Sona Vəliyeva : - YARPAQ-YARPAQ

Ədəbiyyat 11:22 / 18.09.2024 Baxış sayı: 547

 

İçimdə göy üzü tutulub,

Boğuluram yarpaq-yarpaq.

Ağacam yerdən göyədək,

Doğuluram yarpaq-yarpaq.

 

Dərdim yurd yerinin dərdi,

Hansı günaha görədi,

Nə səpmişdim, nə göyərdi

Yığılıram yarpaq-yarpaq.

 

Bəxt yiyəsi, qəlb yiyəsi,

Bu eşq Tanrının töhfəsi,

İçimdə torpaq naləsi,

Sovruluram yarpaq-yarpaq.

 

Oba köçmüş, ocaq diri,

İçim xal-xal yanıq yeri,

Ölən Tanrı bəxtəvəri,

Doğranıram yarpaq-yarpaq.

 

Bu cənnət, bu da cəhənnəm,

O əzrayıl, bu da ki mən.

Qələmimnən, qələmiynən

Yazılıram yarpaq-yarpaq.

 

Yol hanı çıxıb getməyə?

Qaçıb ölümü ötməyə,

Külümdə od böyütməyə

Bağlanıram yarpaq-yarpaq.

 

Can dediyim qorxum imiş,

Uçub gedən ruhum imiş,

Ölüm solğun yuxum imiş,

Oyanıram yarpaq-yarpaq.