Dövrün nəbzini tutmağa çalışan şair

YAZARLAR 08:44 / 27.12.2024 Baxış sayı: 418

Dünyasını gözlənilmədən dəyişən elə yaradıcı insanlar var ki, adam onların mənəvi ömrünü xatirələr vasitəsilə bir az da olsa uzatmağa ehtiyac hiss edir. Bənzərsiz şair, vicdanlı, güzəştsiz redaktor, gözəl insan Əlkbər Salahzadə (1941-2013) məhz belə qələm adamlarından idi.

Ara-sıra şeirlərini oxusam da, “Beş yarpaq” kitabını vərəqləsəm də, Ələkbər müəllimlə şəxsi tanışlığım onun “Gənclik” nəşriyyatında redaktor işlədiyi vaxtlara təsadüf edir. 1971-ci ildə əsgərliyə getməmişdən əvvəl nəşriyyata iki qovluq təqdim eləmişdim. Biri böyüklər, o birisi uşaqlar üçün olan şeirlər. Geri qayıdanda uşaq şeirlərimə Mirmehdi Seyidzadənin, böyüklər üçün şeirlər kitabımın əlyazmasına isə filologiya elmləri doktoru Məsud Əlioğlunun müsbət rəy yazması məni çox sevindirmişdi. Ancaq kitablarımın heç biri plana salınmamışdı hələ. Nəşriyyat redaktoru Ələkbər Salahzadə ilə görüşüb söhbətləşəndə mənə dedi ki, sənin “Arzu” adlı bir şeirini Rəsul Rza mənə verib ki, onu almanaxa daxil edim. Əvvəlcə təəccübləndim. Sonra yadıma düşdü ki, əsgərlikdə olanda məktubla həm Əli Vəliyevə, həm də Rəsul Rzaya şeirlər göndərmişdim. Əli müəllim həmin şeirlərdən bir neçəsini “Azərbaycan gəncləri” qəzetində çap etdirmişdi. Rəsul müəllimdən isə bir xəbər çıxmamışdı. Sən demə, o da cavan bir şairin yazılarına biganə qalmayıbmış...

Ələkbər müəllimlə bir az söhbətləşdik. Qovluğumu axtarıb tapdı. Dedi ki, şeirlərini oxumasam, bir söz deyə bilmərəm. Vaxt təyin elədi. Əvvəlcə qovluğun üstünə karandaşla 1 aprel sözü yazdı. Qımışdığım onun nəzərindən yayınmadı. Üzündə çox güclə seziləcək bir təbəssüm yarandı və 1 rəqəmini pozub yerində 2 yazdı. O vaxt müəllifləri aldatmaq, get-gələ salmaq nəşriyyat işçiləri üçün adi bir hal idi. Ancaq Ələkbər müəllimin dəqiqliyi, qovluğun içindəki şeirlərdən 47-sini seçib çap üçün hazırlaması məni çox sevindirdi. Ancaq yenə də ilk kitabımı nəşriyyatın tematik planına daxil eləmədilər. Qərara gəldilər ki, beş şairin kitabında gedəcək şeirləri bir kitabda nəşr eləsinlər. Elə də oldu. Ancaq Ələkbər müəllimin seçdiyi 47 şeirdən cəmi 17 dənəsini çap elədilər - “Sübh şəfəqləri” (1978) kitabında. O qədər ədəbiyyata dəxli olmayan adamların yazılarını nəyinsə qarşılığında doldurmuşdular ki, o kitaba, lazımi səviyyədə sevinə də bilmədik. Ələkbər müəllim də bundan çox narazı qalmışdı... Kitabın çapından iki il əvvəl, 1976-cı ildə Ələkbər Salahzadə nəşriyyatdan ayrılmışdı. Bədii ədəbiyyatın təbliği bürosunda direktor müavini vəzifəsində əmək fəaliyyətini davam etdirirdi. O vaxt büronun direktoru gözəl şairimiz Fikrət Sadıq idi. Bütün qələm adamları kimi, mən də onların idarəsinə tez-tez gedib-gəlirdim. Bizi ara-sıra ayrı-ayrı təşkilatlara, rayonlara yaradıcılıq ezamiyyətinə göndərirdilər.

Ələkbər Salahzadə “Ulduz” jurnalına baş redaktor təyin olunandan sonra onunla əlaqələrimiz daha da gücləndi. Ara-sıra mənim şeirlərimi, Lorkadan tərcümələrimi verirdi. Ancaq ədəbi proseslə bağlı məqalələrimi sistemli şəkildə çap eləyirdi. O vaxt mən doktorluq dissertasiyası müdafiəsi ərəfəsində olduğumdan jurnal məqalələrimin sayı nə qədər çox olsa, bir o qədər yaxşı idi. Bunu bilən Ələkbər müəllim mənim yazılarımın önündə yaşıl işıq yandırmışdı...

Sonradan “Qobustan” jurnalında işləyəndə də tez-tez görüşür, söhbətləşirdik. Digər mətbuat orqanlarında çap olunan yazılarım haqda xoş sözlər deməyi də unutmurdu Ələkbər müəllim. Sıx-sıx olmasa da, başqa tədbirlərdə də arabir görüşür, söhbətləşir, bir süfrə arxasında əyləşirdik... Ələkbər Salahzdə çox sakit, təmkinli, dürüst bir insan idi. Adamla söhbət eləyəndə belə onun nə isə başqa bir şey haqda düşünməsi aydınca sezilirdi... Nə yaxşı ki, bu düşüncələr ara-sıra onun bənzərsiz şeirləri vasitəsilə üzə çıxırdı...

Bir adamdı,
adi, adi, adi adam
dilinə batmaz birdən,
lap olsun adı - Adəm!

Bir adamdı, hər dəryada ada adam,
hər fəryada tel-tel əsən,
dara düşən dosta-yara
fəda adam.

Bir adamdı,
adidən adi adam.
Yan-yörəsində
iydə də çiçəkləyən,
qanqal da bitib qalan
vadi, vadi,
vadi adam...

2001-ci ildə yazılan “Vadi adam” adlı bu şeirdə elə bil ki, Ələkbər Salahzadənin öz portretinin səciyyəvi cizgiləri öz əksini tapmışdı.

Ələkbər Salahzadə 1962-ci ildə yazdığı “Boy” adlı şeirində boyunun balaca olmasından gileylənsə də, yaşıdları ilə müqayisədə ədəbi yaradıcılıq yolunda tez “boy atmışdı”, 1968-ci ildə “Beş yarpaq” adlı ilk kitabı çap olunmuşdu. Özü də bu kitab o vaxtlar “Gənc şairin ilk kitabı” seriyasından çap olunan digər kitabların hamısından fərqlənirdi, daha “hündürboylu” idi...

Kitabın annotasiyasında yazılırdı: “Ələkbər Salahzadənin bu ilk kitabında həmişə axtarışda olan bir gənc şairin nikbin səsi vardır.

Fikrin bütün genişliyi ilə düşünən, yeniliyin, aktuallığın üzünə hər vaxt cəsarətlə baxan sovet poeziyası Ələkbər üçün tükənməz bir xəzinədir. Gənc şair bu xəzinəyə bir seyrçi kimi baxmır, varis kimi baxır, ondan öyrənir. Doğrudur, Ə.Salahzadə bəzən sevdiyi şairlərin təsiri altına düşür; məsələn, onun “Voleybol” şeirində V.Mayakovskinin, “Əl” şeirində isə A.Voznesenskinin təsiri duyulur. Bununla belə, kitaba daxil edilmiş şeirlər dövrün nəbzini tutmağa çalışan gənc şairin öz düşünclərinin məhsuludur.

Nəşriyyatımız ümid edir ki, özünün bundan sonrakı axtarışları ilə Ə.Salahzadə şeirin daha geniş yoluna çıxacaq, qaynar sovet həyatımızın nəbzini daha yaxşı tutmağa çalışacaqdır”.

Zaman keçdikcə Ələkbər Salahzadə bu ümidləri doğrultdu. Onun “Beş yarpaq” kitabından sonra şairin bir-birinin ardınca “Od heykəli” (1970), “Gözlər baxır dünyaya” (1979), “Xatirə çiçəyi” (1982), “Yerimiz bir, göyümüz bir” (1986), “Od odası” (1989) və sair şeir kitabları çap olundu. Bu kitablarda gedən şeirlər və poemalar öz orijinallığı, bənzərsizliyi ilə diqqəti cəlb edirdi.

Ələkbər Salahzadə ömrünün son illərində uşaq ədəbiyyatı ilə ciddi şəkildə məşğul olmağa başladı. “Beşik” nəşriyyatı bir-birinin ardınca onun “İtən karandaşların nağılı”, “Alma gəmirən qurdun nağılı”, “Oxatan kirpinin nağılı”, “Pələng olmaq istəyən pişik”, “Kim nəyə bənzəyir”, “Meşədən küsən ayı”, “Taladakı tənha ağacın nağılı”, “Dost axtaran çəpişin nağılı”, “Dağa çıxan bağanın nağılı”, “Lovğa xoruz”, “Ayının sualı”,  “Qobustan”  kitablarını nəfis tərtibatla nəşr elədi. Bu kitabların yazılmasında da, nəşrində də tanınmış yazıçı İsmayıl Qarayevin oğlu Qoşqar Qarayevin əməyini də xüsusi dəyərləndirməyi, xatırlatmağı lazım bilirik. Kaş indi də öz manfeyindən çox gələcək nəslin milli dəyərlər ruhunda tərbiyəsinə önəm verən, istedadlı yazıçıları yazıb-yaratmağa həvəsləndirən belə naşirlərimiz olaydı... Onlar unutmayaydılar ki, ömür əbədi deyil, Ələkbər Salahzadə demişkən:

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.
Bir də gördün oğuldu adım,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.
Bir də gördün oddu adam,
bir də gördün ot oldu.
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu

Ələkbər ədəbiyyata həvəskar kimi yox, peşəkar kimi gəlirdi ki, bu da onun ali filoloji təhsili ilə birbaşa əlaqəli idi. Elə bil ki, o, ədəbiyyata doğulduğu kənddən yox, oxuyub-öyrəndiyi şairlərin əsərlərindən, ədəbiyyatdan gəlirdi. Təkcə bədii forma yox, mövzular da ədəbiyyatdan gəlmə idi. Qlobal problemlərin bədii əksi ön planda idi. O, kosmodromdan, Aydan, Marsdan, yer kürəsindən, qitələrdən, okeanlardan, dənizlərdən, Xrosimadan, Afrikadan, Vyetnamdan, Promoteydən, Edisondan, Rafaeldən, Nerondan, Eysebiodan, Lermontovdan, Petefidən, İrji Volkerdən, Yesenindən, Mayakovskidən, Lorkadan, Pablo Nerudadan yazır, elə bil ki, ədəbiyyata, sənətə onların prizmasından baxmağa çalışırdı. Bu dünyaviliyə arabir millilik çaları da qatılırdı, Füzulinin, Sarı Aşığın, Müşfiqin, Cəfər Cabbarlının, Niyazinin, Səttar Bəhlulzadənin, Qara Qarayevin, Bülbülün adı da çəkilirdi arabir. Millilik, azərbaycançılıq, türkçülük ümumi dünyadan, ümumi fəsillərdən, ümumi dağlardan söhbət açan şairin şeirlərinin zahiri yox, daxili qatında idi.

Bir vaxt beynəlmiləl mövzularda əsərlər yazan şair ömrünün ixtiyar çağında dərk elədi ki:

Yaxını sınadıq, dostu tanıdıq,
sözüm, kimimiz var Vətəndən ayrı?
Yenə öz odumuz, öz ocağımız,
közüm, kimimiz var Vətəndən ayrı?


İtməz vaxt içində yaxın uzağım,
Midiya sorağım, Qəbələ çağım...
O taylı-bu taylı təkmisən, dağım,
düzüm, kimimiz var Vətəndən ayrı?

Çayım, dənizin var, qayan var, daşım,
qüllə zirvələrdə çatılan qaşım.
Şahdağda taxtamı çıxmısan, qışım,
yazım, kimimiz var Vətəndən ayrı?

Naxçıvan nağıldan çıxa qarşına!
Tikil Qarabağın hər qarışına!
Yumulma bu yurdun bir qırışına,
Gözüm, kimimiz var Vətəndən ayrı?

Yaxınım, uzağa niyə yollanım,
yapma saqqalımı özüm yolanım...
Dünyanın yiyəsi çıxar yalanım,
düzüm, kimimiz var Vətəndən ayrı?

Zərdüşt məşəlimiz, Babək odumuz,
Nizami, Füzuli ulu adımız!
Cavanşir, Xətai qol-qanadımız,
Nəsimi zirvəmiz, Sabir qatımız...
bizim kimimiz var Vətəndən ayrı?

Ələkbər Salahzadənin şeirlərinin yazılma, çap olunma xronologiyasını izləyəndə belə bir qənatə gəlmişik ki, onun yaradıcılıq yolunda başqa şairlərdə olduğu kimi, ilkinlikdən peşəkarlığa yüksəlmədən çox peşəkarlıqdan ilkinliyə qayıtma meyli daha qabarıq nəzərə çarpır. Özü də şair ilkinliyə, uşaqlıq illərinin keçdiyi məkana, folklor mühitinə naşı, əli hələ təzə qələm tutan gənc şairin yox, peşəkar bir yaradıcı insanın gözü ilə baxmağı bacarır. Bədii dəyərləndirmənin bu prizmadan aparılması onun şeirlərində aydınca sezilir. Peşəkarlıqla ömrün ilkinlik çağının, yaddaşa hopan xatirələrin sintezi qəribə poetik assosiasiyalar yaradır.

1941-ci ildə doğulub, “dava havasında yaşa dolan” Ələkbər Salahzadə ömrü boyu dünyanın düzəlməyini gözlədi, ancaq özü demişkən, ömrünün sonunda belə o günü görə bilmədi:

Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi...
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..

Ə.Salahzadə bənzərsiz bənzətmələri ilə diqqəti cəlb edib həmişə. Məslən, Niyaziyə həsr elədiyi şeirdə onun əlindəki dirijor çubuğunu Koroğlunun qılıncına bənzətməsi mənalıdır:

Şimşək kimi
sıyrılır
bir alqışdan
Koroğlunun qılıncı!
Bir ürəyin qanından,
bir əlin torpağından
qalxır
titrək bir çubuq -
dirijor çubuğu.
Bir insan rişə-rişə,
bir insan əsəb-əsəb,
bir insan dalğa-dalğa
axır çubuğa;
yaşamağa başlayır çubuq!

Yaxud,  “Müşfiq” şeirində Müşfiqi “qan içində çabalayan üfüq”ə, “adından od şaxələnən misra-misra şəfəq”ə, “səhralığa tuş gələn çay”a, “gərildikcə qırılan yay”a və s. bənzədir. Şairin “Qan” adlı bir şeiri var, 20 yanvar hadisələrinə həsr olunub. Ancaq tamamilə fərqli yanaşma, fərqli mənalandırma var bu şeirdə.

Vətən oğul deyəndə
onlar düşəcək yada.
Mən ölmədim,
sən ölmədin,
onlar öldü.
Bəlkə bəxt
onların üzünə güldü?
Necə gəldi o gecə!
O gecə o gün gəldi.
Vətənin damarına
onların qanı uyğun gəldi!..

Ə.Salahzadənin müxtəlif mövzulu şeirlərindəki “tənginəfəs gecə”, “günəş lampalı ev”, “Sünbül saçlı tarla”, “Duman çalmalı dağlar”, “Mürgülü tablolar”, “Dipdiri, dumduru bir söz”, “misra daşqını”, “Əli-qolu sarıqlı yol”, “Çiçəkli yuxular”, “Yaralı qaban gecə”, “Çörək ətirli tüstü”, “Bomboz qəzəb”, “Heysiz gecə” və sair bu kimi poetik siqlətli epitetlər poetik ovqatın ümumi mənzərəni tamamlayan, cilalayan bədii vasitələr kimi maraq doğurur.

Şairin şeirlərində maraqlı bənzətmələr də az deyil. Məsələn: “Meşəyə əli baltalı canavar girsə, maral kimi buynuz-buynuza verən ağaclar maral tək yerindən qopub qaça bilməyəcək” (“Adsız şeir”) misraları təşbehdirsə, “Qalxdı, xeyli qalxdı, yazın, yayın yedəyində, ağaclar yorulub qaldı bir dağın ətəyində” (“Xınalıq yolunda ağaclar”) misraları metaforadırsa, “Qaranlığı yırtıb sahilə çıxırdı qayıq” misrası metonimiyadır.

Ə.Salahzadə ümumiyyətlə dilin incəliklərindən, onun məcazi məna qatlarından məharətlə istifadə etməyi bacaran şairlərimizdəndir.

Ələkbər Salahzadənin şeirlərində maraqlı peyzajlar yaradılmışdır. Onun şeirlərindəki təbiət mənzərələri canlıdır, görümlüdür, sirayətedicidir. Bu tipli şeirlərdə təsvirdən, tərənnümdən çox bədii mənalandırma ön planda dayanır. Məsələn: “Yayın tərkində qızıl payızın yarpaq-yarpaq yellənməsi” (“Pirismayıl yaylağı); “Axşamın yelpik-yelpik bir əlinin qovağın saçında gəlməsi”, “Bir neçə iri ulduzun xoruzlana-xoruzlana axşamın hündür qülləsinə qalxması”, “Qaranlığın quyruğunu qısıb qaçması, ay doğanda işıqlarının qaranlığı biçən qayçı”ya bənzəməsi (“Kənd axşamı”) və s.  poetik biçimli peyzaj cizgiləridi. Bu cür bədii mənalandırma vasitəsilə yaradılan lövhələr Ələkbər Salahzadənin digər mövzulu şeirləri üçün də səciyyəvidir.

Onun şeirlərində predmet, dağ, kənd, çay və sair bədii söz vasitəsilə obrazlaşdırılır. Bu baxımdan “Qarışqalar”, “Günəbaxan”, “Okean gəmisi”, “Təkə”, “Qaşqa öküz”, “Duman”, “Külək yallı il”, “Yuyunmaq istəyən dəniz”, “Yol üstə bir palıd”, “Ot”, “Qəbələ”, “Yerə baxan ulduzlar” və s. şeirlər bədii təhlilə zəngin material verir.

Şairin şeirlərində yazın (“Yazqabağı”, “Yaz yağışı”, “Yaz yallısı”), yayın (“Yay”, “Yaylaq səhəri”, “Yayın cırhacırında”), payızın (“Payız çağı”, “Payız”, “Payız tablosu”), qışın (“Qar”, “O qar”, “Kirşələr”) maraqlı, şablonlardan uzaq cizgilərlə təsviri səciyyəvidir.

Ələkbər Salahzadə səciyyəvi cizgilərlə bədii portret yaratmağı bacaran şairlərimizdəndir. Bu baxımdan onun “Səttar Bəhlulzadə”, “Promotey”, “Niyazi”, “Cəfər Cabbarlı”, “Bülbül”, “Tank” (Həzi Aslanova həsr olunub) qəhrəmanların zahiri görünüşləri ilə daxili dünyalarını vəhdətdə verilməsi bədii portretin mükəmməlliyinə zəmin yaradıb. “Dağda gördüyüm oğlan”, “Umudun oğlanları” şeirlərində uşaqların, “Təsbeh”, “Qoca” şeirində isə yaşlı insanların bir-birindən fərqlənən maraqlı bədii portretləri diqqəti cəlb edir. “Qaşqa öküz” şeirində öküzün sahibinin portreti ikicə misra ilə göz önündə canlanır:

Papağı ot tayasıdır,

Tüstülənir qəlyanı da.

Şairin demək olar ki, bütün əsərlərinə özünün də portretinin müəyyən cizgiləri bu və ya digər şəkildə səpələnmişdir. Bu əsərlərin hamısını oxuyandan sonra istər-istəməz onun ədəbi portreti gözümüz önündə dolğunlaşır.

Bu axşam mən qəribəm;
qəribədən qəribə.
Səhər sanki Şərqdə idim,
indi də üzü Qərbə.
Sozalmışam, saralmışam,
bənzəyirəm qüruba.
Bir obayam - yazı solmuş,
payıza qərq bir oba.
Xəyalları sınıq, qırıq,
İçimdə bir xaraba.
Atları atıb getmiş
arabayam, araba.
Bu axşam - həm qəribəm,
həm də bir az qəribə;
Səhər üzü gündoğana,
axşam isə qüruba...

Ə.Salahzadə modern şeirin yaradıcılarından olsa da, onun yazılarında folklor motivləri aydınca sezilir. Folklor ruhu onun şeirlərinin daxili qatındadır. Ancaq ilk nəzərdə gözə çarpan xalq ifadələrindən də şairin istifadə eləməsi təsadüfi səciyyə daşımır. Onun şeirlərinin, poemalarının ruhunda bir nağıl ovqatı var. “Allahın qarı, yağışı” şeirini şair nağıl adlandırır. “Qız qalası”, “Nənəm haqqında nağıllar”, “Sünbül əfsanəsi”, “Qızıl xoruzun nağılı”, “Çay əfsanəsi”, “Ulduz əfsanəsi”, “Dağ əfsanəsi”, “Ağac nağılı”, “Könlü balıq istəyən”, “Dəmirağac əfsanəsi”, “Əllərin nağılı”, “Nağıl”, “Saqqallı uşaqların nağılı” və s. kimi şeirlərin həm zahiri, həm də daxili qatında bir folklor əhvali-ruhiyyəsi var, xalq düşüncə tərzinin közərtiləri görünməkdədir.

“Dəmir verib, mis istəyib, Üz verib astar istəyib”; “Cin atına mindirirlər yazıq Alı dayını”, “Qa deməmiş qu gələcək” və sair bu kimi xalq deyimlərindən yeri gəldikcə istifadə Ələkbərin ədəbi üslubunun folklor mühitində formalaşmasından xəbər verən cizgilər kimi diqqəti cəlb edir.

Bədii mənalandırma Ə.Salahzadənin fərdi yaradıcılıq üslubunun əsas cizgilərindəndir:

Buludsuz göyü göy bilmə,

yüz boyanın fırçasıdı.

Soyuq deyib ögey bilmə,

Yurdun uçan parçasıdı. (“Bulud”)

Onun ayrı-ayrı vaxtlarda yazdığı şeirlərdəki maraqlı ifadələr, obrazlı deyimlər ulduzlar kimi sayrışır, şeirlərin, poemaların cazibədarlığını artıran vasitəyə çevrilir. Məsələn: “Ayağı yalın olsam, lap geyərəm yolları”, “Gərək olan arzuma bürüyərəm yolları” (“Yollar çıxsın qarşıma”); “Kəndimizə bağlandığım cığırları qırıb, qaçıb yüyürmüşəm şəhərə”, “Mən də şeh əvəzi batırıram ayaqlarımı şehli ot əvəzi küçələrin sükutuna” (“Adsız şeir”); “Qanadlara qondu axşam, yordu-yordu quşları. Yarpaqlara qondu axşam silkələyin ağacları” (“Axşam”); “Qələmimin ucundan süzülüb söz-söz, misra-misra yağır varaq səhralara, düşür beyinlərə, səpilir yaşadığım bu günlərə” (“Payız çağı”); “Böyüyürük, oyuncaqlar əlimizdən can qurtarır”, “Saçımızdan buxarlanır o sığallar, oxşamalar” (“Böyüyürük, böyüyürük”); “Masüstü çıraq kimi əyilmişəm dünyanın üzərinə” (“Adsız şeir”); “Qızılı bir yuxudur payız, yuxulu bir nağıldı payız” (“Payız”); “Ot çalınır, otçalanlar bir orkestr, bir havanı tutub gedir. Bir çiçəyin harayını bir vıyıltı udub gedir”, “Elə bil qu nəğməsini oxuyur ot. Günəş göydən dəryazları oxa tutur. Yanıq otlar sırasında itib gedən kol-kosu yuxu tutur” (“Otçalanlar”)... Ələkbər Salahzadənin şeirlərində, poemalarında bu tipli misralar, obrazlı deyimlər o qədərdi ki...

Ələkbər Salahzadənin poemaları onun yaradıcılıq bioqrafiyasında mühüm yer tutan əsərlərdir. “Fevral 1966”, “Nağıl”, “Qayaların xatirəsi”, “Kürə”, “Yeddi para kənd nağılı”, “Tarla”, “Göygöl”, “Fatma xalanın xalısı” əsərləri göstərir ki, Ə.Salahzadə ədəbiyyat tariximizdə zəngin ənənəsi olan janrının da maraqlı, bənzərsiz nümunələrini yarada bilmişdir. Bu əsərlər ənənəvi poemalardan fərqlənir və onların xüsusi tədqiqata ehtiyacı var. Struktur yeniliyindən əlavə, bu əsərlərdə də Ələkbər Salahzadənin bədii üslubu üçün səciyyəvi deyim tərzi, bənzətmələr aparıcı yer tutur.

Yaradıcılığa başladığı ilk gündən ömrünün sonuna qədər dövrün nəbzini tutmağa, istər folklordan, istər dünya, istərsə də klassik Azərbaycan poeziyasından bəhrələnməklə orijinal əsərlər yaratmağa çalışan Ələkbər Salahzadə öz istəyinə nail olmağı bacaran, ədəbiyyat tariximizdə özünəməxsus yeri olan şairimizdən biridir.

Həmişə özünü axtaran, zəngin bir yaradıcılıq yolu keçən şair  hələ 1967-ci ildə yazdığı “Yol” adlı şeirində “məndən cənubacan, qərbəcən, şimalacan, şərqəcən”, “məndən Ayacan, məndən Marsacan”, “məndən atamacan, məndən özüməcən, məndən sonumacan, məndən arzumacan nə qədər məsafə var” sualının cavabını axtarırdı. Ümid edirik ki, nəzəri hazırlıqlı, poetik duyumlu gənc tədqiqatçılar, gələcəyin ədəbiyyat tarixçiləri Ələkbər Salahzadənin bədii təhlilə zəngin material verən müxtəlif ədəbi janrlı əsərlərinə istinadən bu sualların dolğun elmi cavabını tapacaqlar.

Ruhu şad olsun əziz dostumuzun!

Rafiq Yusifoğlu,

Şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

29.10.2024