Allahverdi Eminov : - Məmməd Araz poeziyasında poetik dilin harmoniyası
 

YAZARLAR 09:03 / 18.09.2024 Baxış sayı: 426

                                           (II məqalə)
 

Birinci yazımda (“Ədalət” qəzeti 28 iyun 2024) Məmməd Araz poeziyasına bir də qayıdacağıma (bu, hələ son olmayacaq) söz vermişdim. Səbəb nədir, de­mək­də çətinlik çəkirəm. Bəlkə, şairin istedadından doğan pıçıltılarıdır – obrazlaşır? Bəl­kə həyat ziddiyyətlərinə olan harayıdır? Bəlkə şairin hissləri və intellekti ilə əsas­lan­dırılmış harmoniyanın tarazlığıdır? Bəlkə də Məmməd Arazın dilə tabe ol­ma­sıdır, sözləri dil müşahidəsi vasitəsilə əsərlərinə çəkib gətirməsidir, belə olanda dil həqiqətləri oxucuya çatdıra bilir. Məmməd Araz şeirində dil özünü dərk forma­sıdır, şairin təxəyyülü dilin şeirə çevrilməsidir.

Poeziya dilin özünüidrak formasıdır, şairin bədii təxəyyülü dilin şeirdə ifa­də­sidir. Şairin poeziyasında lirik Mənin hissləri və emosiyaları ilə fikrin konkret şə­kildə əsaslandırılması arasında ahəngin mövcudluğu olmasıdır:

Məmməd Araz şeirlərində (“Nobel mükafatı”, “Ana yurdum”, “Ömür”, və s.) oxucuda yaratdığı psixoloji impulsların intensivliyi daha qabarıq nəzərə çarpır.

“Nobel mükafatı” 1960-cı ildə yazılmışdır. Bu, o illərdə Sovet ideologi­ya­sının təntənəsi “işğalda” olan respublikaların başı üzərindən asılmışdı. M.Arazın sə­si isə ucalmışdı, cəsarətilə seçilmişdi:

 

Bir günlük varımı qaytarsan bir an,

Yurdumda min yeni şəhər yaranar.

Çıxarsan neftimi sandıqlarından

Alpın ətəyində Xəzər yaranar...

Demirəm dayandır mükafatını,

Deyirəm çıxarma bunu yadından:

Kimin alın təri, ürək qanını

Mükafat verirəsən kimin adından!

Tənqidçilər bəzən elmi dili ilə şeirin dilində bir oxşarlıq görürlər, haradasa on­lara haqq qazandırmaq olar, bu, əsasən alimlikdən poeziyaya gələnlərdə olur. El­min dili mücərrəd simvolların da dilidir və bu kontekstdə şeir semantik təzyiq al­tın­da dəyişmir. Elmi terminlər işarələrdir, onların mənaları öncədən müəyyən­ləş­dirilir. Onlara yeni mənalar – çalarlar vermək lazım gəlmir. Şairin isə təsvirində söz mənanın ayrıca götürülmüş, müstəqil hissləri – parçaları kimi yox, şeirin po­ten­siyası – mənaların düyünü, sıxımı kimi dərk olunmalıdır. Məmməd Arazın “Mən­dən ötdü” şeirini oxuyanda malik olmadığımız informasiyanı mənimsəyirik. Və­təninə əsrlərlə göz dikənlər, sərvət qazananlar, xəyanət edənlər xəyalımızdan köç­məyə bilməz. Şair bu keşməkeşliyi tarixi poeziyaya gətirmiş, xalqın həm də emo­sional yaddaşını əyaniləşdirmişdir...

 

...Bununlamı neçə dəfə

Ata –oğul, qardaş hissi haçalandı

Bir şəhərin

Beş qardaşın xanlığına

parçalandı?!

O zamanmı bitdi bizim dilimizin

“sənin”, “mənim” qatarı da?

O zamanmı bitdi bizim dilimizin

“haralısan” damarı da?

 

Məmməd Araz poeziyasında poetik dillə məna bir-birini tamamlayır. Necə ki, poeziya M.Araz dünyasında nə mühakimə, nə də fəlsəfi motivlər deyil, insan psi­xologiyasının ziddiyyətlərinə açılan “pəncərədir”, sirverməz maddi – ruhi mö­cü­zədir, Dünyanın dərki hikməti vardır, iztirabların, kədərin və sevincin həyə­ca­nı­dır – akselorasiyasıdır, bu impulsiv təsirlər şairi yaşatmış, yaratmağa şövqlən­dir­miş­dir. “Qurd xasiyyəti”, “Mən bir zaman şair idim”, “Şair vüqarı” şeirlərində də­rin fikir və hissi – birləşmə – meditasiya oxucunu düşündürür. Məmməd Araz poe­zi­yasında bir-birinə bağlanan şeirlər qızıl zəncirin həlqələri kimi birləşir. Və şeir­lərin ayrı-ayrı misraları bir-birinə dəstədəki güllər kimi yox, çiçəklənmiş bitkinin hissləri kimi birləşirlər. “Şair ömrü”, “Göyərdi”, “Bir axşamın balladası” şeirlərini oxu­maq kifayətdir. Bu şeirlərdə Zaman sənət inciləri qarşısında gücsüzdür, amma heç də əsərləri qaçırmır, həm sənət baxımından, həm də ideoloji nöqteyi – nəzərin­dən. M.Araz üçünsə poeziya taledir, ürəyin sirlərini açmasıdır. Şairin yozumunda şeir insanla Dünya, Kainat arasında harmoniya yaradan maddiyyatdır, inamı oya­dan möcüzədir! M.Arazın hansı şeirini xatırlatsam fikrimə haqq qazandırmağa dəyər!

Şeirlərdə nələr yoxdur: Dünyanın taleyi, poetik hisslər, fəlsəfi düşüncələr – in­sanı yaşamağa və mübarizəyə səsləyən poetik çağırışlar. Axı, Dünya heç də hərc­mərc­likdən, aldatmalardan, böhtanlardan ibarət deyil. Belə müqəddəs hisslərin – dü­şüncələrin poetik ifadəsini tapması, hər hansı bir ehtiyacın aradan qaldırılması şai­rin ən böyük istəyi deyilmi? Məmməd Araz heç vaxt poeziyasından sosial – icti­mai silah kimi istifadə etməmişdir, buna cəhd də göstərməmişdir, şeirini təbliğat va­sitəsinə çevirməmişdir, bu isə onun poetik kredosuna tamamilə yaddır. Məmməd Araz şeirin küsəyənliyini qəlbindən keçirmiş, yaşantılarına biganə qalmamışdır. Şeir təkcə müəllifin əsəri deyil, necə deyərlər, şeiri poeziya “yazır”, öz əziz balası ki­mi ağuşuna alır, illərin ixtiyarına təhlil verir, yaşamasına cavabdehlik daşıyır. Şair bu vahiməni fəhmən duyur – etiraf etməsə də:

 

Soruşdum birindən: – şairəmmi mən?

Özüm ki, özümü öyə bilmərəm!

Cavabı astaca qopdu dilindən:

– Hələ ölməmisən, deyə bilmərəm...

 

Poeziya “cənnət” və “cəhənnəm” dünyalarını həll edir, şairin özü yaşayırsa, cən­nətdən qovulmur, özü, titulu var, oxucularının işığı səpələnir...

 

11.08.2024