Əlisəfa Azayev : - YAXŞI NÜMUNƏ

YAZARLAR 11:15 / 26.12.2024 Baxış sayı: 532

 

Xəlil İbrahimov o vaxtlar onlar üçün, nəinki bir müəllim, pedaqoq kimi, həm də təcrübəli, səriştəli  bir yazar kimi əsil mənada nümunə oldu! Hələ Mollakənd kənd orta məktəbində oxuduğu illərdə onun yazılarını rayon, respublika mətbuatı səhifələrində görəndə sevinər, şad halda bir-birlərinə məlumat verərdilər.

  • “Azərbaycan gəncləri” qəzetində Xəlil müəllimin yazısı dərc olunub.
  • “Komunnis” qəzetində də vardı.
  • “Təşviqatçı” jurnalında da dərc olunub.

“Sovet kəndi”, “İrəli” rayon qəzeti isə onun yazılarını daha çox dərc edərdi. Bu yazılarında – məqalə, oçerk, felyatonlarını Xəlil müəllim yaradıcı insanlardan ürəklə söhbət açar, əl-ayağa dolaşanlara da sözünü deyər, onları özünə xas bir dillə, yumorla, baməzəliklə də qamçılayardı.

Bəzən o yalanı özünə peşə etmiş şirin günah sahiblərindən söhbət açar, bəzən də ictimai bəlaya çevrilməkdə olan sevgidə cinayətkarlıq edənləri qamçılayardı. Hikkəli adamların hərəkətlərini eşşək arılarının sancmasına bənzədər, qəzəbi şeytan əməli adlandırardı.

Xəlil müəllim əsil söz, sənət adamı idi. Hər kəlməsində dərin məna vardı. Qəzəbi pis məsləhətçi adlandırar, əzabın dərmanının vaxt, zaman olduğunu deyərdi. Səhvi bağışlamaq onun üçün ən böyük mədəni intiqam idi. Yersiz vəd verməyi axmaq tələsi bilər, dedi-qoduya qulaq asanları uşaq ağlı adlandırardı.

Orta məktəbi qurtaranda, inşanı hamıdan əvvəl yazıb, sinifdən çıxsa da,  yekunda qiymət ala bilmədi. Bu onun üçün əsl dərd oldu. Sanki göydə uçan bir dəstə quşdan geri qalmış, qanadları sınmışdı. Yadında idi, o vaxt barama qurdu saxlayırdılar. Böyük bağa yarpaq tədarük etmək, yığmaq, gətirmək üçün getmişdi. Çəkil ağacının başında ağır düşüncələrə dalmış halda gözləri doldu... Öz-özünə necə də kövrəlib ağlayırdı...

Bu hisslər onu gecə-gündüz narahat etməyə başladı. Kitaba, yazı-pozuya bağlandı. Hətta atası təklikdə deyəndə ki, “gəl səni sürücülük məktəbinə aparım “Çornu-qoroda” – Qara şəhərə... Oranın məktəb direktorunu tanıyıram. Özüm də orada oxumuşam....”. Atasının xətrini nə qədər istəsə də, bu fikri ilə razılaşa bilmədi. O, hüquqşünas olmaq istəyirdi.

Taleyi isə onu başqa bir yola saldı. Əvvəl Şamaxı Pedaqoji məktəbində oxuyub, sinif müəllimi ixtisasına yiyələndi. Məktəbdə bir gün Əli müəllim onu öydü: “Ə, qərdeşim, bir il gec olaydı instituta gedə bilməzdin?!. Bura sənin yerin deyil axı...” Qrupda otuz nəfər tələbənin içində deyildi bu sözlər ona. Həm də bu sözlər onun kimliyini qabardan göstərici idi axı. Yaxşı mənada...

Pedməktəbdə də yazıdan zəifliyi özünü göstərdi. “Yaxşı” qiymət aldığı üçün fərqlənmə diplomu verməyə iki yüz manat təmənnasında oldular. Onda da dayısı Məhəmməd müəllim razılaşmadı. Beləcə, bir il Şüşün kənd 8-illik məktəbində müəllimlik edəndən sonra, hərbi xidmətə getdi. Saratov vilayətinin Şıxani qəsəbəsində idi.

Əvvəl rus dilindən çox çətinlik çəkdi. Həmin dili ciddi öyrənməyə başladı. Kiçik bir bloknot ayırmışdı. Qaranlıq qalan sözləri ora yazır, tərcüməsini öyrənməyə çalışırdı. Beləcə, heç altı ay keçmədi ki, hərbi hissədə fərqləndi. Yeni gələn həmyerlilərinə dərs keçməyi, onlara dil öyrətməyi ona tapşırdılar.

Hərbi xidmətdən qayıdandan sonra Ərəbxana kənd orta məktəbində müəllim işləməyə başladı. O vaxtlar onun əsgər şəkli yazıçı Əlfi Qasıovun “Uğur olsun, əsgər oğlan!” yazısı, “Xatirə” hekayəsi ilə birlikdə, “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdu. Sonra da bir-birinin ardınca “Müəllim kövrəldi”, “Görüş”, “Ərəb pulu” hekayələri “Azərbaycan müəllimi” qəzetində, “Övlad həsrəti”, “Ana qəlbi” hekayələri “Azərbaycan qadını” jurnalında, “Şirmayi bıcaq” hekayəsi “Ədəbiyyat və incəsənət” qəzeti səhifələrində çap olundu.

Yadında idi, arada bacısı Baxçagülü ADİ-yə qəbul olunmaq üçün imtahana aparmışdı. Orada təsadüfən Xəlil müəllimlə rastlaşıb, xeyli söhbət etdilər. Ona  elə gəlirdi ki, Xəlil müəllim vaxtında ona qiymət vermədiyinin sıxıntısının, peşmançılığını çəkir...

Bu anlar sanki ona üz tutub demək istəyirdi: “Xəlil müəllim, nahaq... Əksinə siz bu qiyməti verməklə, mənim yuxusuz gecələr keçirməyə məruz qoysanı da, böyük xeyirxahlıq etmiş oldunuz. Yaxşı deyirlər ki, yatmış ruhları, vicdanları oyatmaq özü bir savabdır. Siz mənim əsil mənada oyadaraq bu nadalıq girdabından çıxartdınız”. Yoxsa ADU-ya imtahan verəndə, “Səadət insanın öz əlindədir” mövzusunda inşa yazıb, 4/5 qiyməti alanda, müəllim belə heyranlıqla deməzdi: “Çox sağ ol, oğul!.. Deməli, 90 nəfər abuturiyent içərisində o yazını yazan sənsənmiş”. Demə, şifahi imtaha zamanı müəllim hamıdan bir-bir soruşub, həmin yazını yazanın kimliyini bilmək istəyirmiş.

Kürdəmir rayon XDS İcariyyə Komitəsinin təşkilat şöbə müdiri vəzifəsində işləyəndə Xəlil müəllimlə hərdən görüşürdü. Bir gün də 54 nömrəli Mollakənd seçki dairəsinin sədri oldu.  O vaxt da birinci katib demişdi ki, hansı idarə müdiri bizdən xəbərsiz protokola möhür vursa, biz deməmiş, rayondan çıxsın!

Doğrusu, əvvəl bu fikirdə olsa da, Böyükkişi Abdullayev həmin dairədən deputatlığa namizəd verildiyi üçün daha heç bir təşəbbüs göstərmədi. Vaxtında sədri olmuş, rəhbərliyi altında işləmişdi. Ancaq Bakıda, Ali Sovetdə olanda, həmin dairədən yeri bir namizədin veriləcəyini eşidəndə, hərəkətə keçdi. Bəlkə də o vaxt Vəfa Quluzadəni tanısaydı, bu oyuna girməzdi.

Bir gün otağında sakit halda əyləşmişdi. Axşamüstü idi. Qonşu Şüşün kəndindən olan, həmin kənddəki “8 Mart” koorperativinin sədri Veysəl kişi içəri girib, onunla salamlaşıb görüşəndən somra dedi:

- Ə, nə fikrə getmisən?!.Ləlüyün canı, gəl, mən sənin protokoluna möhür vuracağam. Onlar kimdi?!. Quldurlardı da!.. Dinəndə qayda-qanundan danışırlar. Belə də qadağa olar?!. Hökümət yoxdu?!.

Əslində də, elə o vaxt dövlət, hökümət yox kimi idi. Hər şey dağıntıya doğru gedir, rəhbərlər xaosdan, uçurumdan yayınmaq üçün hər şeyə gedirdilər....

Veysəl kişi gedəndən sonra Xəlil müəllimə zəng çalası oldu. O, sevincək halda hər şeylə razılaşdı. Doğrusu, o, şəxsən bunu gözləmirdi... Vədələşdilər... Səhər taksi maşını ilə Şüşün kəndinə “8 Mart” koorperativinə yola düşdülər.

Onlar ora çatanda axşamüstü idi. Adamın az olduğunu görüb, yığıncağın keçirilməsinə razılıq verməyəndə, Veysəl kişi dedi:

  • Ləlüyün canı, heç narahat olma. Bu dəqiqə adamları topladaram...

O, dərhal hər məhəlləyə adam göndərdi. Bir necə adam beləcə məhəllələrə tərəf yol aldı. Axı təlimata görə iki yüz adamın iştirakı təmin edilməli olsa da, qısa müddətdə burada xeyli kənd sakini toplaşdı. Onlar mehribanlıqla ona yaxınlaşıb, salamlaşır, ürəkdən gülümsəyir, gülür, deyirdilər:

  • Əlisəfa müəllim xoş gəlib!..
  • Bizim deputatımız elə sizsiniz!..
  • Başqasını tanımırıq, elə sizi seçəcəyik!..

Şüşü kənd camaatı belə işlərdə həmişə öncül olub! Onun Qaramahmudlu kəndindən cəmi iki nəfər gəlmişdi. Qardaşı Əlisa, dayısı oğlu Əflatun...

Sonralar zarafata salıb deyərdi: “Görürəm ki, qarağanlıqda  yovşanların arasında iki cüt göz parıldayır...”

Bəli, o vaxt partiya xofu, zəhmi hələ sərt, güclü idi! Bu qəzəbdən çoxları qorxur, ehtiyatlanır, icazə verilməyən tədbirlərə qoşulmurdular. Şüşü kənd camaatına isə... Əhsən onlara! O gün bir fəallıq göstərdilər ki... Onlar həmişə belə olublar. Beləcə, tezcə birləşməyi, bir olmağı bacarırdılar.

Həsənovlar ailəsi isə... Veysəl kimi onun atası Ağaveys kişi, anası Nübar xala, bacısı Zibeydə xanım çox üsyankar, sözlərini deyən adamlar idilər. Həm də xeyirxah, adama əl tutan...

Heç vaxt yadımdan çıxmır... Altmışıncı illərin əvvəlləri idi. Xuruşovun təsərrüfatları birləşdirilib-ayrılması kompaniyası vaxtı KTS dağılanda bir neçə üç təkərli becərmə maşınını Zərdab tərəfə aparırdılar. Onlardan birinin gənc sürücüsü naşılıq edən kimi olmuş, traktor yoldan kənara çıxaraq aşmışdı. Sürücünü maşının altından güclə çıxardıb kənarda uzandırdılar. Dünyasını dəyişmişdi.

Onun üstünə salmaq üçün dərhal Veysəlgilin evindən nar çiçəyi rənginə çalan təzə, bahalı bir örtük gətirmişdilər... O gündən də həmin ailə onun gözlərində ucaldı, başqa bir adam oldular.

Kəndlərində Pirməmməd taxta alıb gətirəndə OBAXS müfəttişi tutmuş, xeyli pul almış, taxtaları da aparmışdılar. Bunu eşidən Zibeydə xanım bir SOS – həyəcan siqnalı çaldırdı ki, verilən pul da sahibinə qaytarıldı, taxtaları da.

Bax, indi belə bir ailəni, onun sakinlərini necə öyməyəsən. Vaxtında, sovet hökümətinin pambıqla baş kəsdiyi vaxtlarda onların şikayət ərizələri Moskvanı, Kremli sirkələyirdi. Təzə kolxoz bazarının açılışı zamanı raykomun birinci katib  Bilal Mahmudov Nübar xanımı gətirtmək üçün xüsusi maşın göndərtmiş, qırmızı lenti kəsmək üçün qayçı vermişdi.

Xəlil müəllim müəllimlikdən, ictimai işlərdən əlavə, həm də gözəl qələm sahibi idi. Belə insanlardan, onların zəhmətkeşliyindəm, fədakarlıqlarından yazırdı. Bir dəfə onun haqqında “İrəli” rayon qəzetind yazı dərc etdirdi. Sabiq müəllimin əmək fəaliyyəti, işğuzarlığı həmişə onun üçün xoş idi. Onda gözəl duyğular yaradır, yaradıcılığa həvəsləndirirdi.

Hər dəfə yanına gələndə otaqda sakit halda əyləşib, ədəbiyyatdan, sənətdən söhbət etməyə başlayırdılar. Bir dəfə dedi:

  • Yazılarını, kitablarını oxuyuram.
  • Çox sağ olun, müəllim...
  • “Yeddi il sonra”hekayələr kitabınız xoşuma gəldi.

Sıxıla-sıxıla dilləndi:

  • Sizin zəhmətinizin bəhrəsidi də, ortalığa çıxardırıq...
  • “Çin qızılgülü!” kitabı daha oxunaqlı idi.
  • Hə... Orada bir az detektiv səpkili yazılara yol verilib.
  • Niyə... Bu janrda bacarırsan, daha çox yaz... Elə xoşum gəldi... “Gecəyarı sui-qəsd” povestlər kitabınla kifayət qədər dolğun əsər qoymusan ortalığa.
  • Hə... Yazıçı Əlibala Hacızadə rəy vermişdi ona – “Gecəyarı sui-qəsd” povestinə. Hətta onu görəndə öymüşdü: “Mən səni saqqallı-bığlı bir adam bilirdim, nə cavan adamsanmış...”

Onun oğlu Akif müəllimlə bir müddət əlaqəli işlədilər. Kürdəmir rayon XDS İcariyyə komitəsinin təşkilat şöbəsinin müdiri işləyəndə, o, Mollakənd kənd XDS icariyyə komitəsinin sədri idi.

Xəlil müəllimin övladları özü kimi işgüzar, elmə-sənətə bağlı oldular. Oğlu Coşqun neft mühəndisi olsa da, bədii ədəbiyyat həvəskarıdır. Necə kitabı çap olunub. Mollakənd onlar üçün artıq əziz, doğma bir məkandı. Akif müəllim necə ildi ki, həmin kənddəki orta məktəbin direktorudur. Hər işi ilə  atasının adını doğrultmağa, onun kimi yaxşı nümunə olmağa çalışır. Bəli, yaxşı deyirlər ki, deməklə, təkid etməklə deyil, şəxsi nümunə başqadır. Öyrətmək istəyirsənsə, ilk növbədə özün təşəbbüs göstər, bu sahədə başqalarına şəxsi nümunə ol.

Xəlil müəllim belə insan, müəllim, pedaqoq idi. Onun əlindən qələm düşməz, hər bir şagirdin yazı işini diqqətlə yoxlayıb, qiymətləndirərdi. Bax, belə yoxlamaların birində yazmışdı ona “2” qiymətini... Bəlkə də imkanı olsaydı indi o ikiyə möhtəşəm bir abidə qoyardı!

Onu silkələyən, vicdan hissini daha da oyadan, yorulmaz, çalışqan edən, yuxu üzünə həsrət qoyan qiymət!.. İndi də o qiymətdən görəndə diksinən kimi olsa da, Xəlil müəllimə minnətdar idi! Bəlkə də çoxları kimi ona da tramvay altında əzilib qalmış kimi bir “3” qiyməti yazıb yola sala bilərdi. Ancaq o, onun oxumasını, həyata adam kimi daha yaxşı, hazırlıqlı, savadlı atılmasını istədi!

Minnətdardı belə müəllimlərə! Qoy onun ruhu şad olsun ki, indi onun şagirdi qırx kitab müəllifidi, aspirantura təhili var.  Ədliyyənin fəxri işçisi kimi oranın yüksək mükafatına – Ədliyyə Döş nişanına layiq görülüb.  Yazıçılar Birliyinin və PEN Klubun İsmayıl bəy Qurtqaşınlı mükafatını alıb. Kitablarının ümumi tirajı 100.000-dən çoxdur. 12 kitabı Dünya Elektron kitabxanasına daxil edilib. 22-si TÜRKSOY-un xətti ilə, 5-i ABŞ Konqres kitabxanası tərəfindən internetdə yayımlanır.

Respublikamızın kitabxanalarında isə o kitablar ən çox oxunan kitablar sırasındadır. Bu günlərdə o doğma ocaqda, bir vaxtlar təhsil aldığı Mollakənd kənd orta məktəbində olanda, onun kitabxanasına da hədiyyə etdi onlardan bir neçəsini.

“Kürdəmir şəhidləri” kitabı onun müəllifliyi ilə yazılıb. Rayonun yeganə Sovet İttifaqı Qəhrəmanı Məmiş Şahbaz oğlu Abdullayev barəsində yazdığı “Qürbət ellərdə” romanı da onun zəhmətinin məhsuludu. Qarabağ müharibəsindən bəhs edən “Əsgər anası”, “Qanlı gündəlik” povestləri, çoxsaylı hekayələr, povestlər, romanlar kitabları da var.

Rəhmət sizə, min rəhmət, Xəlil müəllim! Yunanlar kitabı nahaq yerə lal müəllim adlandırmırlar ki... Siz o timsallı olmasanız da, elə həqiqi mənada sanki lal müəllimi xatırladırsınız!Haysız-küysüz, öz işindən başqa heç bir dedi-qodu, kənar işlərlə məşğul olmayan, buna vaxtı, imkanı olmayan əsil Azərbaycan ziyalısı, sənət adamı idiniz!..

Bir də əsil mənada, əfsanəvi çırağa oxşayırdınız! Qədimdə kitabı belə adlandırmışlar axı... Bəli, siz bizim üçün əsil mənada işıqlı nur saçan bir əfsanəvi çıraq idiniz! Allah sizə qəni-qəni rəhmət eləsin, qəbrinizi nurla doldursun!Siz həqiqi mənada canlı kitab idiniz!.. Oxumağa  dəyərdiniz!