Kəmalə Abiyeva Aydın Qızı - BİR KÖRPƏ YATIRDI
Ədəbiyyat
19:05 / 02.09.2026
Baxış sayı: 557
Gecə sükutunda bu təbiətin
Bir körpə yatırdı ana səsində.
Sığınıb qoynuna ilk məhəbbətin
yatırdı bir eşqin təntənəsində.
Bir körpə yatırdı ana gözündə
Yerüzü ən şirin yuxu görürdü.
Yuxulu gözləri göyün üzündə
Yuxu nağılında torpaq gülürdü.
Bir körpə yatırdı, durub səmadan
Kövrək bir həsədlə ay boylanırdı,
Ana laylasında uyuyub hər yan
Məsumluq içində xumarlanırdı.
Bir körpə yatırdı...Bütün kainat
ən ülvü,müqəddəs yuxu görürdü.
bir körpə yatırdı arxayın, rahat
Çünki keşiyində ana dururdu.