Ayaz Arabaçı : - Bilməyək

Ədəbiyyat 08:30 / 07.01.2025 Baxış sayı: 417

Ola bilərmi ki, özümüzü biz,

Təzədən yoğurub-yapa bilməyək.

Və bir də adına ömür deyilən,

Bu atı doyunca çapa bilməyək.?.

 

Tamah zəhər olsun, mar bizi boğsun,

Verməsin pis arzu bar, bizi boğsun..

Harama uzansaq ar bizi boğsun,

Ayıbdı söyləyək, qapa bilməyək.

 

İnsanlıq hər kəsin mərəzi olsun,

Alçaq əməllərə qərəzi olsun,

Hamının ürəyi tərəzi olsun,

Heç cür ədalətdən sapa bilməyək.

 

Dinc olsun həmişə baş-qulağımız,

Çağlasın durmadan pul bulağımız,

Elə güclənsin ki, könül bağımız,

Elə güclənsin ki...qopa bilməyək.

 

Hərəsi bir cürə yolla girməsin,

Sağdan baş aldadıb solla girməsin,

Tanrıynan araya, molla girməsin,

Keşiş tanımayaq, papa bilməyək.

 

Qatıbdı başını min-min qan-qada,

Bəlkə də onunçün düşmürük yada,

Qorxuram gedəndə heç o dünyada,

Allahı salamat tapa bilməyək..