Ələsgər ƏLİOĞLU : - DAHA

Ədəbiyyat 10:02 / 31.10.2024 Baxış sayı: 423

 

(Qoşmasayağı)

 

Zənnim ay-ay, il-il qəddimi əyir,

Bilə də bilmirəm nədir istəyi...

Huşumun mənimlə arası dəyir,

Deyir ki, başını get girlə daha.

 

Şeirimdən bir həsrət boylanıb-baxır,

Tüstüsü hələ də fikrimdən qalxır...

Söz çömçəm əlimdən sürüşüb çıxır,

Başımı qatıram kəfgirlə daha.

 

Dönürəm bir sönmüş ocaq yerinə,

Qəlbimi açıram qucaq yerinə...

Zaman məni qoyur uşaq yerinə,

Ovundurur "əkil-bəkil"lə daha.

 

Hər kəlməm yozulur hey ora-bura,

Kimiyə ağ gəlir, kimiyə qara...

Üzümü tuturam cansız divara,

Dinib-danışıram şəkillə daha.