GÖYLƏR SANKİ ÇIXMIŞDI BU GÜN YERLƏ SAVAŞA

Gündəm 18:30 / 15.04.2025 Baxış sayı: 5916

-

BİZSƏ, SIĞAL ÇƏKİRDİK, MİSRA-MİSRA YAĞIŞA ...

AYB Mingəçevir bölməsinin növbəti (15.04.2025) Yaradıcılıq Günü çiskinli-yağışlı, bir az da qaşqabaqlı aprel ayına düşsə də yazarlarımız həmişə olduğu kimi birlikdəydilər. Təkcə illərdən bəri pedaqoji fəaliyyətlə məşğul olan müəllim yazarlarımızın,- Elşən Əzim, Namiq Zaman, Zümrüd Rəhimova, Məcnun Məmişov və Şamil Həsənin, bir də aylardan bəri nahaq yerə məhkəmə çəkişmələrinə sürüklənən və şükürlər olsun ki sonda haqlı olduğu sübut edilən Elçin Məhərrəmin yerləri görünməkdəydi...

Bölmə rəhbəri İsmayıl İmanzadə yaradıcı həmkarlarını gülərüzlə salamlayıb, əlavə etdi: “Dostlar, bu gün uzun illərdən bəri Yevlax rayonunun Xaldan qəsəbəsindəki musiqi məktəbində müəllim işləyən şair Minarə İskəndər qonağımızdır, əslində o qonaq yox, elə bizim birimizdir. Gəlin ondan xeyir dualarımızı əsirgəməyək. Hamılıqla ona xoş gəlib, səfa gətirmisiniz deyək!

Sonrasa o, bölmənin xəttiylə yaxın həftələr ərzində görülməsi nəzərdə tutulan işlərdən söz açıb, Minarə xanımla apreini 17-də keçiriləcək görüşlə ilgili tapşırıqlarını dilə gətirdi və yazarları yağışlı havanın “acığına” bir az da fəal olmağa səslədi.

İlk olaraq Minarə İskəndər oxuduğu iki şeiriylə diqqəti özünə yönəldi, ədəbiyyat sevdalısı Rəşid Rəsulovun xeyir-duaları söz məclisinin hərarətini bir az da artırdı. Adətən, bölmə sədrinin “ahıl və cahıl” yazarımız adlandırdığı Ağabala Salahlının şeirinə də heç kim etinasız yanaşmadı. AYB-nin üzvü şair-hüquqşünas Bəhman Gülövşıli əvvəlcə böyüklər, sonrasa uşaqlar üçün yazdığı şeirini oxuyub tamamlayanda, bölmə sədri onun üzünə təbəssümlə baxıb, fikrini bildirdi: “Bəhman müəllim, uşaqlarçün şeir yazmaq savab işdir, bu şərtlə ki gərək uşağı uşaq yerinə qoymayasan. Şeirinizi ürəkdən bəyəndim, yola davam!..”

Şair-publisist Məmməd Mərzili də həssas şair qəlbinin “məhsulu” hesab edilməyə layiq olan bir şeiriylə yadda qaldı. Ötən il dünyasını dəyişən şair, AYB-nin üzvü Rəfael Dəmiroğlunun oğul balası Elvin Rəfaeloğlu atasının bir şeirini oxumaqla, mərhum şair dostumuza rəhmət qazandırdı.

Kəlbəcər əsilli, istedadlı olduğu qədər də dəyərli və ədəb-ərkanlı Əhməd Əfsun dilində sərgilənən yeni bir şeiriylə həmkarlarını yenidən əfsunladı. Bölməyə üz tutduğu son iki il ərzində özünəməxsus yazı üslubuyla hamının ehtiramını qazanmağa nail olan gənc şair, AYB-nin üzvü Nicat Hunalpın bu günkü çıxışı da onun ədəbi aləmə ötəri həvəsin təhrikiylə gəlmədiyini bir daha nümayiş etdirdi...

Həmişə olduğu kimi satirik şair Eldəniz Cəfəroğlu bu dəfə də cəmiyyətə yad olan ünsürləri və leşsökənləri oxuduğu iki şeiriylə misra-misra “iynələdi!

Mingəçevir Dövlət Universitetinin dosenti şair-tədqiqatçı Mehman Rəsulovun bölmənin fəaliyyətini bir az da gücləndirmək naminə etdiyiyi çeşidli təkliflər hamı tərəfindən bəyənildi. Şair İsmayıl İmanzadə sonda həmkarlarının diqqətinə təqdim etdiyi üç şeiriylə yağışlı olduğu kimi, həm də qaşqabaqlı havanı həmkarlarına unutdurdu və çıxışının axırında yazar dostlarına uğurlar arzuladı...

MƏMMƏD GÜRŞADOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist