Əbülfət Mədətoğlu   yazdı  :  - Məni duyğulandıran Zəka

YAZARLAR 14:04 / 23.12.2024 Baxış sayı: 2806

Mənim üçün ruh adamları təkcə doğmam, dostum, əzizim deyil, bu, həm də güvəndiyim insandır. Yəqin ki, bunun nə demək olduğunun fərqindəsiniz. Ona görə də ruh doğmamı güvəndiyim insan sayıram ki, onunla həyatımı, düşüncələrimi, arzularımı, hətta bəzən sevgini də bölüşüb, müzakirə edib hansısa bir nəticəyə gələ bilirsən.

İndi barəsində daha bir yazını qələmə aldığım bu insanı Azərbaycanda, elə onun hüdudlarından kənarda da tanıyırlar, sevirlər, dəyərləndirirlər. Çünki o, həm mənəviyyat adamıdı, həm əxlaq adamıdı, həm mədəniyyət adamıdı, həm ruh adamıdı, həm də ən vacibi o, adam kimi ADAMDI !!! Bu, cizgiləri özündə təmsil edən və həm də qarşısındakına böyük ürək və sayqı ilə yönəldən həmin o adam kimi ADAMIN adı və soyadı Zəka Vilayətoğludur!

Yəqin ki, bu ad və soyad artıq hər şeyi sizə çatdırdı və siz də mənimlə razılaşdınız. Çünki onun səsi, onun ifası və onun yaradıcılığı özü o qədər daxili gücə, incə ruha və saf bir duyğuya söykənib ki, ondan yan keçmək mümkün deyil, çəkir adamı özünə və günlərin bir günündə də məni çəkdi, məni öz səsinin, öz yaradıcılığının sehrində sadəcə susub dinləməyə, düşünməyə məcbur etdi. O gündən mən Zəka Vilayətoğlu dünyasının aurasındayam. Demək olar ki, hər gün onunla təmas qurur, sosial şəbəkədə paylaşdığı ifalarını, yaradıcılıq nümunələrini, günə olan sözünü diqqətimdən yayındırmıram. Çünki onun dediyi «Günün sözü» də mütləq nəyəsə işarədi, nəyisə silkələmək üçündü. Belə olan halda mən necə kənara çəkilə bilərəm. Bu, mümkünsüz bir haldır.

Səsini, ifasını dinlədiyim Zəkanın yaradıcılığı da mənə yaxşı məlumdur. Tez-tez mənə bağışladığı kitabları vərəqləyirəm. Bu gün səhər-səhər də kitab rəfimlə dil tapmağa çalışanda diqqətim çəkdi Zəkanın mənə verdiyi sonuncu kitabı. Bu kitab «50 ilin ZƏKASI» adlanır. Mən bu kitab barəsində isti-isti fikirlərimi bölüşmüşdüm. Amma görünür hələ çox üz tutacam bu kitaba. Necə ki, bu səhər yenə vərəqlədim. Kitabı açan kimi diqqətimi çəkən şeirin məna yükünə vardım. Elə bil duyğularımı cilaladı, elə bil könüldəki rahatsızlığıma bir həzin dua oxudu və mən də sehirləndim, barışdım onunla – yəni razılaşdım onun dediyi fikirlərlə. Zəka yazmışdı ki:

 

Sənə aparan yolun,

Bir yolçusu olmaqdan,

Sən tək gözəl ceyranın,

Bir ovçusu olmaqdan

Daha gözəl nə var ki?

 

Aşiqin yanar canı,

Ahı tutar dünyanı,

Yar bağının bağbanı,

Bir bağçısı olmaqdan,

Daha gözəl nə var ki?

 

Gedib ömrün yarısı,

Sovrulmaqda darısı,

Yar evinin xalısı,

Bir xalçası olmaqdan,

Daha gözəl nə var ki?

 

Zəka heyran o gülə,

Dönüb şuri-bülbülə,

Yar gözündə bir gilə,

Bir damcı su olmaqdan,

Daha gözəl nə var ki?

 

Yəqin siz də razılaşarsız ki, sevgi yeganə hisdir ki, yeganə duyğudur ki, ondan gözəl heç nə yoxdur. Hətta verdiyi əzab da, yaşatdığı həsrət də, ağrıtdığı ürək də, yuxusuz qoyduğu gözlər də onun gözəlliyi ilə razılaşır, barışır. Elə o gözəlliyin sehrində    həm də cilalanır sevgi. Ona görə də elə Zəkanın özü də öz dediyini təkrar təsdiqləyir, heyranlığını gizlətmir. Hətta fikirlərini davam etdirib təkrar-təkrar bizə xatırladır ki, təbiətin də  bütün gözəlliyini   sevmək və bu sevginin işığında isə  yuxunu qaçırdan, həyatını daha  da  gözəlləşdirən, mənalı edən sevginin pərvanəsi olmalısan. Məhz onda həmin sadaladığımız təbiətə, cəmiyyətə aid yaxşı nə varsa hamısı sənin sevgini daha da ucaldacaq, daha da möhtəşəm edəcəkdi.

Zəkanın bu kitabında yaşadığı  50 ilin müəyyən məqamları, yəni həm nəsr, həm poeziya nümunələri, həm də özü ilə bağlı yazılmış bəzi məqalələr yer alıbdır. Mən bunu ona görə diqqətə çatdırıram ki, oxucu kitabın adının niyə «50 ilin ZƏKASI» olduğunu fəhm edə bilsin. Zənnimcə həmin 50 ilin sözdə görüntülənən çalarları özü-özlüyündə bir mənəviyyat, bir sənət və söz adamının hansı zirvədə olduğunu, hansı ucalığı təqdim edə bildiyini özü açıb deyir. Yəni burda sözə nə yer, nə də ehtiyac qalmır.

Fikirlərimi Zəkanın «Duyğular» şeiri ilə yekunlaşdırmaq istəyirəm. Çünki həmin şeirdə mənim indi kağıza köçürtdüyüm fikirlərim müəyyən mənada özünü təsdiqləyir. Zəka yazır ki:

 

Gecə yuxusundan oyanıb səhər,

yuyur üz-gözünü yağış suyuyla.

 Baxıb pəncərədən seyr edirəm mən

yeni bir uğurlu gün arzusuyla!

 

Həyat çox maraqlı filmdir, film,

cavanlıq, qocalıq – ikicə bölüm.

Onsuz da son ucda gözləyir ölüm,

üzülmək nə lazım, xof, qorxusuyla?

 

Tanrı çox verəndə azı düşündüm,

oldum hər qismətdən razı, düşündüm.

Qışda üşüyəndə yazı düşündüm,

döyündü ürəyim, xoş duyğusuyla!

 

Bax, barəsində danışdığım, daha doğrusu, içimdə olanların bir qismini bölüşdüyüm Zəka Vilayətoğlu  Tanrının verdiyi ilə qane olmağı bacardığı kimi   - böyük ümidlər, böyük arzularla yaşamağı da, öz istəklərinə qovuşacağına inamı da özü üçün birmənalı şəkildə qəbul edir. Yəni o, bir ruh adamı olaraq bugünlə, sabahla çiyin-çiyinə addımladığı kimi dünəndən də üz çevirmir, ondan da qopub ayrılmır. Ondan götürdüyü, ondan qazandığı və ondan aldığı yaxşı, dəyərli, gərəkli və bir də həm də xatırladan nə varsa, hamısını bugünə də, sabaha da daşımağı bacarır. Ona görə də 50 ilin hər anı yaşanan, yaşadan və yaşadacaq ömür yolunun sözdə ifadəsidir, sözdə təsdiqini tapıb öz gücünü sabaha yönəldəndi. O yönəltmə həm də sabaha gedən yola düşən işıqdı. Hər zaman işıqlı yolda, Qardaşım!