Saqif Qaratorpaq : -Qoy bir azca aldadım

Ədəbiyyat 17:40 / 17.08.2025 Baxış sayı: 2350

Qoy bir azca aldadım

Mən də özümü bu gün.

Deyim,yaman gözəldi

Hər addımı bu ömrün.

 

Kefim ala buludda,

Yoxdu bir ağrım-acım.

Yollarıma düzülən

Tikanlar da gül açıb.

 

İçimdəki səhrada

Çiçəklər qucaq-qucaq.

Bir də gördün alışdı

Tüstüləyən bir ocaq...

 

Göyərdi doqqazdakı

Quruyan tut ağacı.

Sonsuzluğa göndərdik

Bu səhər ehtiyacı.

 

Uzanıb barmaqlarım,

Uzaq üfüqə çatıb.

Bir qərib ağ gecəni

Çəkib üstünə,yatıb...

 

Sən də fikir eləmə,

Məndən ötrü çəkmə ah...

Xoşbəxtlikdən ölürəm,

Hər şey gözəldi,vallah!