Əbülfət Mədətoğlu - BÖYÜDÜ
(Qızlarıma)
Pərvazlandı mən böyüdən çiçəklər
Özləri tək ocaqları böyüdü...
Övladları - bir-birindən göyçəklər -
Doğulduqca , qucaqları böyüdü!
Ümidlərim, arzularım şelləndi,
Dən tutduqca, sünbül - sünbül telləndi!..
Sevinc yaşı aşıb-daşıb selləndi -
Ev-ev artıb , bucaqları böyüdü!
"Ata" sözü özül oldu "Baba"-ya
Güvən verdi bir nəsilə, obaya!
Günlərimi kösöv etdim sobaya -
İsindikcə xoş çağları böyüdü!
Qəfil sındı. naşı əldə bir qələm
Ürəyimə hakim oldu dərd, ələm...
Sizin üçün bundan sonra yüz öləm -
Bir məzarın boş cağları böyüdü...