Ayaz Arabaçı : -

Ədəbiyyat 10:55 / 16.09.2024 Baxış sayı: 610

Sayəndə,qarışıb yenə də,sağ ol,

Məndə duyğuların,hisslərin seti.

Söysəm də hər dəfə özümə min yol,

Nə səni atıram,nə siqareti.

 

Dönürəm gecələr ilanvurmuşa,

İtir ilim-ilim yuxu gözümdən.

Özümü nə təhər döndərim quşa,

Bilmirəm nə təhər qaçım özümdən.

 

Elə hey uzanır dilimdə adın,

Yolların toz basmış hörüyü kimi.

Hər gecə sinəmi qalayır qadın,

Həsrətin dəmirçi körüyü kimi..

 

Daşır dayanmadan gözümdəki mey,

Heç gör bir saatlıq fasilə olur?

Hər gün bitməsini istədiyim şey,

Hər gün başlamağa vəsilə olur.

 

Sən də ölürsənmi dişin canında,

Sənin də damırmı könlünün damı.

Gedib xatirələr xiyabanında,

Nə qədər axtarar adam-adamı.

 

Hardasan bu çarxı hara döndərim,

İstidi,düşünmək əziyyət verir.

Qoy sənə bir gözəl öpüş göndərim.

Bax gör gül üzünə nə zinət verir..