Bəhruz   Niftəliyev-QIZIM!

Ədəbiyyat 10:38 / 19.07.2025 Baxış sayı: 1318

Gözlərinə təslim olduğum,

Bağrıma sığınanım,

Baxışı sığınağım,

QIZIM!

Səsimin titrək yeri,

Ürəyin kövrək yeri,

Tanrıdan kömək yerim,

QIZIM!

Ruhuma qanadım,

Səninlə anladım,

Həyatı, həra anı,

QIZIM!

Saçımın bəyazı,

Acımın bənizi,

Gülüşü dənizim,

QIZIM!

Telində sığalım,

Yanında qocalım,

Sevginlə sağalım,

QIZIM!

Dərd eləmə ölümü,

Kürəyində əlimi,

Ürəyində qəlbimi,

Hiss elə, QIZIM!

Yollarmı çox uzun?

Yollarmı çox çətin?

İzlə izimi,

Addımla mətin.

Kölgənəm yenə,

Kölgənəm sənin!

18.07.2025

21;43

Marmaris