Sözün ölməzliyinə ehtiram

MƏDƏNİYYƏT 12:00 / 20.11.2025 Baxış sayı: 2281

 

 

Zaman keçsə də, böyük söz ustalarının qələmi solmur, onların fikirləri, obrazları, yaratdığı dünyalar illərin tozuna bürünmür. Bu il ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri - Məmmədhüseyn Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu yubiley sadəcə bir tarixi hadisə deyil, həm də Azərbaycan ədəbiyyatının yaddaşına bir sayğı, bir ehtiramdır.

Məmmədhüseyn Əliyev öz əsərləri ilə xalqının ruhunu, ağrı-acısını, sevincini, bütöv milli varlığını bədii dillə əks etdirən yazıçılardandır. Onun qələmindən çıxan hər bir sətirdə insana, vətənə və əməyə dərin sevgi duyulur. O, kəndin, torpağın, zəhmət adamının həyatını sadə, amma çox təsirli şəkildə qələmə alırdı. Əsərlərində xalqın nəfəsi, torpağın qoxusu, zamanın ruhu var.Yazıçının "Dağlar oğlu” romanı - Azərbaycan insanının dağlar kimi ucalığını bədii dillə əks etdirən bir dastandır.

Bu gün onun 100 illiyini qeyd edərkən, biz yalnız bir yazıçının yubileyini deyil, Azərbaycan söz sənətinin bir əsrlik yolunu, zəhmətin və humanizmin tərənnümünü də yad edirik. O, cəmiyyətin güzgüsü olan ədəbiyyata dürüstlük, sadəlik və vətənpərvərlik gətirdi. Yazıçının qəhrəmanları xalqdan idi, xalqın içindən idi və elə buna görə də oxucunun qəlbində əbədi yaşadı. Yazıçının əsərləri bütövlükdə yaşadığı mühitin tərcümeyi-halı idi.

Məmmədhüseyn Əliyevin əsərləri bu gün də oxunur, öyrənilir, çünki o, insanı öz mahiyyəti ilə təqdim edən yazıçı idi. O, oxucuya sadəcə bir hekayə yox, həyat dərsi, mənəvi güc və dərin düşüncə bəxş edirdi.

AYB və Lənkəran zona bölməsinin  təşkilatçılığı ilə Natəvan klubunda 23 oktyabr  2025-ci il tarixdəndə Natəvan klubunda yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi. Əvvəl yazıçı Məmmədhüseyn Əliyev haqqında rejissor-yazıçı Hafiz Mirzənin çəkdiyi sənədli film nümayiş etdirildi. Tədbirdə AYB-nin rəhbərliyini təmsil edən, şair-dramaturq,ədəbi tənqidçi  İlqar Fəhmi tədbiri açıq elan edərək AYB-nin sədri Anar Rzayevin təbrikini çatdırdı. Tanınmış şair-publisist Ağacəfər Həsənli tədbiri davam etdirərək sözü çıxış edənlərə verdi. AYB-nin katibi, görkəmli yazıçı, dramaturq İlqar Fəhmi tədbiri açaraq Məmmədhüseyn Əliyevin yaradıcılığı barədə giriş nitqi söylədi. Sonra ədəbi tənqidçi Əsəd Cahangir, AYB-nin Lənkəran zona  bölməsinin sədri Qafar Cəfərli, yazıçı Yaşar Rzayev, ehtiyatda olan polkovnik İbrahim Quliyev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı, şair Vaqif Bəhmənli, filologiya elmləri doktoru, şair Adil Cəmil, yazıçı-publisist Nurəddin Ədiloğlu, filologiya elmləri doktoru ədəbi tənqidçi Vaqif Yusifli, şair Ağamir Cavad, Əməkdar jurnalist İdris Şükürlü yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər.

Yubilyarın oğlu Ənvər Rüstəmov və qızı filologiya elmləri doktoru Sədaqət Əliyeva  çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdilər.

Tanınmış şair-dramaturq İlqar  Fəhminin moderatorluğu ilə keçən tədbirdə çöxsaylı çıxış edənlər yubilyarın həyat və yaradıcılığı barədə fikir və düşüncələrini bölüşdülər.

Yubilyarın həyat və yaradıcılığı barədə nəşr olunmuş monoqrafiya və əsərlərindən ibarət kitablar, habelə xüsusi buraxılış olan əsərləri tədbir iştirakçılarına hədiyyə edildi.

Yazıçı Məmmədhüseyn Əliyevin 100 illik yubileyi münasibətilə bir daha anlayırıq ki, söz ölmür, söz adamı da unudulmur. Məmmədhüseyn Əliyevin ömür yolu və yaradıcılığı Azərbaycan ədəbiyyatında bir işıq kimi yanır və bu işıq gələcək nəsillərə doğru yol göstərir.