Aida Adıgözəl- Payızdır...

Ədəbiyyat 11:44 / 21.11.2025 Baxış sayı: 1037

Payızdır,

ayrılıq,

vida vaxtıdır,

demə ki yarpaqdır,

candan can qopur.

Sən hardan biləsən,

sarı donlu qız,

dözməyib

payızın buz soyuğuna

inciyib,

özünü ağacdan atır.

*********

Üzülməyən ümidlər

İstər ümidləri əllərimdən al,

dünyanın qapısın

üzümə bağla.

Mən bir yer tapacam

sənin çiynində,

deyəsən, - başın qoy,

doyunca ağla.

Mənim ümidlərim qurdla qiyamət,

mən səni sevmədim

kiçik savaşa.

Hər yoldan keçənə

qurban eyləyim,

hər əyri baxana

gözəl tamaşa.

Bax, hələ payızdır, əkilir ümid,

yazı gözləyirəm

yaşıl yarpaqlı.

Mən səbir daşıyam,

gözləyəcəyəm,

sızacam yenə də

könlünə sarı.