İlklərin müəllifi – Soltan Dadaşov
Zamanın elə məqamı mövcuddur ki, həmin dövrdə yaşayıb-yaradanların fəaliyyəti üçün tarixi zərurət meydanı hüdudsuz genişliyə malikdir. Tarixi zərurətin yetişdirdiyi şəxsiyyətlərin varlığı isə ailəyə, qohumlara gərəkli olmaq çərçivəsini aşaraq bir xalqın taleyində, müəyyən sahənin inkişafında əsas rol oynayır.
Əsrin əvvəli –1906-cı il. Köhnə Bakının qədim məhəllələrində xeyirxah və sadə bir ailədə – Baba Dadaşovun ailəsində bir oğlan uşağı dünyaya gəlir. Bu, Azərbaycanın ilk peşəkar rejissoru Soltan Zəki Baba oğlu Dadaşov idi. İllər arxasınca illər gəlirdi... Beləcə, köhnə Bakının qədim məhəllələrinin birində başqa uşaqlardan hadisələrə fərqli münasibəti ilə seçilən iti baxışlı, dərin hafizəli Soltan adlı bir oğlan böyüyürdü. Eşitdiyi nağılları dinləyə-dinləyə öz nağıllarını, öz dünyasını xəyallarında yaradırdı. Gələcəklə bağlı onun özünün nağıllı, şirin röyalı bir dünyası yenicə qurulmaqda idi. Yaşıdlarından fərqlənən zəka və təxəyyülü ona ruhani məktəbində qərar tutmağa imkan vermədi. Atası bu qeyri-adi istedada malik oğlanın adi uşaq olmadığını həssaslıqla duyaraq onun genişprofilli rus-tatar məktəbində, sonra isə Bakı gimnaziyasında təhsil almasına şərait yaradır.
Azərbaycan klassikasına vurğunluq Soltan Dadaşova ailəsindən keçən mənəvi sərvət idi. Bu keyfiyyətlər sonralar onun uğur və müvəffəqiyyət qazanmasında əsas rol oynamışdı. Gözəl musiqi və ritm duyumu, əsrarəngiz təxəyyül, dərin yaddaş hələ gimnaziya illərində ona Füzuli, Vaqif, Şirvani, Zakir və başqalarını, həmçinin dövri mətbuatda çap olunan şeirləri həvəslə öyrənməyə imkan yaradırdı.
Məktəb illərində aşıb-daşan gənclik enerjisi ilə Axundov, Vəzirov, Haqverdiyev və başqa klassiklərin əsərlərindən parçalara rejissorluq edən gələcəyin professional rejissoru sonralar fəhlə klublarında özfəaliyyət dram dərnəyində rolları və kütlə qarşısında bədii qiraəti ilə dərk edirdi ki, əsl incəsənətdə geriyə yol yoxdur. Beləcə Böyük Enerji – əsl istedad sənətinin yüksək zirvəsinə doğru irəliləməkdə idi. Respublika Mədəniyyət İdarəsinin təşviqat briqadasının işinə həvəslə qoşulan S.Dadaşov Azərbaycanı qarış-qarış dolaşaraq müxtəlif zövqlü tamaşaçıları razı sala bilən zəngin proqram fəaliyyəti ilə getdikcə tanınıb məşhurlaşmağa başladı.
Nəhayət, 1923-cü il Azərbaycan teatr və incəsənəti tarixində mühüm hadisə baş verir. Bakı Teatr Texnikumunun açılışı və ilk milli professional teatra aktyor nəslinin yetişməsi prosesi... S.Dadaşov bu texnikumu bitirdikdən sonra A.M.Şərifzadə tərəfindən Azərbaycan Dövlət Dram Teatrına dəvət alır. Şərifzadənin etimad və inam bəslədiyi aktyora zaval yox idi. O bəyənibsə, demək, həmin sənətkarın qarşısında bütün yollar açıqdır. Bu sənət məbədində illərlə xəyalında canlandırdığı arzuları gerçəkləşirdi. A.Şərifzadə, A.Gəraybəyli kimi sənətkarlarla birgə mədəniyyət salnaməsinə, teatr tarixinə düşməsi S.Dadaşovu daha böyük arzuları həyata keçirməyə sövq edirdi. V.Şekspirin "Otello", A.Dümanın "İki yetim", J.Vernin "Kapitan Qrantın uşaqları", habelə C.Cabbarlının, N.Vəzirovun, M.Axundovun əsərlərində obrazlar yaratmaqla öz üzərində daim işləməkdə idi. O, özünün düşüncə və təhlillərinin yozumu kimi böyük əsərləri tamaşaya qoymağa can atırdı. O, həmişə əsas ideya və sənət qayəsi kimi xəlqiliyin, milliliyin, novatorluğun vəhdətində – əsl vətəndaş, sənətkar kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoymaqla xalqına, vətəninə xidmət göstərməyə çalışırdı. Beləliklə, arzuların mənzilinə doğru yol gedən gəncin ideyaları gerçəkləşməkdə idi. 1927-ci ildə Xalq Maarif Komissarlığının göndərişi ilə S.Dadaşov etimad göstərilən istedadlı gənc kimi Moskvaya teatr təhsili almağa və aktyorluq sənətinin görünməyən, sirli tərəflərini kəşf etməyə yollandı. Sonrakı əsl teatr fəaliyyətinə gedən yolun həqiqi başlanğıcı Moskvadakı təhsil illərindən başladı. Moskvada Azərbaycan teatrının böyük ümid və səbirsizliklə yolunu gözlədiyi gənc Soltan rejissor sənətinin sirlərini, geniş rejissor təfəkkürünü dramaturgiya ilə birləşdirərək, aktyor ifasıyla canlandırıb əsl səhnə möcüzəsi yaratmaq kimi böyük qabiliyyət qazandı. İlahinin insana bəxş etdiyi istedad – Böyük Enerji o vaxt xariqələr yaradır ki, insan onu öz zəhmətilə düzgün məcraya yönəltmiş olsun. Təhsil illərində aşıb-daşan həvəs və enerji ilə çalışıb hərtərəfli biliyə malik olmağı, Vətənə sənətin sirlərindən baş açan sənətkar kimi qayıtmağı əsas məqsəd hesab edən S.Dadaşov Moskva teatrında 2 il təhsil alanda, həmçinin Moskva Dövlət İncəsənət və Teatr İnstitutunda təhsili dövründə, eləcə də Moskva Böyük teatrında laborant-rejissor kimi fəaliyyəti ərəfəsində daim axtarışda idi. Öyrənmək, yaradacağı əsərlərdə özündən əvvəl və sonrakı dövr üçün özünəməxsus, təkrarolunmaz dəstxət qoyub getmək inamını bir an belə unutmurdu.
Məhz bu illərdə küləklər şəhəri Bakının zirək və istedadlı oğlu Soltan Dadaşov Moskva Böyük Teatrının qastrol səfəriylə "Fiqaronun toyu", "Yevgeni Onegin", "Lakme" və bu kimi əsərlərlə Orenburqu "fəth" edirdi.
Bu, gənc rejissorun timsalında Azərbaycan incəsənətinin qələbəsi idi. Bu hadisədən sonra özünü Bakısız təsəvvür etməyən böyük sənətkar qayıtmağa can atırdı. O, Azərbaycana ilk milli peşəkar rejissor təhsili alan xoşbəxt insan kimi qayıdırdı. Böyük arzuların çağırışı ilə birgə qarşıda Xəzərin sahilinə sığınan Bakı və bu şəhərdə köhnə məhəllələrin birində, dünyanın heç bir guşəsi ilə əvəzlənməsi mümkünsüz isti ata ocağı gözləyirdi onu. Bakıya qayıdırdı... B.Suşkeviç, Petrovski, B.Zaxarov, Nemiroviç-Dançenko, Kaçalov, Stanislavski, Lujski kimi sənətkarlardan dərs alaraq neçə-neçə əsərlərə həyat bəxş etmək eşqi ilə qayıdırdı.
M.F.Axundov adına Opera və Balet Teatrı... Çox sənətkarlar görmüş və yola salmış bu sənət məbədinin çoxdan gözlədiyi, arzusunda olduğu ilk rejissoru, 1931-ci il... Yeni aktyor kollektivi, yeni iş üslubu, yeni səhnə mizanı və yozumu ilə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun!" komediyası tamaşaya qoyulur. Bütün sənətsevərlər bu teatrda əsl rejissorun səhnə möcüzəsinə böyük qiymət verirlər. Köhnə Bakı, milli ənənə, gerilik və bu gün də onun qalıqlarının davam etməsi, xalq yumoru, dilə və adət-ənənəyə münasibəti gözəl və incə nüanslarla təqdim etməyi bacaran sənətçi növbəti əsərini yenə Ü.Hacıbəyov yaradıcılığından seçir. Ü.Hacıbəyov musiqisinin vurğunu olan S.Dadaşov "yaxasını bu sehrdən qurtara bilmirdi".
1932-ci il, "Leyli və Məcnun"un səhnə təcəssümü... Füzuli dühasının Üzeyir musiqisində gözəlləşməyi S.Dadaşovun rejissor yozumunda ürəkləri fəth edir. Tamaşaçı heyrəti alqışları üstələyir. Əvvəlki "Leyli və Məcnun"lardan tamamilə fərqlənən rejissor üslubu ilə, yəni “novator-şəbəkə” deyilən üslubda təqdim olunan tamaşa S.Dadaşovun yeni müvəffəqiyyəti idi. Sarabski, A.Sadıqov, S.Qacar, Y.Kələntərli, A.Rzayeva, G.Həsənova, S.Qədimova kimi böyük sənətkarlar onunla birgə Füzuli və Üzeyir dünyasının yol yoldaşı olmağı böyük xoşbəxtlik hesab edirdilər. Bu mənada ilahi bir eşqin yolçusuna dönüb sərgərdan Məcnun məhəbbətini sənətin möcüzəsiylə təqdim etməyin özü sənətə Məcnun sevgisi ilə yanaşmağı tələb edirdi. Bu isə S.Dadaşovun canında və qanındaydı. G.Həsənova Ü.Hacıbəyovun 100 illik yubileyində S.Dadaşovla bağlı yaddaqalan bir xatirəsini belə xatırlayır:
"Növbəti tamaşaya baxışdan sonra Leyli roluna Üzeyir bəy məni məsləhət bildikdə Soltanın sevinci üzündən oxunurdu. O, bizi evinə dəvət etdi. Elə evdəcə Leylinin bütün partiyalarını mənə ifa etdirdi. Çox bəyəndi. Beləliklə, mən Soltanın növbəti leylilərindən biri oldum".
1938-ci ildə "Nərgiz", 1939-cu ildə "Səfa" operaları səhnə həyatı tapır və ovaxtkı tamaşaçıların yaddaşında əsl sənət abidəsinə çevrilir. 1940-cı ildə Ə.Bədəlbəylinin "Qız qalası" operası, 1942-ci ildə Ü.Hacıbəyovun "Vətən və cəbhə", 1950-51-ci illərdə "Gülşən" və s. əsərləri ona tamaşaçı rəğbəti qazandırır.
Yaradıcılığında dönə-dönə "Arşın mal alan"a müraciət edərək hər dəfə yeni aktyor-müğənni kəşfinə nail olurdu. Ömrünün sonuna yaxın, İncəsənət İnstitutunda kurs rəhbəri işləyərkən yaxın dostlarına Arif Babayev haqqında belə demişdi: "Arifin olduqca məlahətli səsi var. Onunla çox gözəl Əsgər obrazı yaratmaq olar".
Zaman keçir, 1956-cı ildə Z.Hacıbəyovun "Aşıq Qərib" dastanına quruluş verir. Qəribin Sənəmlə sevgi dastanı Opera və Balet Teatrında əbədi ömür qazanır. Teatr səhnəsində nə o vaxta qədər, nə də ondan sonra kütləvi səhnələri inandırıcı və reallıqla yarada biləcək rejissor işinə rast gəlinmədi. Demək olar ki, S.Dadaşov "Aşıq Qərib"ə öz dəst-xəttinə mənsub möhür vurdu.
S.Dadaşov 1941-ci ildən öz bacarığını Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində sınamağa başladı. Azərbaycanın bütün regionlarını gəzib adət-ənənəsinə bələd olması "Azərbaycan toyu" kimi məzmunlu musiqili tamaşalara uğur qazandırdı. "Dədə Qorqud", "El bayramı", "Vətən və cəbhə" və s. tamaşalara həm ssenaristlik, həm də rejissorluq etmişdi. Bu janr Azərbaycan səhnəsi üçün əsası S.Dadaşov tərəfindən qoyulan yenilik idi...
Sənətin müxtəlif janrlarında bünövrə qoyuluşu elə bil S.Dadaşovun qismət yazısı idi. Bu mənada 1945-ci ildə Azərbaycan sirkinin təşkili, milli kadrlardan istifadə etmək işinin öhdəsindən S.Dadaşov şərəflə gəldi. 1946-cı ildə Moskva tamaşaçıları qarşısında alqışlarla müşayiət olunan çıxışı, Peterburq, Minsk, Ukrayna və s.-də uğurlu qastrol səfərləri sənətkarın qeyri-adi talantı qarşısında insanları baş əyməyə vadar edir. Bu gün Azərbaycan sirkinin ancaq xarici klounlara açılan qapısını görəndə və ya keçmiş şöhrətini yada salanda S.Dadaşov ənənəsindən bəhrələnməyin vacibliyini duyuruq.
Ömrünün 35 ilindən çoxunu Azərbaycan teatr və mədəniyyətinin inkişafına həsr etmiş əsl ziyalı, böyük vətəndaş kimi yaddaşlarda qalan S.Dadaşovun irsi həmişə yada salınıb öyrənilməyə layiqdir.
“Böyük vətəndaş” adlandırdıq S.Dadaşovu...
Azərbaycan teatr və mədəniyyətinin müxtəlif sahələrində vətəndaşlıq qeyrəti və yanğısı ilə çalışmağı, bir neçə sahədə özülçü kimi çıxış etməsi imkan verir ki, biz onu sözün əsl mənasında sənətkarlığı ilə birgə böyük vətəndaş kimi xatırlayaq.
Azərbaycan dövləti S.Dadaşovun əməyini 1940-cı ildə yüksək qiymətləndirərək ona Əməkdar incəsənət xadimi adını vermişdi.
1957-ci ildə Bakı ictimaiyyəti onun 50 illiyini qeyd etdi. 1950-ci illərin sonunda S.Dadaşov Azərbaycanın Xalq artisti adına layiq görüldü.
1969-cu ildə dünyasını dəyişən S.Dadaşovun zəngin rejissorluq irsi, bir də yurdunda çırağını yandıran beş övladı bizlərə yadigardır. Övladlarının dördü atalarının sənət sehrindən yaxa qurtara bilmədi. Ömürlərini incəsənət sahəsinə həsr ediblər. Biz onun həyatda özünə bənzəyən xeyirxah, nəcib və hərtərəfli biliyə malik, ata və anasının adının mənasını – Soltan və Mina adını özündə əbədiləşdirən İncəsənət Universitetinin elmi işlər üzrə prorektoru, yeganə qız övladı Solmina Dadaşova ilə görüşdük. Solmina xanımın atası haqqında xatirələrini oxucular üçün də maraqlı hesab etdik:
– Atam sakit, mülayim göründüyü qədər başladığı işdə inadkar və iradəli idi. Rəssamlığa, musiqinin müxtəlif sahələrinə, xüsusilə dirijorluq, eləcə də fortepiano sənətinə dərindən bələd idi. Musiqi əsərlərində partituraların işlənməsi, həmçinin musiqili librettoların yazılmasında atamı peşəkar hesab etmək olardı. Onun zəhmətkeşliyinin hələ də ölçü meyarını tapa bilməmişəm. Teatr onun əsas evi idi elə bil. Əski əlifba, rus dilində, eləcə də latın qrafikası ilə çox gözəl yazı üslubuna malik idi. Çox vaxt tamaşaya qoyacağı əsərin rəssam işinin yığcam maketini elə evdəcə hazırlayıb aparırdı.
İllər keçdikcə, biz böyüdükcə atamın fövqəladə istedada malik olduğunu dərk edirdik. Hazırladığı əsərlərin musiqi parçalarını özü ilkin olaraq çalırdı. Onun fortepianoda ifasının əvəzi yox idi. Yox, atam olduğuna görə demirəm. Bunu, dinləyənlərin hamısı qeyd edə bilər. İnsan kimi çox bütöv və kamil xarakterli idi.
Onu aldatmaq, onun yanında sənətə etinasız münasibət göstərmək qeyri-mümkün idi. Orkestrin çox cüzi səhvini belə tez tutar, yerindəcə düzəltməyə çalışardı.
İncəsənətin müxtəlif sahələrini dərindən bilməsi ona tamaşaya qoyduğu əsərin sanballı olmasına şərait yaradırdı. Çox savadlı dirijorluq qabiliyyətinə malik idi. İllər keçib, mənim, həmçinin atamı tanıyan bəzi sənətkarların xatirəsində qalan bir hadisəni xatırladım. Atam Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada tamaşa göstərməsin. Bir gün "Aşıq Qərib" tamaşası ilə qastrol səfərində olanda maestro Niyazi xəstələndiyindən səhnəyə çıxa bilmir, bu zaman atam cəsarətlə orkestr qarşısına çıxır. Bu addım orkestrin özünü də heyrətə salır.
Atam İncəsənət İnstitutunda musiqili komediya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olurdu. Əsl istedadı ilk baxışdan görüb-yadda saxlamaq, onu üzə çıxarmaqla yanaşı, fəaliyyət meydanına atılmasına şərait yaratmaqdan mənəvi zövq alardı.
Yadımdadır, Arif Babayevin, Şəfiqə Məmmədovanın böyük sənətkar olacaqlarına ümidi daha çox idi.
Saatlarla onun qarşısında oturub söhbətcilliyinə, dünyagörüşünün genişliyinə heyran qalardım. Atam xalqa, elə, insanlara gərəkli olmağı əsas həyat devizi kimi qəbul edirdi.