəb, fars, fransız, rus və digər xalqların nümayəndələrinə rast gəlmək olur.
Şeyx Sənanla Xumarın bir-birinə münasibətinə gəldikdə isə, bu münasibət dini tolerantlıqdan bəhrələnir və bəşəri xarakter daşıyır. Şeyx Sənan artıq Xumarı özünün dini və imanı hesab edir:
Gediyor iştə nazlı cananım,
Gediyor aşinayi-vicdanım,
Gediyor iştə dinü imanım,
Gediyor səbrü taqətim, canım... (29, 207)
Dramaturji hadisələrin gedişi zamanı bu fikri Şeyx Sənanın əleyhinə çıxış edən, eyni zamanda intellekt baxımından Şeyx Sənanın yaşadığı əhvali-ruhiyyəni başa düşməyən Şeyx Mərvan da deyir:
Şeyximiz satdı dini, imanı,
Şeyximiz atdı hökmi-Quranı.
Hökmi-Quranı atdı bir qız için,
Həm şərab içdi, həm xaç asdı, bilin! (29, 232)
Serqonun dili ilə desək, Xumar üçün də Şeyx Sənan əvəzedilməz səcdəgah, qibləgahdır:
Bu uçuq dam Xumar için əlan
Daha qiymətlidir manastırdan.
Bu, onun səcdəgahı, qibləsidir,
Şeyx onun heykəli-müqəddəsidir (29, 210).
Dramaturji hadisələrin gedişi zamanı Serqonun dili ilə söylənən bu fikri Xumar özü də təsdiqləyir:
Əvət, əfv et, qüsurə baqma, aman!
Səndədir könlüm, a-h, səndə... inan!
Pək müqəddəsdir iştə bəncə sənin
Hər şeyin, həp təriqətin, dinin (29, 257).
Bəs ayrı-ayrı dini görüşlərə malik Şeyx Sənan və Xumarın taleyini birləşdirən, onların dünyaya baxışlarını dəyişdirən, ümumidən fərqli düşüncə sistemlərini bir-birinə yaxınlaşdıran, onlara mühafizəkar sərhədləri – maneələri keçmək imkanları qazandıran güc nə ola bilər? Burada əsas rolu, heç şübhəsiz, H.Cavidin sufizmə bağlılığı və yaratdığı Şeyx Sənan obrazının irfani düşüncəsi oynayır.
H.Cavidin böyüdüyü, təhsil aldığı, bədii yaradıcılığa başladığı mühit və mütaliə etdiyi kitablar onu sufi bir sənətkar kimi yetişdirmişdir, formalaşmasında mühüm rol oynamışdır. Bunu həm də ona görə qeyd edirik ki, H.Cavidin “Şeyx Sənan” əsəri şairin dramaturji yaradıcılığının ilk mərhələsinə aiddir və 1914-cü ildə qələmə alınmışdır. Deməli, şair-dramaturq elə yaradıcılığının başlanğıcında ailədən, təhsildən, mütaliədən əxz etdiyi sufi dünyagörüşünü yüksək bədii formada əks etdirə bilmişdir. Onun əksetdirmə forması isə birbaşa eşqlə bağlıdır. Şeyx Sənan obrazının özü isə eşqin qüdrətini və əbədiliyini aşağıdakı kimi bəyan edir:
Şeyxi məhv oldu sanmayın zinhar!
İştə qarşındayam, sevimli Xumar!
Kim ki eşq atəşilə oldu hədər,
Onu yandırmaz öylə atəşlər.
Bəni öldürsələr də, bən yaşaram,
Tərk edib xəlqi xaliqə qoşaram.
Əbədiyyət bənim məzarımdır,
Çünki sultani-eşq yarımdır.
Eşq için can nisar edən ərlər
Əbədi bir həyat içində gülər.
Bəni həp parça-parça doğrasalar,
Ruhum ölməz, səmayi-eşqə uçar.
Uçar, ən möhtəşəm fəzalar aşar,
Yenə cənnətdə həp səninlə yaşar (29, 221).
Azərbaycan ədəbiyyatında təkrarsız obraz olan Şeyx Sənan öz sufi baxışlarına görə kəcnəzərdən, xainlikdən, zahirpərəstlikdən, bədbatinlikdən uzaq bir simadır. Şeyx Nəim və Şeyx Mərvandan fərqli olaraq Şeyx Hadi Şeyx Sənanı əvvəli-axırı görünməyən böyük ümman hesab edir, onu idrak etmək üçünsə insanda ağıl və kamal lazımdır. Bu, birbaşa sufi dünyagörüşün dərki məsələsidir və birbaşa Şeyx Sənanın həm istəməyənlərindən – Şeyx Nəim və Şeyx Mərvandan, həm də tərəfdarlarından – Şeyx Hadi və Şeyx Sədradan fərqlənməsi anlamına gəlir. Həmin fikri Şeyx Hadi açıq formada da söyləyir:
Edəlim ərzi-ehtiramü səlam,
Edəlim həp şəfaət istirham.
Qoşalım sonra Şeyx Sənanə,
Qoşalım rəhnümayi-irfanə (29, 238).
Bütöv bir insan toplumunun göylərə yüksələn Şeyx Sənanı və Xumarı görə bilməmələrinin əsas səbəbini də təpədən-dırnağa sufi bir obraz olan Dərviş həmin insanlarda ağılın, idrakın və bəsirətin olmamasında görür. Başqa formada isə Dərviş belə söyləyir:
Hər kimin kor deyilsə vicdanı,
Görür əlan Xumarı, Sənanı (29, 274).
Bir mənzum faciə nümunəsi kimi “Şeyx Sənan” pyesi Tanrıya olan eşqin dini təriqətlərdən belə uca olduğunu göstərməklə H.Cavidin mənzum dramaturgiya yaradıcılığının zirvəsini təşkil edir. Amma “Peyğəmbər” əsəri də təsdiq edir ki, H.Cavid heç vaxt islam dininin əleyhinə olmamışdır. “Hüseyn Cavid eynilə müəllimi kimi (Məhməd Akif nəzərdə tutulur) islam dünyasını mədəniyyətin beşiyi hesab edir, islam mədəniyyətinə və prinsiplərinə bağlı qalmaqla yüksəlmənin mümkünlüyünə inanır, milli əxlaqı, milli ruhu təbliğ edir, onun iflasını ən böyük ölüm sayırdı. O, müsəlmanların mutluluq içində yaşamalarını və inkişafını istəyən bir ruhun insanı idi” (85, 101).
H.Cavidin yaradıcılığında xüsusi yer tutan “Şeyx Sənan” faciəsi bir şəxsin, hansısa xalqın, millətin deyil, bəşər mədəniyyətinin klassik nümunəsidir. Şeyx Sənan və Xumarın simasında şair-dramaturq ali mənəviyyatdan çıxış edərək kamilliyə çatmaq, nəfs, şər, kin və ədavətdən kənar olmaq, multikultural dəyərlərə sadiq qalmaq kimi ülvi idealları canlandırmışdı.