Şakir Xanhüseyn : - ÜRƏYİ deyirəm, ÜRƏYİ

Ədəbiyyat 09:30 / 11.08.2025 Baxış sayı: 2137

ÜRƏYİ deyirəm, ÜRƏYİ

ürəyin axırmı bir sözə sarı,

ey sən, önündəki söz süfrəsimi...

çoxmu ucalacaq qəm hasarları,

qıra bilmişikmi bircə tilsimi...

olanım bir yoldu, gedirəm onu,

əsla həqiqəti kimsə danmasın;

elə yandırmaq ki, sevgi odunu,

o odun içində

ürək yanmasın...

sızır bir çeşməyə doğru ürəyin,

alnını söykəyir bir damlasına...

ovcunda küldümü arzun, diləyin,

təki bir nəfəsdən dağılmasın da...

sən ki bələdsən ha

duyğularıma-

anma, xatırlama məni bir daştək;

qoy döyünsün elə ürəyin, amma

heç vaxt çırpınmasın yaralı quştək...

yoluna ən yumşaq otlardan döşə,

qanla işləsə də, bəslənmir qanla;

Mayası eşq ilə yoğrulubdu, hə-

ürəyi deyirəm ürəyi, anla...