134-cü Teatr Mövsümünün Bağlanış Mərasimi Keçirildi - LƏNKƏRANDA

Lənkəran Dövlət Dram Teatrında 134-cü Teatr Mövsümünün Bağlanış Mərasimi Keçirildi
Lənkəran Dövlət Dram Teatrında 134-cü teatr mövsümünün rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin açılışında teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova çıxış edərək, teatr kollektivinin mövsüm ərzindəki səhnə fəaliyyətini yüksək qiymətləndirdi. O, vurğuladı ki, teatr sənətinin ali missiyasına sadiq qalaraq bədii axtarışlarını davam etdirəcək, yeni tamaşalarla regionun mədəni həyatında fəal iştirakını sürdərəcək.
Ardınca söz Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, tanınmış yazıçı-dramaturq Qafar Cəfərliyə verildi. O, teatr kollektivini təbrik edərək bildirdi ki, Lənkəran səhnəsində nümayiş olunan əsərlər yalnız sənət hadisəsi deyil, eyni zamanda milli-mənəvi yaddaşın canlı daşıyıcısıdır. Dramaturq teatrın gələcək fəaliyyətində daha güclü və dərin məzmunlu dramaturji materiallarla işləməsinin vacibliyini xüsusi qeyd etdi.
Teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev isə öz çıxışında Lənkəran Dövlət Dram Teatrının 134-illik şərəfli tarixinə nəzər saldı. O, bu sənət ocağının təkcə teatr deyil, həm də mənəvi məktəb olduğunu vurğulayaraq, səhnənin insan tərbiyəsindəki rolunu xüsusi qeyd etdi. Aktyor sənətinin məsuliyyətindən danışan Xalq artisti səhnə həqiqətinin tamaşaçı qəlbində yaratdığı dərin təsirə toxunaraq teatrın gələcək nəsillər üçün nümunəvi bədii dəyərlər yaratmaq gücünə malik olduğunu bildirdi.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin qələmə aldığı “Şəhid Bayrağı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirildi. Vətən müharibəsi şəhidlərinə ithaf olunan bu səhnə əsəri Azərbaycan əsgərinin şücaətini, şəhid ailələrinin yaşadığı ağrılı gözləntiləri və xalqın sarsılmaz ruhunu emosional və təsirli bir dildə səhnəyə gətirdi.
Tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Emil Əsgərov, quruluşçu rəssam Tərlan Sadıqov
, musiqi tərtibatçısı Vüqar Fərəcov və rejissor assistenti Nuranə Nəcəfova daxil idi.
Səhnədə Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Aynur Əhmədova, Təranə Fərəcova, Miraslan Ağayev, Allahverən Babayev, Buludxan Buludov,Saleh Əzimzadə, Məleykə Cəfərova və Zeynal Məmmədli obrazlarını yüksək peşəkarlıqla canlandıraraq tamaşaçıların alqışını qazandılar.



