Saqif Qaratorpaq : -Bu da yol ayrıcı...

Bu da yol ayrıcı...
Dedin:-Ayrılaq...
Doğmaydıq,bir anda çevrildik yada.
Nə fərqi,nə zaman,necə görüşdük?
Dünən-salam dedik,bu gün- əlvida...
Demək belə olur qəfil gedişlər,
Bir göz qırpımında, nə var,heç olur.
Heyif,çox asanmış bir sözü demək,
Peşiman olanda yaman gec olur.
Bəlkə bu qədərmiş bu eşqin ömrü,
Bəlkə hələ bitmir...təzə başlayır.
Elə ki əllərin əldən üzülür,
Ürəyin bir başqa sözə başlayır.
Udqundun,karıxdın,gözlərin doldu...
Gedirsən,bilmirsən dönərsən haçan?
Bir kövrək körpünü bir söz uçurdu,
Bir sevgi dastanı bitdi çox asan...
Getsən də qəlbinin acısı dinməz,
Sağalmaz bu yara,sağalmaz bu dağ.
Getsən də yadından çıxan deyiləm,
Çətindi... çətindi məni unutmaq.