"Ağdam Baş plan əsasında bərpa olunur."- Tahir Rzayev, millət  vəkili

HÜQUQ 20:22 / 20.11.2025 Baxış sayı: 3986

20 noyabr 2020-ci ildə Azərbaycanın Ağdam rayonu düşmən işğalından azad edilib. 

Bu tarix xalqımız üçün qürur və şərəf günüdür.

Ağdamın azad edilməsi 44 günlük Vətən müharibəsinin mühüm nəticələrindən biridir. Bu qələbə Azərbaycanda böyük fərəh hissi doğurub və Azərbaycan Ordusunun gücünü göstərib.

Ağdamda həyata keçirilən tədbirlər göstərir ki, rayonun əvvəlki şöhrəti bərpa olunacaq. Hazırda Baş plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur ki, hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. 

Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olub.

Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 

2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3 318 nəfər öz doğma torpaqlarına köçürülüb. Ağdamın işğaldan azad edildiyi gün ziyalılarımız tərəfindən də tarixi bir gün kimi qiymətləndirilir. 

Millər vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, nəinki Ağdamın, torpaqlarımızın hər qarışının işğaldan azad olunması xalqımız, eləcə də Azərbaycanı sevən, dəstəkləyən insanlar üçün əvəzedilməz günlərdir: 

 

“Bu qələbə Azərbaycan Prezidentinin, Ali Baş Komandanın möhkəm iradəsinin, düşünülmüş siyasətinin, Ordumuzun gücünün və qüdrətinin, xalqımızın birliyinin bir nəticəsidir.

Artıq digər rayonlarımız kimi Ağdam da işğaldan azaddır və 20 noyabr Ağdamın işğaldan azad edildiyi gün kimi tarixləşib. Bu, 44 günlük müharibə ərzində qazanılan qələbənin bir təntənəsidir.

30 il işğal altında qalan torpaqlarımız, eləcə də Qarabağın ən gözəl güşələrindən biri olan Ağdamın azad olunması sözsüz ki, bu rayonun gələcək inkişafı üçün yeni zəmin yaratdı.

Bu gün Ağdam şəhəri yenidən qurulur, tikilir və abadlaşdırılır. Şəhərsalmanın çox dəyərli və müasir layihələri artıq bu rayonda tətbiq edilməkdədir və Ağdamın bir sıra kəndlərinə əhalinin köçürülməsinə başlanılıb. Şəhərin özünə də artıq insanlar köçürülür. 

Ağdam Qarabağda öz iqtisadiyyatı, mədəniyyəti və inkişafı ilə seçilən rayonlardan biri olub və uzun illər Azərbaycan iqtisadiyyatına, mədəniyyətinə öz mühüm töhfələrinə  verib. Bu gün də rayonun sakinləri bu əzmdədirlər və işğaldan sonra rayonda keçirilən çox mühüm tədbirlər, Azərbaycan Prezidentinin və hörmətli Mehriban xanım Əliyevanın bir neçə dəfə bu rayona səfər etmələri, rayonun kəndlərində olmaları, sakinlərlə görüşləri, verilən tapşırıqlar, ucaldılan binalar, tikilən məktəblər və digər obyektlər göstərir ki, Ağdam yenə də nəinki Qarabağın, regionun, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Bu, bizi qürurlandırır. Çünki uzun illər ağdamlılar müharibə dövründə ermənilərə qarşı ən ciddi mübarizə aparan və döyüş meydanında geri çəkilməyən insanlar olub, saysız-hesabsız qəhrəmanlar, igid oğullar veriblər. Onlar bu gün də rayonun bərpasında, tikintisində, quruculuğunda yaxından iştirak edir və öz köməklərini əsirgəmir. 

Hər bir insan öz yurd-yuvasına qayıtmağı və burada özünün xatirələrini yaşatmağı önəmli sayır və ağdamlılar da bu qəbildəndir. Bu gün Ağdamın işğaldan azad edilməsi gününün insanlar tərəfindən təntənəli sevinclə qeyd edilməsi təbiidir. Hər bir insan bu qələbədə əməyi, dəyəri olan insanlara öz minnətdarlığını bildirir.

Sözsüz ki, cənab İlham Əliyev Ali Baş Komandanımız, igid zabit və əsgərlərimiz döyüşlərdə qəhrəmanlıq göstərən insanlarımız ön sıradadır. Şəhidlərimizin ruhu yad edilir, qazilərimiz anılır, onlara sağlamlıq arzulanır və xalqımız öz bayramını böyük təntənə ilə qeyd edir. Buna sevinməliyik, qürurlanmalıyıq və gələcəyimizlə bağlı daha böyük uğurlar üçün əzmimizi əsirgəməməliyik”.